Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

                                Vəzir Surxay oğlu Orucov…
    Əfsanəvi qəhrəman, namərd düşmənin üstünə əlində silah gözünü qırpmadan gedən qorxubilməz, yenilməz bir igid. «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüş Tərtərin ilk cəngavər oğlu. Döyüşçü dostlarının xatirələrində, Azərbaycan xalqının ürəyində özünə əbədi məskən salmış əsl vətəndaş. Bu gün onun cəsarəti, döyüşlərdə göstərdiyi igidlikləri haqqında saysız-hesabsız rəvayətə bənzəyən, əslində isə gerçək olan neçə-neçə maraqlı əhvalatlar danışırlar. Onun hər döyüşü bir qəhrəmanlıq salnaməsidir.
    Vəzir Orucov 1956-cı il dekabr ayının 11-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdur. Bir il sonra hərbi xidmətə çağrılmış, hərbi xidmətdən sonra təhsilini başa vurub doğma rayonuna dönərək əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildən 1992-ci ilədək ailə həyatı quraraq Rusiyanın Arxangelsk Vilayətində yaşamışdır.
    Dağlıq Qarabağ hadisələri tüğyan etdiyi bir vaxtda Vəzir dözməyib doğma torpağına qayıdaraq «Tərtər» özünümüdafiə batalyonuna daxil olmuşdur.
    Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir Orucov batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, 1992-ci il sentyabr ayının 1-də Ağdərə bölgəsində Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanmışdır. Noyabr ayının 2-də tam sağalmasa da yenidən ön cəbhəyə döyüşə getmişdir. Ağdərə bölgəsinin azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərmiş, cəsurluq və qorxmazlıq rəmzi kimi əbədilik yaddaşlara hopmuşdur.
    Vəzirin adı gələndə ermənilər tir-tir əsirdilər. Onun başına qiymət də qoyulmuşdu. Kim Vəziri öldürsə ona mükafat veriləcəkdi.
    Vəzir Orucov həm kəşfiyyata, həm də döyüş əməliyyatlarına gedirdi. Onun «PK»sının və qumbaraatanının sorağı hər yana yayılmışdı. Şəhid olduğu ana qədər Vəzir yüzlərlə erməni quldurunu məhv etmiş, düşmənin onlarla hərbi maşınını və texnikasını sıradan çıxarmışdı. Qorxu deyilən hiss Vəzirdən çox-çox uzaq idi. O həmişə döyüş əməliyyatlarının önündə gedərək öz cəsurluğu və qorxmazlığı ilə bütün döyüşçülərə nümunə olmuşdu.
    Döyüş yoldaşlarının dediklərindən:
    Zahid İmanov:
    —Vəzir Orucov cəngavər bir oğlan idi. O, həmişə deyirdi:
    —Hücuma keçməzdən əvvəl mütləq kəşfiyyata gedib öyrənmək lazımdır ki, görək irəlidə nə var, nə yox? Sonra hücuma keçmək olar.
    Kəşfiyyata getməmişdən əvvəl həmişə kimin getmək istədiyini öyrənirdi.
    Bir dəfə məndən soruşdu:
    —Zahid, biz döyüşə gedirik. Birdən üzə düşərsən, istəyirsən uşaqlarnan qal.
    Dedim:
    —Yox, mən könüllü gedirəm. Sənlə hara olsa gedərəm, lap ölümə də.
    O da dedi:
    —Yaxşı, elədirsə getdik.
    Drambonda vəziyyəti öyrənmək üçün kəşfiyyat qrupumuz yola düşdü. Həmişə Türk İsmayılla özü gedirdi irəli. Deyirdi ki, siz gözləyin, icazə verəndə gələrsiniz. O, həmişə belə idi. Ən çətin şəraitdə, ən çətin yerlərə birinci özü gedərdi.
    O, vaxt ermənilər Vəzirin başına 30-40 min pul ayırmışdılar.
    Əyyub Əhmədov:
    —Madagiz uğrunda gedən döyüşlərdə uşaqlar qarşı tərəfdən ermənilərin başını qatdılar, biz arxa tərəfə keçdik. Gördük ki, bir «UAZ» gəlir.
    —Yoldan çəkilməyin, —dedi Vəzir.
    O, bunu ona görə dedi ki, ermənilər bizdən şübhələnməsin, elə bilsinlər ki, öz adamlarıdır. «UAZ» dayanan kimi Vəzir erməni komandirini gözündən atdı.
    Döyüşlərin birində ermənilər bizə hücum etdi, çəkildik geriyə. Vəzir vaxtında gəlib çıxmasaydı, ermənilər bizi mühasirəyə salıb ya qıracaq, ya da əsir götürəcəkdilər.
    Bir az sonra ermənilərin texnikası üstümüzə hücuma keçdi. Deməyəsən, aşağıda gizləniblərmiş. Patronumuz qurtarmışdı, köməyimizsə yox idi. Vəzir vaxtında gəldi. Bizə çatan kimi qışqırdı:
    —Qorxmayın!
    Həyəcanımız bir anda yox oldu. Döyüşdük və qalib gəldik.
    Vaqif Abdullayev:
    «Tərtər» batalyonunun özündə çox cəngavər oğlanlar var idi. Vəzir Orucov birinci dəfə batalyona gələndə yeddi nəfərlə gəlmişdi. «Vzvod» komandiri təyin edildi:
    O, vaxt batalyonumuzun komandiri rayonumuzun hərbi komissarı Boris Zöhrabov idi. O, rəhmətlik Elman Hüseynov (Milli qəhrəmanımız), qərargah rəisi Pənah Məmmədov və mən qərara gəldik ki, Vəzir Orucovu bizim batalyona götürək.
    Vəzir Orucov çox çevik hərəkətləri ilə və yaxşı düşünülmüş əməliyyatalarıyla özünü tez bir zamanda tanıtdı. O, çox ürəkli oğlan idi. Rusiyada yaşamışdı. Azərbaycanın başı üzərini qara buludlar alanda oradan birbaşa döyüşə gəlmişdi. Gələn günü də bizim batalyonun üzvü oldu.
    «Uqolnik» deyilən yüksəklikdən ermənilər texnikadan istifadə edirdilər. Verdikləri kəndi geri almaq planları var idi. Bu baş tutmadı. Vəzirin və kəşfiyyatçı yoldaşlarının səyi nəticəsində onların planları alt-üst oldu. Ümumiyyətlə Vəzirin kəşfiyyat qrupunun döyüşdən əvvəlki fəaliyyəti həmişə qələbəmizin yarısını təmin etmiş olurdu.
    Bir dəfə rəhmətlik Vəzir və onun kəşfiyyat dəstəsi ermənilərin arxasına keçmişdi:
    Mən isə digər dəstələrlə başqa tərəfdən irəliləyirdim. Vəzir Orucov kəşfiyyatda çox gözüaçıq, peşəkar döyüşçü idi. Yuxarıdan bizə xəbərdarlıq etdi:
    —Üzərinizə «karopka» gəlir, hara gedirsiniz? («karopka» şərti ad idi, yəni «BMP» gəlir).
    Təpəyə çıxıb baxdıq ki, «BMP» düz bizim üstümüzə şığıyır. Cemdə bir qumbaraatan vardı. Bu, bir dəfə atmaq üçün idi. Özümüzə mövqe seçdik.
    Beləliklə, Vəzir bizi ölümdən qurtardı.
    Suliddin Yusibov:
    Artıq «Turbazanı» alıb, çıxmışdıq «Rus bulağı»mn yanma. Avqust ayının 22-si növbəti hücumumuz «Ayı heykəli»nin ətrafında olmalı idi. Məlum oldu ki, ermənilər həmin yüksəklikdə bənd alıblar. Kəşfiyyata getdik. Hardasa bir kilometr yolu qaça-qaça getdik. Əvvəlcədən ermənilərə tərəf güllə atmışdıq və görmüşdük ki, bizə cavab atəşi haradan gəlir.
    Vəzir bizi qaldırdı həmin yüksəkliyə, «Ayı heykəli»nin yanına. Erməni bizi əsas Sərsəng tərəfdən gözləyirdi. Vəzir dedi ki, biz bu tərəfdən gedirik. Onların əsas gözlədiyi yer gölün qırağıdır.
    Bir də eşitdik ki, «Ayı heykəli» tərəfdən maşın gəlir. İsmayıl dedi ki, bu maşın mərmi gətirir. «Kamaz» gəlib keçəndə, Vəzir göstəriş verdi ki, onu vuraq. Biz maşını vurduq, başladı yanmağa , «Kamaz»la birlikdə gələn «UAZ» markalı maşın geri qayıtdı, Vəzir «PK» ilə yolu kəsdi və «UAZ»ı da vurdu. Həmin gün gedib dirəndik Drombon kəndinin gədiyinə. Tərtərin torpağı Vəzir kimi, Elman müəllim kimi oğulların hesabına qorunub saxlandı.
    Nizami Heydərov:
    —1993-cü ilin mart ayının 22-də Vəzirlə döyüşə gedəsi idik. Paprəvəndin üstündə Ağdərə tərəfdə «Qlobus» deyilən yüksəkliyə hücum etməli idik. Vəzir bizim komandirimiz idi.
    Qabaqda piyada qüvvələr vardı. Gördük ki, «Qlobus»a çıxan yoldan bir erməni maşını gəlir.
    Dedim:
    —Vəzir, gəl hücuma başlayaq.
    Dedi:
    —Gərək əvvəlcə yolu kəsək ki, onlara kömək gəlməsin.
    Həmin «Kamaz» maşın xeyli canlı qüvvə gətirirdi. Maşının geri qaçmağı mümkün deyildi. Vəzir «Kamazı»ı vurdu. Bir az keçdi, bir «Qaz-66» markalı maşın da gəldi. Onu da vurduq, yol kəsildi. İndi döyüşə gedə bilərdik.
    Götürdüyümüz uşaqları böldük, yarısı mənlə sağ tərəfdən hücuma keçdi, yarısı Vəzirlə sol tərəfdən. Hardasa iki saat idi ki, döyüşə girmişdik, qırğın gedirdi. Vəzir tərəfdə nəsə sakitçilik hiss elədim.
    O vaxt icra hakimiyyətinin başçısı işləyən Sərdar Həmidov rabitə ilə dedi:
    —Nizami, Vəzir haqqında mənə tez bir məlumat ver, gör nə olub orda?
    Himayətlə Rafiqi göndərdim ki, Vəzirgildən xəbər gətirsinlər.
    Rafiq gəldi ki, artıq Vəzir yoxdur. Mən də məcbur olub döyüşü yarımçıq qoydum qayıtdım geri.
    Vəzirin ölümündən sonra hamı avtomatı tulladı ki, Vəzir yoxdursa, biz gedirik, qələbə olmayacaq. Uşaqlarda belə inam vardı.
    Mən döyüşçüləri sıraya düzüb dedim:
    götürün avtomatınızı, mən bir-iki kəlmə söz deyim, sonra yenə öz bildiyinizi edərsiniz.
    Onlar avtomatlarını götürüb düzüldülər sıraya, dedim:
    Biz Vəziri itirmişik, indi gəlin fikirləşək, Vəzirin qanını almalıyıq, yoxsa qayıdıb getməliyik?
    Dedilər:
    —Qanını almalıyıq.
    Dedim:
    —Onda silahları götürmək lazımdır. Vəzirin ölümü bizi ruhdan salmamalıdır, əksinə daha da qəzəblənməliyik və torpaqlarımızı düşmənlərdən geri almalıyıq.
    İnanın ki, biz on gün gecə-gündüz hücum etdik. O, döyüşdə bir neçə igid oğlanlarımız yaralandı, şəhid oldu, amma məqsədimizə çatdıq və həmin yüksəkliyi aldıq. Həmçinin Vəzirin qanını da əvəzsiz qoymadıq. Həmin döyüşdə erməninin 100-ə yaxın canlı qüvvəsini və onlarla texnikasını məhv etdik.
    Pənah Məmmədov:
    Müharibənin ən çətin günü mənim üçün Vəzirin ölüm günü olub—1993-cü ilin mart ayının 22-si. Bu mənim ən ağrılı günümdür. Mən onun ölümünü eşidəndə, rabitə xəttində ağladım.
    Fəqan mənə rabitədə dedi ki, artıq Vəzir yoxdur. Bütün müharibə dövrü ərzində eşitdiyim ən ağır söz idi bu söz. Bəlkə heç indi də özümə gələ bilməmişəm. Çünki Vəzir, Vəzir idi. Onun döyüş epizodları çox olub. Müharibəni Ağdərə istiqamətində Vəzir aparırdı. «Tərtər» batalyonunda Elman müəllimlə bir başa xidməti olan adam idi Vəzir.
    Müharibə dövründə çox şəhidlərimiz olub. Elman müəllim, Talıstan, Tahir, Rafiq və.s. Vəzirin ölümü isə bütün Azərbaycan ordusuna təsir etdi, eləcə də mənə.
    Ermənilərin bir Əfqanıstan qəhramanı var idi, «Qoralisa» deyirdilər. Ermənistan müdafiə nazirinin qardaşı idi. Onu bizimkilər vurmuşdular. Vəzir vurulanda, onlar toy-bayram etmişdilər ki, qəhramanın intiqamını aldıq, yəni onlar öz milli qəhrəmanlarına uyğun bir adam öldürdüklərinə görə sevinirdilər.
    Başqa bir xatirəsində:
    Elman müəllim rəhmətə getdi. O vaxt mənim qolum işləmirdi, qıçım işləmirdi, yaralanmışdım. Amma Nəcməddin Sadıqovun göstərişi ilə gecəynən məni yataqdan qaldırıb gətirdilər. Bu olubdu 1992-ci il iyun ayının 8-də.
    O vaxt Ağdərəni 2-ci dəfə erməni almışdı, bizim batalyonu da ləğv eləmişdilər.
    Batalyonu yenidən yığmaq lazım idi. İyul ayının 28-də təzədən göstəriş verdilər ki, batalyon yığılsın.
    Nəcməddin Sadıqov arxamca maşın göndərmişdi:
    —Yaralı vəziyyətdə olsa da, deyin gəlsin.
    Gəldim icra hakimiyyətinə. Ora-bura zəng etməklə batalyonu yığdım. Batalyonda 220-yə yaxın uşaq vardı. Mənə komandir olmağı təklif etdilər, amma mən çətinliklə yeriyirdim, qıçım işləmirdi.
    Təklif etdim ki, Vəzir Orucov komandir olsun.
    Siz Vəzirdəki cəsarətə, qabiliyyətə, ürəyə baxın ki, dedi:
    Yox, Pənah müəllim, sən bizim komandirimizsən, mənə göstəriş ver, haranı lazımdır, alacağam. Sənə də dörd nəfər ayıracağam ki, xərəklə də olsa hara lazımdır, çiyinlərində səni ora aparacaqlar. Sən ancaq mənə göstəriş ver.
    Bilirsiniz, döyüşə rəhbərlik etmək, idarəetməni bilmək asan iş deyil. Vəzirin gözəl komandirlik bacarığı vardı. Lakin o mənim təcrübəli hərbiçi olduğumu bildiyindən belə deyirdi, bütün igidliklərinə rəğmən həm də çox təvazökar insan idi Vəzir.
    Vəzir Orucovun həyat yoluna nəzər salarkən «qəhrəmanları şərait yetişdirir» deyənlərə haqq verirəm. Sadə bir ailədə doğulub, adi bir insanın həyatını yaşayan Vəzir bir arzusunu tez-tez dilinə gətirərdi: «Kaş ölüm azacıq möhlət verəydi, Xankəndində bayrağımızı dalğalandıraydım…» Lakin vətənin dar günündə əsl vətənpərvər oğul kimi öz qəlbinin diktəsi ilə torpaq uğrunda, xalq uğrunda döyüşlərə qatılan və savaş meydanını əsl qəhrəman kimi tərk edərək, ömrünü vətən torpağına qurban verən Vəzirin arzusu kimi ömrü də yarımçıq qaldı…
    1993-cü il mart ayının 22-də Ağdərə bölgəsində «Qlobus» yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ona ölümündən beş gün sonra — mart ayının 27-də “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Vəzir Orucovun məzarı Bakıda «Şəhidlər Xiyabanı»ndadır. Onun adı doğulduğu Tərtər rayonunda da əbədiləşdirilmişdir. Şəhərimizin veteranlar bağında onun büstü qoyulmuşdur. Xatirəsi isə döyüş dostlarının, onu tanıyanların və bütün Azərbaycan xalqının qəlbində yaşayır. Onun həyatı bu günkü əsgərlərimiz üçün bir örnəkdir. Çünki, Vəzir Orucov hamımızın fəxr etdiyi əfsanəvi bir qəhrəmandır.
    Özündən sonra Camal adlı bir oğlu və yaddaşlardan silinməyən xatirələri yaşayır.
                                                                                                                                Tofiq Yusifin
                                                                                                  “Ölümlə üz-üzə” kitabından

     

     

    Müəllif: Redaktor, 09:44

İsmarıclar bağlıdır.