Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında verilən sualları cavablandırarkən bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.

    Vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb,
    bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib.
    Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur.
    Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur.

    Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb. Müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib.

    BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə zəhmətlə formalaşan imicini qoruyub saxlaya bilir. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.

    Azərbaycanın enerji, nəqliyyat sahəsindəki uğurlarına da toxunan ölkə başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür.

    Ölkə rəhbəri bir daha vurğulayıb ki, Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

     

     

     

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.