Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

                                                            USTAD SƏNƏTKAR

    Azərbaycan sifahi xalq ədəbiyyatının ən böyük nümayəndələrindən və bu növün ən uca zirvələrini fəth edən sənətkarlardan biri də Aşıq Ələsgərdir.
    Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
    Alməmməd kişinin ailəsi böyük idi–4 oğlu, 2 qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarnı ac, bir qarn tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərlik edir.
    Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurban Ələsgəri öz oğlu kimi sevir, ona evinin adamı kimi yanaşır. Kər-bəlayı Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona pullu Məhərrəm deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Ona görə də gənclərin bu sevgisindən xəbər tutan Məhərrəm Ələsgəri qardaşının evindən qovdurur və qızı öz oğluna alır.
    Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətinin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hədislərinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güçlü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra isə heç bir çətinlik çəkmədən başqalarına danışardı.
    Aşıq poeziyasını bol həyati, müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. O, bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Səhnəbanıdan ayrılandan sonra ilhamı coşub-çağlayan, çalıb-oxumağa, söz deməyə meyli çoxalan Ələsgəri atası qızılvəngli Aşıq Alının yanına aparmış və Ələsgər bir müddət Alının şəyirdi olmuşdur.
    Bir müddət ustad yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şəyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədi ilə özünü qəsdən məğlub edərək sazını qalib tərəfə–Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə etmişdir:
    Bir şəyird ki, ustadına kəm baxa,
    Onun gözlərinə qan damar, damar.
    Hal–hazırda da bu misralar gənclərimiz üçün bir örnəkdir. Böyüyə öz müəlliminə hörmət və ehtiram ustadlardan bizlərə–gənclərə yadigar qalan bir mirasdır.
    Ələsgər aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır.
    Dodaqdəyməz, muxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri aşığın yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir.
    Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.
    Ələsgər xümsünən zəkatın verə
    Əməlin mələklər yaza dəftərə,
    Hər yanı istəsə, baxanda görə,
    Təriqətlə bu sevdalı gərəkdi.
    Dədə Ələsgər öləcəyi günü belə bir gün öncədən öz yaxınlarına xəbər vermişdir.
    Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib-sevilmiş və el ağsaqqalına çevrilmişdir. Özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə çağrıldığı el məclislərində hər kəsi heyran qoyan aşığın şöhrəti qonşu mahallara da yayılmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa salmış, saz tutub söz deməyi öyrətmişdir. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şerlərinin bi-rində çoxlu şəyirdlər yetişdirməsini xatırlayaraq iftixarla deyirdi:
    Adım Ələsgərdi, mərdi-mərdana,
    On iki şəyirdim işlər hər yana.
    İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxa-nım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə başcısı olmuş, həmişə uşaqlarının maddi-iqtisadi qayğılarını çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni zamanda, öz əməksevərliyi, işgücü ilə onlara nümunə göstərmişdir.
    Aşığı görənlərin dediyinə görə o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir adam imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək işləri gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox Türkiyədə, İranda və Dağıstanda da ustad sənətkar kimi tanınmışdır.
    1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay da burada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qübarlanır, gözünü açıb gördüyü doğma yerlər–Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
    Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
    Səksəni doxsanı keçibdir yaşım,
    Əzrayıl həmdəmim, məzar yoldaşım.
    Gor deyə tərpənir bəlalı başım,
    Daha köç təbilin çal, qoca baxtım.
    Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbristanlığında dəfn olunmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçula-rı onun əsərlərini toplayıb yazıya almış və nəşr etmişdir.
    Qədirbilən xalqımız ustad sənətkarı daim anacaq və onun yazdığı ölməz şeir nümunələri heç vaxt yaddaşlardan silinməyəcəkdir.!
    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200-illiyi tamam olur.
    Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
    Samirə Əhmədova,
    Ş.Şikarov adına 5 saylı tam orta
    məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:09

İsmarıclar bağlıdır.