Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

                                                                            QÜRUR DUYDUĞUMUZ ƏSGƏR

    Əsgər Azər Abdullazadə Bakı şəhərində “N” saylı hərbi hissədə xidmət edirdi. Tərtər rayonunun Cəmilli kəndində öz zəhməti ilə dolanan ailələrdən biri olub Azərgilin ailəsi. Xidmət etdiyi hərbi hissədə ağıllı, mərd, Vətənpərvər, qorxmaz bir oğlan kimi tanınmışdı. Hərbi xidmətinin başa çatmasına çox az qalmışdı. Azər yaxşı bilirdi ki, ermənilər tərəfindən torpaqlarımızın da, insanlarımızın da müəyyən hissəsi əsir götürülüb. İnanırdı ki, bir gün onların geri qaytarılması, əsirlikdən qurtarılması üçün Vətənpərvər insanlarımız səfərbər olacaq. Artıq belə bir gün çatdı. 2020-ci il sentyabrın 27-i illərin həsrətinin başa çatmasının ilk günü oldu.
    Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz əks hücuma keçərək öz gücünü ermənilərə göstərməli oldu. Həmin vaxt Azərin həqiqi hərbi xidmətdən tərxis olunmasına 3 gün qalmışdı. O, könüllü olaraq cəbhəyə getməyə razılaşdı və döyüşə tankçı kimi yollandı. Füzuli, Cəbrayıl istiqamətində ermənilərə qarşı mübarizəyə qoşuldu. Güclü, strateji döyüş əməliyyatları aparılırdı. Hər gün işğaldan azad olunan ərazilər döyüşçülərimizi bir az da ruhlandırırdı. 30 sentyabrda Azər yaralandı. Onu hərbi xəstəxanaya çatdırdılar. Bir gündən sonra o yenidən döyüş yoldaşlarının yanına qayıtdı.
    Azər idarə etdiyi tankla düşmənə qan uddururdu. 11 oktyabra kimi ermənilərin Cəbrayıl istiqamətində 1 tankını, “2 kamaz”ını, “2 UAZ”nı sıradan çıxartdı, 25 nəfər hərbiçisini məhv etdi. 11 oktyabrda onun idarə etdiyi tank vuruldu. Bu barədə özü danışdı:
    –Mənim idarə etdiyim tank Cəbrayıl istiqamətində irəliləyirdi. Qəfləti tankın vurulduğunu və alışdığını duydum. Luku açıb çıxmaq istəyəndə başımın keyləşdiyini hiss etdim. Tankın içində 3 nəfər idik. Leytenant Murad Nağıyev, mən və sürücü-mexanik Elsevər Hümbətli. Leytenant Murad Nağıyev tankın içində həlak olmuşdu, sürücü-mexanik Elsevər Hümbətli isə yaralanmışdı.
    Mən həmin vaxt alqan içindəydim. Sağ qalacağıma ümidim yoxuydu. Yavaş-yavaş huşumu itirirdim. Sürücü-mexanik məni güclə tankdan çıxararaq, yerə uzadıb üstümü torpaqla örtərək alovu söndürdü, sonra təcili yardım maşınına çatdırdı. Məni Füzuli rayon xəstəxanasında əməliyyata götürdülər. Bir neçə gündən sonra Bakıya göndərdilər…
    O günləri düşündükcə sağ qaldığıma inanmıram. Həmin vaxt mən sağ gözümü itirmişdim. Hazırda o biri gözümdə də qəlpə var. (Əsgərin gözündən yara alması mənim ən ağrılı yerimdi, çünki II Qarabağ müharibəsində doğmam–bacımın tək oğlu gözündən qəlpə yarası alaraq şəhid olubdur).
    Söhbətimiz zamanı anladım ki, Azərə Vətənpərvərlik hissi valideynlərindən keçib. Atası Rizvan Abdullayev birinci qrup Qarabağ müharibəsi əlilidir. Əmisi leytenant Natiq Abdullayev 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
    Müharibədə göstərdiyi igidliklərə və sücaətə görə Azər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhramanı” kimi yüksək ada layiq görülüb. O həm də “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
    Vətən, torpaq uğrunda qəhraman adı almış bu gənc oğlanla söhbət zamanı heyrətimi saxlaya bilmədim. Müharibə dövründə şəhid və qazi olmuş gənclərimizdəki qeyrət və inam qələbəmizin rəhni oldu. Bu döyüşçülər cəbhədə bir-birinə arxa durdular, qardaş kimi bir-birlərini qorudular, tək qoymadılar. Məhz döyüşə ruh yüksəkliyi ilə qoşulmaq bu birliyin sayəsində yaranıb, bir yumruq kimi birləşib, torpaqlarımızın azad olunmasına, xalqımızın 30 illik həsrətinin sona çatmasına nail olublar.
    Heyrətləndim ona görə ki, bu gənclərimizdəki vətən qeyrəti, torpaq sevgisi onları şəhid olmaqdan, qaziyə çevrilməkdən çəkindirmədi, mənfur düşmənin qarşısına qorxmadan, çəkinmədən çıxıb, ölümün ağuşuna atılaraq istədiklərinə nail olublar. Azərbaycanın ərazi bütövlüyünü təmin ediblər, tarixdə misligörünməmiş qələbəyə imza atıblar. Bu gün bütün xalqımız belə gənclərimizlə qürur duyur.
                                                                                                                                             Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.