Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

    44 günlük Vətən müharibəsində rayonumuzun Səhlabad kəndindən iki nəfər şəhid olub. Aslanlı Orxan Şahmar oğlu və Ağayev İntiqam Hüseyn oğlu. Hər ikisi subay idi. İkisi də atalarını vaxtsız itirmiş, ana himayəsində böyümüşdülər. Hər iki şəhid Səhlabad kənd qəbristanlığında dəfn olunub və “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

                                                                          YARIMÇIQ QALMIŞ ARZULAR

    22 yaş! Arzuların çiçək açdığı, ömrün bahar çağı. Elə özü də baharda doğulmuşdu. Arzuları da bahar kimi təzə təriydi. Ürəyində açılmamış qönçə sevgisi varıydı. Anasını tezliklə elçi göndərəcəkdi sevdiyi qızın qapısına, nişan qoyduracaqdı. Amma…
    Bu 22 yaşlı oğlan Səhlabad kəndində doğulmuş, orada böyüyüb boya-başa çatmış Ağayev İntiqam Hüseyn oğlu idi. 12 yaşında atasını ağır xəstəlikdən itirmiş, anası Gülnarənin himayəsində böyümüşdü.
    Kənd məktəbinin doqqu-zuncu sinfini bitirdikdən sonra rayonumuzdakı texniki peşə məktəbinə daxil olaraq çilingər-sürücü peşəsinə yiyələnmişdi. Bu məktəbi bitirdikdən sonra əsgəri borcunu yerinə yetirməyə yollanmışdı.
    Hərbi xidmətini Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə keçirmişdi. Aprel döyüşlərində İntiqam hərbi xidmətdə idi. 2017-ci ildə əsgəri borcunu yerinə yetirib, doğma kəndinə qayıtmışdı.
    Evə qayıtdıqdan sonra işsiz qalmamış, bir müddət fərdi işlərlə məşğul olmuşdu. Nəhayət qərara gəlir ki, Bakı şəhərinə gedib, orada işləsin.
    Səfərbərlik elan olunanda bir ay yarım idi ki, İntiqam Bakı şəhərində işləyirdi. Sentyabrın 21-də rayona qayıdır və hərbi hissəyə göndərilir. Çox çəkmir ki, Vətən uğrunda müharibə başlayır.
    İntiqam Ağayev də Goranboy rayonundakı “N” saylı hərbi hissənin tərkibində döyüşə qatılır. Ağdərə, Suqovuşan (Madagiz) istiqamətində gedən qanlı döyüşlərdə düşmənə qarşı mübarizə aparır. Bu ölüm- qalım savaşında əlinə silah alan hər kəs bilirdi ki, 30 illik Vətən, torpaq, yurd həsrətinə son qoyulmalıdır. Ona görə də döyüşçülərin hər birində tükənməz ruh yüksəkliyi var idi. Şiddətli döyüşlər gedirdi. Qorxubilməz oğullarımız kimi İntiqam da savaşa inanamla qoşulmuşdu. Döyüşdüyü zaman da heç vaxt anasını yaddan çıxarmırdı. Telefonla əlaqə saxlayanda: “çalış evdə qalma”– söyləyirdi anasına. Xalası Mətanətə bərk-bərk tapşırırdı ki, anasını tək qoymasın.
    Oktyabrın 6-sı Ordumuz düşmənin müdafiəsini yararaq xeyli irəliləmişdi. Hər gün yeni xəbərlər alınırdı ki, işğal altında olan yüksəkliklər, kənd və şəhərlər ardıcıl azad olunur. Bu xəbərlər bütün xalqımız kimi döyüşçülərimizi də sevindirirdi. Lakin şəhidlərimiz və yaralılarımız da az deyildi. İntiqam da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu xəbər kəndə və anası Gülnarəyə çatır. Bu vaxtsız ölüm xəbəri ananı ürəkdən sarsıdır. Amma… neyləmək olardı ki?! Onun nəşi gətirilərək oktyabrın 8-də yaşadığı Səhlabad kənd qəbristanlığında dəfn edildi.
    Söhbətimiz zamanı ana kövrələ-kövrələ oğlu haqqında bəzi məlumatları verərək bildirdi ki, İntiqam çox zarafatçıl oğlanıydı. Dostları onun xətrini çox itəyirdilər. Bir gün bir dostunun iş otağındakı dibçək gülü görür və ondan xoşu gəldiyi üçün gülü istəyir. Dostu həmin gülü İntiqam şəhid olduqdan sonra evimizə göndərib. İntiqamın 3 il əvvəl əkdiyi xurma ağacı bu il ilk nübar meyvəsini gətirmişdi heç kim onu qırmadı. Döyüş yoldaşları isə cibində qalmış 4 manat 20 qəpik pulu, əl fanarını, darağını, alışqanı yadigar olaraq gətirib evə verdilər. Bütün bunlar mənim İntiqamımdan qalan nişanələridir. İntiqam Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Amma istəyirəm ki, oğlumun adı əbədiləşdirilsin. Bu, bir şəhid anasının təskinlik tapmasına kömək edərdi.

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.