Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

    Talenin acı qisməti onun üzünə uşaqlığından gülməmişdi. Hələ birinci sinifdə oxuyarkən, acı xəbər onu qoynuna almışdı. Atası Şahmar bazarın yaxınlığında qırılıb yerə düşmüş elektirk xəttindən gərginlik altına düşərək dünyasını dəyimişdi. O gündən bacısı və Orxan ananın himayəsində böyümüşdülər. Bəsti ana övladlarının gözütox böyümələri, ehtiyacsız yaşamaları üçün özünü oda-közə vurmuşdu ki, uşaqlar atalarının olmadığına xiffət etməsinlər. Lakin atanın yoxluğu hər an özünü büruzə verirdi.
    Orxan böyüdükcə anasının çox əziyyət çəkdiyinin şahidi olurdu. Həmişə düşünürdü ki, kaş mənim də atam sağ olaydı, ya da bir qardaşım olaydı, mənə arxa-dayaq durardı. Ona görə də can atırdı ki, evə qazanc gətirsin. Bu fikirlə də Səhlabad kənd orta məktəbini bitirdikdən sonra fərdi işlərlə məşğul olmağa başladı. Orxanın bu təəssübkeşliyi ananı çox sevindirirdi.
    Oğlunun qeyrətinə, kişilik qüruruna baxıb fərəhlənirdi. İnanırdı ki, camaat arasında xətir-hörmət qazanan oğlu həmişə üzünü ağ edib, anaya baş ucalığı gətirəcəkdi. Orxanını və Nigarını ağır zəhmətlə böyüdən ana yanılmamışdı.
    Orxan hərbi xidmətini Naxçıvanda çəkmişdi. Əsgərliyini başa vurub gələndə ana fəxr etmişdi. Onu evinin kişisi hesab edirdi. Bir müddətdən sonra oğlunu evləndirmək qərarına gəlmişdi. Lakin Orxan: “Hələ tezdi”- deyərək, qəti qərarını vermışdı. Ananın gözləri xoşladığı qızlarda qalsa da, oğlunun razılığını ala bilmirdi. Beləcə günlər, aylar bir-birini əvəz edirdi. Orxan qazanc gətirməyi, yaxşı şərait qurmağı, ana isə oğluna gəlin gətirməyi, oğul-uşaq sahibi etməyi düşünürdülər. Bu arzuların pərvazlandığı, qol-qanad acmaq istədiyi bir zamanda ailəyə bir dərd-qəm yığını töküldü, bu ocağın üzərinə bir qara bulud çökdü…
    2020-ci il sentyabrın 21-i. Mənfur ermənilərin həmləsinin qarşısını almaq üçün ölkə rəhbərinin səfərbərlik müraciətinə xalqımızın bütün vətənpərvər oğulları kimi Orxan da qoşuldu.
    “Mən mütləq döyüşdə olmalıyam!”- dedi və könüllü olaraq Ordumuzun tərkibinə yazıldı. “N” saylı hərbi hissədə təlimlərə başladı. Sentyabrın 27-də əks-hücum zamanı artıq atıcı-sanitar kimi savaşa qatılmışdı. Ağdərə, Talış istiqamətində aparılan qanlı döyüşlərdə cəsarətlə düşmənə qarşı vuruşurdu. Yaralı döyüşcülərin ərazidən çıxarılmasına canla-başla kömək edirdi
    Ermənilərin atdığı raket, top mərmiləri şəhərə və Orxangilin kəndlərinə tökülsə də, Bəsti ana ev-eşiyini tərk edib heç yerə getmək istəmirdi. Orxan telefonla əlaqə saxlayanda təkid etmişdi ki, kənddən bir az uzaqlaşsın. Ana oğlundan nigaran idi. Son bir neçə gün oğlu ilə əlaqə saxlaya bilmirdi. Qəlbinə dolan qorxunu kənarlaşdırmağa çalışsa da, bacarmırdı. Bilirdi ki, bu müharibədir və oğlu odun-alovun içindədir. Hər an Allaha Orxanın sağ-salamat qayıtması üçün dualar edirdi. Orxan özü də Allaha, Qurana inanan, itaət edən, namaz qılıb, oruc tutanıydı. Hətta döyüşdə olduğu zaman da namaz qılırdı.
    Ana bildirdi ki, Orxanı halallıqla böyüdüb, Vətənə, torpağa bağlı oğlandır, dost, yoldaş üçün canından keçər, darda qalanı dardan qutarar. Ürəyində nigarançılığın yaranmasının səbəbi məhz bu idi ki, oğlu heç zaman özünü düşünməyəcək, döyüşçü yoldaşlarını tək qoymayacaq. Belə də oldu.

    Oktyabrın 8-i Orxanın son döyüş günü olmuşdu. O yaralı döyüşçü yoldaşını ərazidən uzaqlaşdırıb geri qayıdanda düşmənin atdığı minamyot qəlpəsindən yaralanmışdı və xəstəxanaya çatdırsalar da, şəhid olmuşdu.
    Oktyabrın 10-da böyüyüb boya-başa çatdığı Səhlabad kəndinin qəbristanlığında atasının məzarının yanında torpağa tapşırıldı.
    Şəhid Orxan Aslanlının 28 illik ömrü torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sona çatdı. Özü ilə bərabər anası Bəstinin də onun haqqındakı arzuları torpaq altına gömüldü. Lakin başqa şəhidlərimiz kimi Orxan da daim yad edilib xatırlanır. Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub. İnsanlar tərəfindən anası və böyüdüyü ocaq vaxtaşırı ziyarət olunur, döyüşçü yoldaşları Orxansız onun ocağının qonağı olub, anası Bəstinin kədərinə şərik olaraq oğlunun döyüş şücaətlərindən söz açırlar. Oğul həsrətli ana Orxandan qalan xatirələrlə ocağında baş-başa yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəlbi oğul həsrətli analarımıza səbr versin!

    Müəllif: Redaktor, 08:57

İsmarıclar bağlıdır.