Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

                                                                          ZƏHMƏTKEŞ AİLƏNİN İGİD OĞLU

    Onları Yuxarı Qapanlı kəndində hamı zəhmətkeş bir ailə kimi tanıyır. Firqani və Arifə öz halal zəhmətləri ilə–təsərrüfat işləri ilə məşğul olaraq 3 oğul övladı böyüdürdülər. Rüstəm ailənin böyük oğlu idi. O, 2001-ci il sentyabr ayının 22-də Qapanlı kəndində anadan olmuşdu. Elə doğulduğu kənddə də orta təhsili almış, böyüyüb boya-başa çatmışdır.
    Vətən borcunu yerinə yetirmək vaxtı idi. Həmyaşıdları kimi o da 2019-cu il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırıldı, Daşkəsən rayonunda “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirirdi. Hərbi xidmət müddəti Rüstəm üçün ən unudulmaz anlar idi. O həm burda özünə yeni yoldaş və dostlar tapır, həm də “kişilik məktəbi” keçirdi. Bu müddətdə hərbi texnikanın sirlərini öyrənmişdi.
    Artiq bir ilə yaxınıydı ki, Vətənin bir əsgər oğlu kimi qulluq edirdi. Ad gününü də burada qeyd etmişdi. Həmin gün valideynləri ilə telefonla əlaqə saxlamışdı və hər şeyin çox gözəl olduğunu söyləmişdi. Lakin, bütün bu xoşbəxt günlərin sonunda nələr baş verəcəyindən əsgər Rüstəm də valideynləri də xəbərsiz idilər. Son vaxtlar ağızlarda gəzən müharibə söhbəti ata-ananı narahat etsə də, bu barədə bir kəlmə danışmırdılar. Dövlətimizin siyasətinə hamı kimi onlar da inanırdılar.
    Sentyabrın 27-i… Mənfur ermənilərin məkrli təxribatları dözülməz həddə çatmışdı. Əlbətdə, onları yerinə oturtmaq, işğal etdikləri ərazilərdən tamamilə qovmaq lazımıydı. Artıq bu əmr ölkə rəhbəri, Ali Baş Komandan tərəfindən verildi və bütün hərbiçilərimiz səfərbər olundu. Torpaqlarımızın qaytarılması, ərazilərimizin bütövləşdirilməsi uğrunda müharibə başlandı. Hər tərəfdən od ələnirdi. Raketlərin və mərmilərin tükürpədici səsindən, snayper və avtomatların şaqqıltısından insan vahiməyə düşürdü. Rüstəmgilin hərbi hissəsi də artıq Kəlbəcər istiqamətində döyüşürdü. Müharibənin 2-ci günü idi. Rüstəm yenə valideynləri ilə telefon əlaqəsi saxladı. Necə olduqları ilə maraqlandı, özünün isə Kəlbəcər istiqamətində döyüşdüyünü, yenə də hər şeyin yaxşı olduğunu bildirdi. “Danışa bilməsəm nigaran qalmayın” dedi. Lakin bu, müharibə idi. Hər an hər şey ola bilərdi.
    Sentyabrın 29-u Rüstəmgilin bölməsi verilən tapşırığı yerinə yetirmək məqsədiylə irəliləyirdilər. Qəfləti gözündən dəyən snayper gülləsi Rüstəmin həyatına son qoydu. Bir anda dünya yox oldu, yer-göy qaraldı. Yaxınlıqdakı döyüş yoldaşları onun başının üstünü alsalar da artıq gec idi, o düşmənin atdığı güllədən şəhid olmuşdu.
    Bu günlərdə Rüstəmin ailəsində olub, onların şəhid övladı haqqındakı xatirələrini dinlədim. Şəhid ata-anasının yarasını tərpətmək çox çətindir. Hələ qaysaq bağlamamış yaraya toxunduqca qan verir, sızıldayır. Ananın, qoca nənə-babanın gözlərindən sel kimi axan göz yaşlarını gördükcə dayanmaq böyük dözüm tələb edirdi.
    Atanın oğlu barəsində fəryad dolu xatirələri :
    –Bizim üç oğlumuz vardı. Məftunla Ruslan da yaxşı övladlardır. Amma Rüstəm tamam başqa xasiyyətli idi. Onunla ata-oğul yox, dost idik. Ailədəki davranışı tamam fərqli idi. Hər kəslə–istər ailə daxili, istərsə də qohum-əqraba, qonum-qonşu ilə, səmimi münasibət qurmağı bacaranıydı. Zarafatyana etdiyi hərəkətlər gözlərimin önündən getmir. Bilirəm ki, Rüstəm namus və qeyrət bildiyimiz torpaqlar uğrunda şəhid olub. O zirvə də hər kəsə nəsib olan zirvə deyil. Amma, övlad itkisinə dözmək olmur, çox çətindir! Bir an belə xəyalı göz önündən getmir.
    Dərdli ata onu da bildirdi ki, Rüstəmin şəhidliyindən sonra kənddə “Şəhidlər bulağı” tikdirib, kəndin içindən geçən yola çınqıl tökdürüb.
    Yaşadıqları evin bir necə yerdən zədələnməsini görüb soruşdum:
    –Bu, yəqin ki, atılan mərmilərdən zədələnib bu barədə müraciət etmisinizmi?
    –Bu ev Rüstəmin də eviydi. Heç kəsə heç nə deməmişəm-deyə, cavab verdi.
    Şəhid atası kövrələ-kövrələ bildirdi ki, Rüstəm sağ olsaydı, özü hər işi görərdi. Mən onu zəhmətlə böyütmüşdüm.
    –Əskərliyimi çəkib gələndən sonra səni qoymaram əziyyət çəkəsən–deyirdi.
    Bu gün bu zəhmətkeş ata-ananı ovunduracaq, təsəlli verəcək elə bir söz tapmadım ki, söyləyim. Təkcə onu deyə bildim ki, Allah səbr versin!
    Rüstəm Hacıyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə ölümündən sonra ordumuzun Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
                                                                                                                                       Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.