Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

    Bir zamanlar hüsnü-camalı ilə hər kəsi valeh edən, yağı düşmənin hücumlarına mərd, mətin dayanan, ermənilərin raketlərindən və mərmilərindən bağrı paramparça olan Tərtərim!
    Çox yaxın ötüb-keçən vaxtlarda gözəlliyindən, göz oxşayan əsrarəngiz görkəmindən, yaraşıqlı binalarından, bağbağçandan yazmışdım. Bu gün isə oğlu şəhid olmuş ana kimi məğrurluğundan, şikəst olmuş oğullar kimi qürurundan, şücaətindən söz açacam, mənim igid, qəhraman Tərtərim!
    Nankor, mənfur qonşunun ucbatından başın nələr çəkmişdi?
    Atılan mərmilər bağrını alqan etdi, hər an başının üstünü təhlükə aldı qucağındakı sakinlərin kimi. Köksün raket, top mərmilərindən dağıldı, deşik-deşik oldu. Lakin qamətin əyilmədi. Qəhrəman oğulların şəhid oldu, yarımcan qaldı, amma torpağından bir qarış belə yağı düşmənə vermədi. Çalçağırın susdu, insanlarının üzünün gülüşü azaldı, amma məğrurluğu, inamı pozulmadı. Parçalanmış köksünü sağaltmağa çalışdın, mənim dəyanətli Tərtərim! Sakinlərinin min bir əziyyətlə tikib başa gətirdiyi yurd-yuvaları dağılıb tarimar oldu. Lakin dövlətə və dövlətçiliyə, Ali Baş Komandana güvənin azalmadı. Səni heç kəs tərk etmədi. Amma tək-tənha qalmadın, mənim müdrik Tərtərim! Yağı tağdağından əsir torpaqlarımız azad olunduqca sən də, igid sakinlərin də hamı kimi servindi, zəfər müjdəsinə qoşuldu, mənim nikbin, mətin Tərtərim!
    Xalqımızın düşmənlə 44 günlük savaşında qəhrəman kimi dayanaraq, mənfurların yolunu kəsərək ərazinə yad addımların dəyməsini qoymadın. Sən düşmənə göz dağı oldun. Arzusunu ürəyində qoydun düşmənin. Üstəlik igid oğulların şücaəti sayəsində Talışa, Suqovuşana yol açdın. Quruyan sularımız gəldi. Susuzluqdan saralan ormanlarımız bu Bahar göyərəcək, susuz çöllərimiz cana gələcək, Qorqud timsallı Tərtərim!
    Zaman-zaman mənfur hayların xəyanətindən dəfələrlə başın bəlalar çəkdi. 44 günlük müharibədə də qala kimi dayandın. 40 hərbi, 17 mülki şəhid verdin, onlarla oğulların yaralanaraq qazi adı qazandı, xeyli sayda yaşayış evlərin, inzibati binaların dağıldı. İnfrastruktur dağıldı, şəhərinin, kəndinin görkəmi dəyişdi.
    Bu gün öz dəyanətin, mərdliyinlə nümunə olacaq bir məkansan mənim doğma Tərtərim! Artıq müharibədən 3 aydan çox vaxt keçməsinə baxmayaraq parçalanmş sinənə məlhəm qoyulur. Hər tərəfdə yenidənqurma və bərpa işləri başlanıb. Uçulub dağılmış evlər, yollar yenidən tikilir. İnsanların çöhrəsində yavaş-yavaş təbəssüm görünməyə başlayıb, mənim nurüzlü insanlarıyla tanınan Tərtərim!
                                                                                                                              Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 08:08

İsmarıclar bağlıdır.