Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

                                                                                           CƏSUR DÖYÜŞCÜ

    Məlumdur ki, rayonumuz mənfur ermənilərlə 48 km təmas xəttində yerləşir . Hər an camaatımız erməni quldurlarının fitnə-fəsadları ilə üz-üzə qalırdı. 2020-ci il sentyabrın 27-sində ermənilərin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə başlanan müharibə bu murdarların əməllərinin son həddi oldu. Yağılar müzəffər ordumuz tərəfindən layiqli cavablarını aldılar. Lakin bu asanlıqla başa gəlmədi. Yüzlərlə zabit və əsgərlərimiz Vətən uğrunda canlarından keçirdilər, bir çoxu isə yarımcan oldular. Ayaqlarını qollarını, gözlərini itirərək əlil qaldılar. Onlar sağlamlıqlarının bərpası üçün aylarla xəstəxanalarda müalicə aldılar, həkim nəzarətində oldular. Ümidləri həkimə qalan ər oğullarımıza hər yerdə rast gəlinir. Belə oğullardan biri Quliyev Beyrək Asif oğludur.
    Beyrək rayonumuzun Hacıqərvənd kəndindəndir. Bu kənddə doğulub, burada da böyüyüb, boya-başa çatıb. Uşaq yaşlarında qonşu uşaqları ilə dava-dava oynayardılar sanki, düşmənimiz ermənilərə qarşı vuruşurdular. Yalançı taxta avtomatıyla düşmənləri məhv edərdi.
    Gün gəldi ki, həmyaşıdları kimi Beyrək də Vətən borcunu yerinə yetirməyə hərbi xidmətə yolandı. Əsgərliyi Sərhəd Xidmətində keçdi. Hərbi xidmət zamanı texnikanın sirlərinə yiyələndi. Torpaqlarımızın 20 faizinin işğal altında qalması, insanlarımızın yurd-yuvasından didərgin düşməsi başqa gənclərimiz kimi Beyrəyi də narahat edirdi. Hərbi xidmətini başa vurduqdan sonra orduya yazılmaq qərarına gəlsə də alınmırdı. Aprel hadisələrindən sonra qəti qərara gəlir ki, mütləq orduda müddətdən artıq xidmətə yazılmalıdır. Doğmaların təkidinə baxmayaraq, Ordumuzun tərkibinə yazıldı və qunbaraatan komandiri təyin olundu.
    Xidməti borcunu yerinə yetirən Beyrək daha da püxtələşdi, erməniləri torpaqlarımızdan qovmaq istəyi bir az da artdı. Hər an düşmən üzərinə hücum etməyə hazır oldu. Nəhayət, o gün gəldi ki, ölkə prezidenti, Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ermənilərin təxri-batlarına qarşı hücuma keçildi. Həmyerlimiz Beyrək Quliyev də Tərtərdə “N” saylı hərbi hissənin tərkibində döyüşə qatıldı. Qanlı müharibə gedirdi. Hər yandan od-alov yağırdı. Artıq qisasa qisas vaxtıydı. Hər kəs son gücünə kimi döyüşürdü. İki günüydü gedən qanlı döyüşdə xeyli irəli-ləyiş olmuşdu. Beyrəkgilin bölüyü də Suqovuşan istiqamətində döyüşürdü.
    Onun dediklərindən:
    –Sentyabrın 29-u ermənilərin “Alov” adlanan postunu götürmüşdük. Bir qurup döyüşçü ilə birgə 10 saata yaxın idi ki, postu müdafiə edirdik. Ermənilər həmin postu geri almaq üçün qəfləti bizim dayandığımız yeri atəşə tutdular. Lakin heç nə əldə edə bilmədilər. Doğrudur, döyüş yoldaşlarım–Bərdədən Calal Calalzadə, Qapanlı kəndindən Elməddin Əliyev bu döyüşdə şəhid oldular. Buna baxmayaraq biz hücuma keçib ermənin müdafiə sistemini yarmalıydıq, şəhidlərin cəsətləri də döyüş bölgəsindən çıxarılmalıydı. Bizim hərbiçilərimiz bunu bacardı. Mən də orada snayper gülləsi ilə qolumdan yaralandım. Məni əvvəl Tərtər, sonra Bərdə, daha sonra isə Xanlar rayonlarının xəstəxanalarına göndərdilər. Müəyyən vaxtdan sonra məzuniyyətə buraxdılar. Hələ də qolum aparata qoşuludur, sağalmayıb.
    Heç vaxt gözlərimin qarşısından müharibənin dəhşətləri getmir. Oğullarımızın torpağa qarışmış qanı, döyüş yoldaşlarımın itkiləri gözlərimin qabağındadir. Bütün bunlara baxmayaraq, içimizdəki inam hissi bizi döyüşlərə atılmağa sövq edirdi. İnanırdıq ki, Ordumuz güclüdür və biz qalib gələcəyik.
    44 günlük Vətən müharibəsindən yenilməz Ordumuzun sayəsində xalqımız qələbə qazandı.
    Beyrək kimi minlərlə oğullarımızın göstərdiyi şücaət Ali Baş Komandanımız tərəfindən layiqincə qiymətləndirildi. Beyrək də “Cəsur döyüşçü” medalı ilə təltif olundu.
    Müharibədən bir qədər müddət keçməsinə baxmayaraq hələ də yaralı oğullarımız var. Hər birinə tezliklə sağlamlığına qovuşmağı arzu edirəm.

                                                             SƏHİFƏNİN YAZILARINI HAZIRLADI ELFUZƏ VƏLİYEVA

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.