Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Mar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli və xarici media nümayəndələri üçün keçirdiyi konfrans beynəlxalq müstəvidə geniş əks-səda doğurmuşdur.  4 saat davam edən konfransda 35 media təmsilçisinin 50 sualını 4 dildə cavablandıran ölkəmizin rəhbəri İlham Əliyevin məntiqli real faktlara söykənən fikirləri sözün həqiqi mənasında auditoriyanı heyrətə qoymuşdur. Dövlət başcısı suallara cavab verərkən Qarabağda icra olunacaq böyük iqtisadi layihələrdən də danışmışdır. Qeyd etmişdir ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək.
    Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar.

    Qarabağda böyük iqtisadi layihələr icra olunacaq. Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Vəsait  var. Bütün güclər də səfərbər edilib.

    Ölkə rəhbəri göstərdi ki, dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.

    Ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək;

    Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq.

    Prezident İlham Əliyev  diqqəti həm də ona yönəltdi ki, icra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları.

    Dövlət başcısı daha sonra söylədi ki, Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

          Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edilib.

    İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.

    Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib.

    Qarabağ “yaşıl enerji” zonasıdır. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir.

    Prezident qətiyyətli mövqe nümayiş etdirərək, bildirdi ki,Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir.

           Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.

    Prezident qeyd etdi ki, həmçinin pilot layihələrin icrası da başlanıb. Bir layihə – “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır.

    Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır.  Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər;

    Ölkə rəhbəri onu da diqqətə çatdırdı ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir.

    Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb.

    Azərbaycan dövləti və onun lideri həmişə öz xalqının qeydinə qalmışdır. Son 30 ilə yaxın bir dövrdə öz doğma ocaqlarından didərgin salınan soydaşlarımıza normal həyat şəraitinin yaradılması üçün dövlətimiz insanlara hər cür diqqət və qayğı göstərmişdir. Azərbaycan əraziləri işğal olunduqdan sonra ermənilər bütün şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi, flora və faunanı vandalcasına darmadağın etmişlər. İndi həmin ərazilərə insanların qayıtması və normal həyat şəraitinin təmin olunması üçün dövlətimiz və onun başcısı tərəfindən ardıcıl əməli tədbirlər görülür.

     

    Müəllif: Redaktor, 16:20

İsmarıclar bağlıdır.