Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

                                                              MƏHƏBBƏTƏ DÜNYƏVİ MÜNASİBƏT

    Dahi Azərbaycan şairi, mütəfəkkir, filosof Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Şairin əsl adı İlyas Yusif oğludur. Nizami isə onun təxəllüsüdür. Dövrünün digər şairləri kimi Nizami də doğulub böyüdüyü Gəncə şəhərinin adını özünə nisbə götürmüşdür və beləliklə dünyada Nizami Gəncəvi adı ilə tanınmışdır.
    Qədim dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də doğulduğu və vəfat etdiyi illər dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq hesablanmışdır. Şair 1141-ci ildə (hicri təqvimi ilə 535-ci il) anadan olmuşdur.
    Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
    Həmişə Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində
    aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəyyən edilmişdir.
    Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir.
    Şair bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir. Onun lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-ci ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncə yaxınlığında öz çadırında şairlə görüşmüş, nəsihətlərini dinləmiş və ona Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökmdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də, oğlunun təkidi ilə təklifi qəbul etmiş və qısa müddətdə “Leyli və Məcnun” poemasını yaratmışdır. 1196-cı ildə Ələddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” poemasını qələmə almışdır.
    Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlinir. Humanist və tolerant şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
    İnsanın daxili dünyasının, onun hislərinin təsviri, əsas qəhrəmanların xarakter formalarının dinamik inkişafı ilə birlikdə düşüncələri Nizami ədəbi məktəbinin tərkib hissəsidir. Nizami Gəncəvinin poemaları daha çox sevgi mövzusu ilə zəngindir və bu da Şərq ədəbiyyatında geniş yayılıb. Nizami Şərq xalqlarının ədəbiyyatına çox yüksək insan idealları və yeni peşəkar nailiyyətlər gətirib və ədəbiyyatda yeni istiqamət açıb. O, həmişə ədəbiyyatı real həyatla bağlamağa can atıb.
    Bəşəriyyətin böyük şairi olmaqla o, insanları alicənablığa, ləyaqətə səsləyirdi. Dünya filosoflarının ideyaları və mədəni irsi Nizami tərəfindən insanların arzuladıqları mükəmməl gerçək həyat modeli kimi məharətlə təqdim edilib. Nizami Şərq ədəbiyyatında ilk şairdir ki, qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir edib: cəsur, mərd, əxlaqlı. O sübut edir ki, qadınlar həyatın müxtəlif sahələrində kişilərlə bərabər şərtlərlə aktiv fəaliyyət göstərə bilərlər.
    Nizami öz əsərlərində hər zaman insanı kamilliyə səsləyir. Cəmiyyətdə hörmət sahibi olmağın ən yaxşı yolunun kamilliyə gedən yoldan keçdiyini dönə-dönə əsərlərində vurğulamışdır.
    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.
    Şair həm də bildirir ki, kamil insanı yetişdirmək heç də asan iş deyildi. Bu mürəkkəb və uzun çəkən prosesdə hər kəs öz qüvvəsinə inanmalı, təbiəti, cəmiyyəti, ətraf aləmi diqqətlə dərindən öyrənməli, həyata açıq gözlə baxmağı bacarmalıdır. Bir sözlə, insan daimi təkamül yolu ilə getməklə kamilləşə bilər.
    Nizami bütün varlığı ilə insana istənilən tərbiyəni verməyin mümkün olduğuna inanırdı. Şair əsərlərində bu ideyanı dönə-dönə təsdiq etmişdir.
    Şairin müdrikliyi həm də onda idi ki, o, müxtəlif tərbiyə vasitələrindən olduqca məharətlə, zərgər dəqiqliyi ilə yerliyerində istifadə etməklə xalqa rəhbərlik edən rütbə sahiblərini tərbiyə etmək istəyirdi. Bütün nöqsanlarını, hətta onların ağılsızlığını və axmaqlığını güzgü kimi, ibrətamiz şəkildə özlərinə göstərirdi.
    Nizami yaradıcılığının böyüklüyü həm də onda idi ki, yazdığı əsərlərlə özündən sonra böyük bir ədəbi məktəb yaratmışdır. Orta əsrlərdə yaxın şərqdə, eləcə də, Azərbaycan və türk ədəbiyyatında şairlərin çoxu özünü Nizami ədəbi məktəbinin davamçısı hesab edirdilər və Nizami üslubu ilə yazıb yaradırdılar.
    Bu il Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
    Ölkəmizin hər yerində olduğu kimi Tərtərdə də “Nizami Gəncəvi İli” ilə bağlı bütün tədbirlər yüksək coşğu ilə qeyd edilir. Uşaq və gənclər arasında Nizami Gəncəvi ədəbi irsi geniş təbliğ olunur Nərmin Musafazadə,
    Tərtər rayon S.Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.