Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    Tərtər rayon qəzeti 87 illik bir ömur yolu keçib. Bu illər heç də rahat və hamar olmayıb. 1934-cü ilin yazında “Kolxozçuların varlanması ugrunda” adı ilə fəaliyyətə başlayan rayon qəzeti üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maarifləndirilməsində öz gücündən maksimum istifadə etməyə çalışdı və 87 ilin keşməkeşli, zəhmət dolu günləri ilə bu günümüzə kimi gəlib çatdı.
    Rayonumuzun hər bir sakininə doğma olan bu qəzetin səhifələrində baş verən yeniliklərdən, əməkçi insanların zəhmətindən ətraflı bəhs edilir. Son 87 ildə baş vermiş müharibələrdə rayon sakinlərinin fədakarlığından, torpaqlarımız uğrunda canından-qanından keçmiş qəhrəman döyüşçülərimizin şücaətindən danışılır,həm müharibədən əvvəl, həm də müharibədən sonra aparılan yenidənqurma işlərindən bəhs olunur.
    İstər Sovet dönəmində, istərsə də müstəqil Azərbaycanın inkişafı illərində bu qəzet rayonun mədəniyyət, təhsil, səhiyyə, hüquq, kənd təssərrüfatı və digər sahələrində çalışan insanların yaxın dostuna çevrilərək onların xəbər obyekti olubdur.
    1998-ci ildən 2005-ci ilədək rayon qəzetinin çətin günləri başladı. Həmin il maddi durumun ağırlaşması, laqeydliyin artması qəzetin fəaliyyətinin tamamilə dayandırılmasına, qəzetçilərin peşələrindən uzaq düşmələrinə səbəb oldu. Lakin hər qaranlıq gecənin günəşli bir sabahı olduğu kimi, rayon qəzetinin də üzünə işıq düşdü. Xeyrxah insanların – rayon rəhbərliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun köməkliyi, diqqət və qayğısı ilə rayon qəzeti öz fəaliyyətini bərpa etdi.
    Müxtəlif illərdə “Qızıl Bayraq” və “Tərtər” adı ilə nəşr olunan rayon qəzeti 2005-ci ildən hal-hazıra kimi “Yeni Tərtər” adı ilə dərc olunur. Həmin il maddi cəhətdən sıfırdan başlayan bir orqan bu gün formalaşmış və şəraiti normal olan bir müəssisəyə çevrilib. Kollektivdə bir çox dəyişikliklərə baxmayaraq, “Yeni Tərtər” qəzeti baş redaktor Tofiq Yusifin rəhbərliyi ilə normal şəkildə nəşr olunur. Qəzet rayonun ictimai-siyasi həyatında mühüm rol oynayır. Qəzetin səhifələrində dərc olunmuş hər bir məqalə dünən də, bu gün də, sabah da gənclərimizin rayonun tarixindən xəbər tutmasından ötrü maraqlı bir vasitəçi olub. Hər bir zəhmət adamının, müvəffəqiyyət qazanmış gəncin, müharibə şəraitində yaşamış insanların həyatları haqqında qəzet səhifələrində deyilən sözlər rayon sakinlərinin ürəyindən olan sözlərdir.
    2020-ci il xalqımız üçün həm ağır, eyni zamanda möhtəşəm il oldu. COVİD-19 pandemiyası insanlarımızın həyatını dəyişdi. Üstəlik mənfur qonşularımızın düşmənçiliklərinin qarşılığı olaraq “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi bizə qələbə sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlamış bu müharibə 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin və Mübariz Ordumuzun şücaəti ilə ölkəmizin tarixinə Zəfərlə yazıldı.
    Hazırda rayon qəzetinin səhifələrində dərc olunan materiallar əsasən ölkə Prezidentinin apardığı daxili və xarici siyasəti əks etdirir. İndi yazıların əksəriyyəti müharibə mövzusuna köklənmiş yazılardı. Hər bir şəhid ailəsi, qazilərimiz–ümumiyyətlə, müharibədən zərər çəkmiş insanların heç biri qəzetin diqqətindən kənarda qalmır. Dövlətimizin başçısı və rayon rəhbərliyi tərəfindən göstərilən qayğı, başqa qurumların yaxından köməkliyi qəzet yazılarının əsas mövzularını təşkil edir.
    Bu gün fəxrlə deyə bilərik ki, “Yeni Tərtər”in oxucularının sayı ölkə hüdudlarını aşıb. Qəzetin elektron saytı fəaliyyət göstərir. Hazırda qəzetimizin elektron variantının 20-dən çox ölkədə minlərlə izləyicisi vardır. Həmin saytda “Yeni Tərtər” qəzetində dərc olunan yazılar və fotoşəkilərlə, həmçinin digər materiallarla tanış olunur.
    Rayon qəzetinin 87 illiyi münasibəti ilə bütün oxucularımızı və kollektivimizi ürəkdən təbrik edirəm.
                                                                                                                                 Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.