Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07May

                                                                EVOĞLU KƏNDİNİN ŞƏHİDLƏRİ

                                                                         OĞUL ƏVƏZİ NƏVƏ

    Mürşüd ata nənəsinin himayəsində böyümüşdü. Ata-ana qayğısı görməmişdi. Ata-ana əvəzində nənəsi Çiçək nəvələrini
    özü böyütmüş, nəvaziş göstərmişdi. Deməyəsən onun alın yazısı elə yarımçıq yazılıbmış. Haqqında söhbət açmaq istədiyim 44 günlük Vətən müharibəsində şəhid olmuş Əhmədzadə Mürşüd Müdahil oğludur.
    Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. Hələ uşaq yaşlarında ata-anasının arasında narazılıqlar olduğundan ailə dağılmış bacısı Gülnarə və Mürşüd məhkəmənin qərarı ilə atanın yanında qalası olubmuşlar. Bir müddətdən sonra atası da ikinci dəfə ailə həyatı qurub, başqa yerdə yaşamalı olub.
    Uşaqlar isə Müdahilin anası Çiçək nənəninyanında qalıb. Mürşüd də bacısı Gülnarə də nənəyə isnişdiklərindən onu doğma anaları
    kimi qəbul ediblər. Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həmyaşıdları kimi Vətənə borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanıb. Xidmət müddəti Bakı şəhərində ədliyyə bölməsində keçib və müvəffəqiyyətlə xidmət müddətini başa vurub doğma kəndinə, nənəsinin yanına qayıdıb.
    Harada işləməsi barədə götür-qoy edib, qərara gəlib ki, müddətdən artıq xidmətə yazılsın. Düşünüb ki, Vətənin müdafiəsində qulluq etmək ən müqəddəs vəzifədir. 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq xidmətə qəbul edilib.
    Xidmət etdiyi hərbi hissə mənfur ermənilərin atəşkəsi pozmalarının tez-tez şahidi olurdu.
    Onu da yaxşı bilirdi ki, Azərbaycanın güclü Ordusu var. Hər an ermənini susdura biləcək igid oğullarımız və güclü texnikalarımız var.
    Son günlərdə hər yerdə ermənilərin həddini aşmaları, onları susdurmaq vaxtının çatması haqqında söhbətlər yayılırdı. Bu barədə televiziya kanallarımızda, sosial şəbəkələrdə xəbərlər səsləndirilirdi. Ölkə Prezidenti, Ordumuzun Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızın bütövlüyünün sülh yolu ilə işğaldan azad olunması üçün daim danışıqlar apararaq qan tökülməsinə razı olmurdu. Bilirdi ki, müharibənin heç bir tərəfə xeyri yoxdur. Lakin erməniləri hər hansı anda susduracaq Orduya malik olduğumuzu da söyləyirdi. Nəhayət, belə bir gün çatdı. 2020-ci il sentyabr ayının 27-si uzun illərin hazırlığı ilə hücuma keçmiş erməninin qarşısına çıxa biləcək Ordumuz əməliyyatlara başladı. İgid oğullarımız elə ilk günlərdən mənfurlara öz güclərini göstərdilər. Qanları, canları bahasına torpaqlarımızın bütövlüyünə nail olurdular.
    Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə, Suqovuşan, Çaylı istiqamətində hücuma keçmişdilər. Qanlı döyüşlər gedirdi. Mürşüd yaxşı bilirdi ki, nənəsi Çiçək ondan nigaran qalır, odur ki, vaxt tapan kimi nənəsinə zəng edib danışırdı. Bu dəfə isə Mürşüd də nənəsindən nigaran qalmışdı. Çünki ermənilərin atdığı raket və top mərmiləri onların yaşadığı Evoğlu kəndinə də düşürdü. Ona görə də sentyabrın 30-da nənəsi və bacısı ilə telefonla danışaraq özlərindən muğayat olmalarını tapşırdı. Nənə də Mürşüdə özündən muğayat olmasını dedi.
    Söhbətimiz zamanı Çiçək nənə göz yaşlarını axıdaraq söylədi:
    –Mürşüdü də, bacısını da mən nəvəm kimi yox öz övladım kimi böyüdürdüm. Onun bir az dəcəlliyi varıydı. Amma, çox yaxşı uşağıydı, məni çox istəyirdi. Müddətdən artıq xidmətə yazılanda əsgər papağını mənim başıma qoyaraq dedi ki, bunu məndən yadigar saxla. Mən həmişə ondan razı olmuşam. Təkrar xidmətə yazılanda narazı idim. “Hər şey yaxşı olacaq”–deyərək məni inandırdı.
    Axırıncı dəfə 30 sentyabrda onun səsini eşitdim. 54 gündən sonra isə nəşi gətirildi. Noyabrın 27-də kənd qəbristanlğında dəfn edildi.
    Çiçək nənə onu da bildirdi ki, döyüşlər zamanı Mürşüdlə birgə vuruşan yoldaşları, söyləyiblər ki, o, xeyli erməni postlarının alınmasında şücaət göstərib, mühasirəyə düşən zaman başından aldığı yaradan şəhid olub. Cansız bədəni neytral zonada qaldığından götürmək çətin olub.
    Çiçək nənə oğul kimi böyütdüyü nəvəsi Mürşüdün əsgər paltarlarını və şəkillərini nişanə olaraq saxlayır. Hər gün onları köksünə sıxaraq qoxlayıb, şəkilləri ilə söhbətləşir və onunla qürur duyur. Axı, Mürşüd igid bir oğul olaraq vətən uğrunda canından-qanından keçib.
    Müddətdən artıq xidmət əsgəri Əhmədzadə Mürşüd Müdahil oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.