Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    yap loqo 2Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Bu partiyanın yaradılması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
    1991-ci ildə SSRİ-nin dağılmasından sonra digər müttəfiq respublikalar kimi Azərbaycan da öz müstəqilliyini elan etdi. Ancaq digər respublikalardan fərqli olaraq Azərbaycan üçün bu müstəqillik çox böyük qanlar bahasına başa gəldi. Azərbaycanda baş vermiş 20 Yanvar faciəsi, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizdə olduqca gərgin bir situasiya yaratmışdı. Bu vəziyyətdə Azərbaycan xalqı ardıcıl zərbələr alırdı. Xocalı soyqırımı, Dağlıq Qarabağda gedən qanlı savaş, bütün bunlarla paralel olaraq o zaman hakimiyyətdə olan qüvvələrin və hakimiyyətə yiyələnməyə çalışanların kürsü savaşı ölkəni uçurumun kənarına gətirib çıxarmış, səriştəsiz, ba-carıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyini böyük zərbə altında qoymuşdular.
    Belə bir ağır durumda xalqımız üzünü yeganə ümid kimi Heydər Əliyevə çevirərək, onun hakimiyyətə gətirilməsi üçün böyük bir hərəkata başlamışdı. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar ölkədə yaranan siyasi gərginliyin, iqtisadi geriləmələrin aradan qaldırılmasını, xalqın xilası yollarını Heydər Əliyevin hakimiyyətə gətirilməsində görür və bunun vacibliyini başa düşürdülər.
    Həmin vaxtlarda Naxçıvanda yaşayan Ulu Öndər təbii ki, Naxçıvanla yanaşı Azərbaycanın da xilası yollarını axtarırdı. Heydər Əliyevin zəngin siyasi təcrübəsini, onun xalqına təmənnasız xidmətini qiymətləndirən bir qrup ziyalı və ictimaiyyət nümayəndələri ona müraciət edərək ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək siyasi partiya yaradıb, onun rəhbəri olmasını xahiş etdilər. Beləliklə, Heydər Əliyev dühası və şəxsiyyəti ətrafında birləşməyə qərar verən insanların iştirakı ilə qədim Naxçıvan torpağında Yeni Azərbaycan Partiyası yaradıldı. Bu partiyanın yaranması xalqın öz taleyini bu siyasi təşkilatla bağlaması ilə nəticələndi.
    Bu gün təkcə ölkənin deyil, regionun aparıcı siyasi qüvvəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının sıralarında 660 mindən artıq cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri vardır.
    Bu partiyanın yaradılmasından 23 il vaxt keçir. Bu dövrdə Azərbaycan böyük bir yol keçmişdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən uğurla və sürətlə davam etdirilir. Son 23 il ərzində möhtəşəm siyasi uğurlara imza atılmışdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü təmsil olunduqları partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində və inamındadır.
    Xüsusi vurğulanmalıdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının tarixinə qələbələr partiyası kimi də daxil olmuşdur. 1992-ci ildə yaradıldıqdan cəmi 6 ay sonra hakimiyyətə gələn YAP xalqın ümumi dəstəyini alaraq bu günə qədər hakim partiya olmaqda davam edir. Prezident, Parlament, Bələdiyyə seçkilərində hər zaman qələbələr qazanan YAP daim cəmiyyət tərəfindən dəstəklənib.
    YAP-ın keçdiyi 23 illik uğurlu yol onun regionlarda fəaliyyət göstərən rayon, şəhər, kənd və qəsəbə ərazi ilk partiya təşkilatlarının da partiyanın Proqram və Nizamnaməsinin tələbləri çərçivəsində fəaliyyətlərini gücləndirmişdir. Partiyanın yerli təşkilatları Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsinin əbədiliyinin təmin olunması istiqamətində davamlı iş görürlər.
    Bu mənada YAP-ın digər rayon təşkilatları kimi Tərtər Rayon Təşkilatı da yarandığı gündən partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutaraq ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasında və mədəni həyatda öncül cərgədədir.
    Bu gün YAP Tərtər Rayon Təşkilatı öz sıralarında 5723 nəfər partiya üzvünü birləşdirir ki, onlardan da 3003 nəfəri qadın, 1483 nəfəri isə gənclərdir. Rayon təşkilatı, onun ərazi ilk partiya təşkilatları daim rayonumuzun ictimai-siyasi həyatında fəallıq göstərirlər. Bu gün elə bir idarə, müəssisə, təşkilat yoxdur ki, orada YAP-ın ilk təşkilatı fəaliyyətdə olmasın. Partiyamız öz çiyninə götürdüyü taleyüklü bir vəzifəni–hakim partiya olmaq vəzifəsini daşıyır.
    Keçdiyimiz 23 illik bir dövr sübut etmişdir ki, Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bu günədək öhdəsinə götürdüyü tarixi missiyasını şərəflə yerinə yetirməkdədir və partiyamız hələ uzun illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətini və xalqını firəvan həyata, xoş gələcəyə doğru aparmaqda davam edəcəkdir. Hər zaman olduğu kimi gələcək illərdə də partiyamız Nizamnaməsindən və prinsiplərindən irəli gələrək, cəmiyyəti vahid amal ətrafında birləşdirməklə, səfərbər etməklə, üzərinə götürdüyü tarixi məsuliyyəti layiqincə yerinə yetirəcək.

    Kamil Məmmədov,
    YAP Tərtər Rayon Təşkilatı
    Aparatının rəhbəri

    Müəllif: Redaktor, 10:23

    Teqlər:

İsmarıclar bağlıdır.