Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

                                                                       KAMİLLİK VƏ MÜDRİKLİK ZİRVƏSİ

    Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci
                                                                                 (Əmir Xosrov Dəhləvi)

    880 il öncə Azərbaycan poeziyasında parlaq bir günəş doğdu. Elə o vaxtdan bu günəş yanır, sönmək bilmir, ürəkləri, şüurları nurlandırır, zülmətdə yaşayanların yolunu işıqlandırır, oxucuya ruhi-mənəvi qida verir. Bu günəş Nizamidir… qəlb şairi Nizami, dünyanı öz dahiliyi ilə heyrətə salan Nizami!
    Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir.
    Nizami Gəncəvinin 880 illiyinin belə bir səviyyədə qeyd olunması, cənab prezident tərəfindən şairə xüsusi diqqətin ayrılması, təbii ki, həm Azərbaycanın öz irsinə hörmətini göstərir, eyni zamanda gənc nəslin öz tarixini tanımasında və təlim-tərbiyəsində mühüm rol oynayır.
    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi qədim Gəncə şəhərində anadan olmuş və öz yaradıcılıq fəaliyyəti boyunca mədəni irsimizin əvəzsiz nümunələrini burada qələmə almışdır.
    Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirməklə yanaşı ədalət və bəşəri hisslərini ən əsası insana hörmət və hümanizm ideyalarını ona dünya şöhrəti gətirən “Xəmsə” poemalarında qələmə almağa nail olmuşdur. O məhz bu poemaları ilə bütün dünyada tanınaraq böyük diqqət və maraq yaratmışdır.
    Şairə misilsiz hörmətin nəticəsidir ki, doğulduğu Gəncə şəhərində onun möhtəşəm məqbərəsi ucaldılmışdır. Bundan başqa respublikamızın paytaxt şəhəri Bakıda onun adına heykəl qoyulmuşdur. Şəhərdə AMEA-nın ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, bir metrostansiyası Nizaminin adını daşıyır, həmçinin respublikanın bir çox şəhər və rayonlarında onun adına küçələr salınmışdır. Ölkə hüdudlarından kənarda da – rusiyanın Sankt-Peterburq və İtaliyanın paytaxtı qədim Roma şəhərlərində də şairin adına heykəllər ucaldılmışdır. Bundan başqa bir çox tanınmış alimlərin təhsil aldığı, dünyanın ən prestijli universitetlərindən sayılan Böyük Britaniyanın Oksfort Universitetində “Nizami Gəncəvi” mərkəzi fəaliyyət göstərir. Bu onun yalnız Azərbaycan xalqı deyil, eyni zamanda bütün dünya xalqları tərəfindən tanınması və sevilməsinin bariz nümunəsidir.
    Bütün dünyanı idrakının və hissiyatının dinamik gücü ilə çox asanlıqla fəth edən ensiklopedik zəka sahibinin irsi neçə-neçə yüz illər, min illər boyu araşdırılacaq, təbliğ olunacaqdır. Dünya bədii mədəniyyət tarixində ən böyük və əlamətdar möcüzələrindən olan Nizami sənəti kamillik və müdriklik zirvəsidir.
    Nizami elə bir dühadır ki, sözü və fikri ilə həmişə müasirdir. Bəli, dahi şairin ölməz ideyaları min il əvvəl də aktual idi, bu gün də həyatla səsləşir və min il sonra da öz dəyərini itirməyəcəkdir.
    Bu gün mən Nizami Gəncəvini sevə-sevə tədris edən və sevdirən bir müəllim kimi, həm də bir vətəndaş kimi ölkəmizin tarixi keçmişimizə və milli-mənəvi köklərimizə sahib çıxması ilə qürur duyuram.
    Nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoyan Nizami Gəncəvi sözü və fikri ilə həmişə müasirdir. Onun dünya ədəbiyyatında yandırdığı çıraq günü bu gün də işıq saçır.
    Tarixi köklərimizə, mili-mənəvi dəyərlərimizə ən əsası ədəbiyyatımıza göstərdiyi xüsusu diqqət və qayğıya görə ölkə prezidentinə dərin təşəkkürümü bildirirəm.

                                                                                                          Tahirə Quliyeva,Əməkdar müəllim,
                                                                                                             R. Nuriyev adına 6 saylı məktəbin  

                                                                                                       Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.