Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    новый-1Gözlərimi bu dünyaya açandan mənim üçün əziz və doğma olanları itirə-itirə gəlirəm. Neyləyək ki, dünya belədir? İtirə-itirə gəlirsən və bir gün özün də itirsən. Ömrün vəfası budur.
    O günü doğma qardaşım kimi sevdiyim Məmməd Aslan haqq dünyasına qovuşdu, bu gün əziz dostum Qasım Qırxqızlı getdi. Növbədə isə… Başlayıb bir nəslin yarpaq tökümü. Qəribədir, hər iki doğmam göyərçinlər kimi uçub getdilər, qəfildən, bir göz qırpımında. Öləndə də belə öləsən! Sağ əlləri mənim başıma.
    Əhvalat. Bir kişi ağacın kölgəsində oturub nahar edirmiş. Görür ki, yaxınlıqdan ağsaçlı bir qoca keçir. Onu süfrəyə dəvət edir. Qoca gəlib əyləşir və çörək kəsir. Kişi bu yolçunun kimliyini soruşur. O cava-bında deyir ki, mən Əzrayılam. Süfrə açan kişi Əzrayılı anda verir:
    –Sən kəsdiyimiz bu çörək, canımı almamışdan əvvəl məni xəbərdar elə.
    Çörək kəsmək ağır məsələ olduğundan Əzrayıl məcbur qalıb razılaşır.
    İl ötür, ay dolanır, bir gecə kişi yataqda ikən Əzrayıl başının üstünü kəsdirir:
    –Kəlmeyi-şəhadətini de, canını alacağam.
    Kişi deyir:
    –Bəs səni çörəyə and vermişdim ki, əvvəlcədən məni xəbərdar elə.
    Əzrayıl söyləyir:
    –A kişi, xəbərdarlıq necə olur bəs? Bir müddət əvvəl sağda yaşayan qonşun öldü, sonra sol qonşun, da-ha sonra üst və alt qonşuların. Bunlar xəbərdarlıq deyildimi? Mən öz andımı yerinə yetirmişəm.
    Və kişinin canını alır.
    Tay-tuşlarımın sırasının seyrəlməsi mənə də xəbərdarlıqdır. Qasım Qırx-qızlı məndən ötrü əvəzolunmaz dost idi. Onun keçən il 69 yaşı tamam olanda belə yazmışdım:
    “Dünyanın kar qulaqlarına çatmayan Xocalı fəryadını öz içindən keçirib qanına-canına çevirən və illərdi ki, bu filçəkməz dərdi özününküləşdirərək ömrünün hər anını onunla yaşayan, belə-belə özü də bir gəzərgi dərdə dönən Qasım Qırxqızlının üzünü görməmişdən adını eşitmişdim. O, təkcə viran olan Xocalının bir parçası deyil, 613 çarəsiz uşaqlı-böyüklü şəhidin, girov düşən qız-gəlinin canlı kədər heykəlidir. Onunla tanış olub qar-daşlaşandan bu günə qədər gözlərinin içinə hələ düzəməlli baxa bilməmi-şəm, qorxmuşam ki, gözlərinin yaş və kədər dəryasında bata bilərəm. Qasım Qırxqızlının gözləri Xocalı səmasının rəngindədir. Bizim gözlərimiz adi gözlərdir, onun gözləri isə sirri-billahdır. İlahi, qüdrətinə şükür!
    Eşitdim ki, Qasım Qırxqızlının 69 yaşı tamam olur. İnanmadım. Görkəminə görə bəlkə də elə bu yaşdadır. Amma, məncə, onun ürəyinin yaşı 169-dan aşağı deyil. Niyə? Çünki Xocalı boyda dərdi içində gəzdirən adamın 1 günü 100 gün ağırlığındadır və bu göynəmi, ağrını daşıyaraq 69 yaşa gəlib çatmaq hələm-hələm kişinin işi deyil.
    Dünya özünü nəyinsə yerinə qoyub Xocalı qıyyasını eşitməyəndə Qasım Qırxqızlı “Xocalının səsi”ni batıb-itməyə qoymadı, dişiynən-dırnağıynan bu qəzetin baş redaktoru kimi, onu yaşatdı, bəzən özünü unutdu, bütün varlığıynan “Xocalının səsi”ni eşidə biləcək ünvanlara çatdırmağa çalışdı. Elə indi də çox şeyi yoxdan var edərək öz “külüngünü çalmaq-dadır”.
    Qasım Qırxqızlı həm də əsil vətəndaş olan şairlərimizdəndir. Onun bütün şeirləri məhəbbətlə qol-boyundur, istər vətən həsrəti ilə yanan misraları olsun, istər sevgidən, istər təbiətdən yoğrulmuş duyğuları olsun.
    Dostum Qasım Qırxqızlı çoxlu sayda kitabların müəllifidir. Onun əsərlərinin əsas leytmotivini torpaqlara qayıtmaq intizarı təçkil edir.
    O, bu fani dünyada heç bir iş görməsəydi də, “Xocalının səsi” qəzetini didərginlikdə yaşatmağı ilə yenə də yaddaşlarda qeyrətli bir oğul kimi məskən salacaqdı.
    Qasım Qırxqızlı həm də gözəl dost, etibarlı sirdaşdır. Onunla hər bir sirrini və dərdini bölə bilərsən.
    169 yaşa bərabər 69 yaşın mübarək, əziz qardaşım!”
    Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin sərəncamına əsasən Milli Mətbuatımızın 140 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətimizə görə Qasım Qırxqızlı da, mən də dövlər mükafatı olan “Tərəqqi” medalına layiq görülmüşdük. Bu ilin iyul ayında mükafatları təqdim etmək üçün bizi Prezident Administrasiyasına çağırmışdılar. Qasım müəllim Gəncədə yaşadığına görə telofonla əlaqə saxladıq, razılaşdıq ki, səhər-səhər Yevlaxda görüşüb, bir yerdə gedək. Belə də etdik. Həmin günü bir az nasaz idim. İnanın, Bakıya, Bakıdan da Yevlaxa qədər bircə an da olsun yanımdan çəkilmədi, məni tək qoymadı. Hətta Prezident Sarayında dəhlizdə gedərkən qoluma girdi, hər addımımı izlədi, uşaq kimi qayğıma qaldı, tez-tez halımı soruşdu. Mən o isti, o səmimi, o qayğıkeş münasibəti heç kimdən görməmişdim.
    Dost belə olmalıdır!
    …Redaksiyanın əməkdaşlarından biri iş otağıma gəlib, Qasım Qırxqızlının vəfatı haqqında internetdə məlumat verildiyini deyəndə, qulaqlarıma inan-madım, qələm əlimdə dondu, dün-yanın payız yağışı doldu gözlərimə…
    Mobil telefonuna zəng çaldım, bağlı idi. Ayrı nömrə bilmirdim ki, zəng edim. Boğula-boğula qalmışdım. Yax-şı ki, ən yaxın həmkarı Mahirə İspiqızı mənə telefon açdı, ağlaya-ağlaya bu yandırıcı xəbəri danışdı və… məni də ağlatdı. Dedi ki, son zamanlar xətrinə dəymişdilər, özünə yer tapa bilmirdi. Gözlərinin işığı və alın təri ilə yaşatdığı “Xocalının səsi” qəzetinin redaktorluğundan çıxmaq istəyirdi. Redaksiyanın sənədlərini və əlyaz-malarını sahmana salıb, yır-yığış edir-di. Deyirdi:
    –Bu adamlarnan işləmək mümkün deyil. Seçki qurtarsın, ərizə verib, çıxıb gedəcəyəm! Seçkidən bir gün əvvəl iş yerindən çıxaraq bazarlıq edib, evə gəlir. Yoldaşına deyir ki, acam, mənə bir şey ver. Yoldaşı mətbəxə keçib qayıdır ki, Qasım yox-dur, çarpayının üstündə qolu yanına düşüb, əlindəki “bulku” isə döşəmənin üstündədir.
    Mahirə İspiqızı göz yaşları və hıçqırıqlar içində onu da dedi ki, bir az əvvəl mənə vəsiyyət eləmişdi:
    –İmkanın olsa, mən öləndən sonra əlyazmalarımdan kitab çap elətdirərsən. İmkanın olmasa, hamısını yığıb, qəbrimin ayaq tərəfindən torpağa basdıraraq , onları da dəfn edərsən.
    …Dekabr ayının 15-də 70 yaşı tamam olacaqdı. Heyif ki, qismət deyilmiş!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 11:13

    Teqlər:

İsmarıclar bağlıdır.