Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

                                                        İSLAMDA AİLƏ ƏXLAQI

    İslamda ailə əxlaqından danışdıqda ailədaxili münasibətlərin məhz sevgi, qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanın anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyəti də artmış olacaq. Hz. Əli buyurur: “Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir. “(Nəchül-bəlağə) Aydın olur ki, ailə övlada nəzəri tərbiyə verdikdən sonra, əlbəttə, gələcəkdə onu fərqli bir mühit gözləyir. Əgər onun qarşılaşdığı mühit yaxşı deyilsə və övlad ailəsində nəzəri baxımdan gördüyü tərbiyəni əməli olaraqda görməyibsə, bu zaman o zəif xarakterli olar və mühit ona təsir edəcək. Amma valideynlər nəzəri baxımdan verdiyi tərbiyəni həm də əməli olaraq övladına göstərə bilsə, övladın düşdüyü mühit yaxşı olmasa belə, o mühitə qarşı mübarizə apamaq gücündə olacaq. Ailə başçısının ailə daxilindəki münasibəti də çox önəmlidir. Çünki ata həm ailə başçısı, həm də övladının ən yaxın dostu olmalıdır. Ata övladına dəs-tək olmalı, onun arzularına və məqsədlərinə çata bilməsi üçün ona kömək etməlidir. Burada hər məqsəd və arzu nəzərdə tutulmur. Cəmiyyətə və özünə xeyir gətirəcək məqsəd və arzulardan söhbət gedir. Yoxsa ziyanlı, yalnız ötəri həvəsdən yaranmış olan arzu və məqsədlərdən ata övladını çəkindirməlidir. Bunların gələcəkdə cəmiyyətə və ona xeyir gətirməyəcəyini mehribanlıqla övladına bildirməlidir.
    Ailədə toxunulması ən vacib olan nöqtələrdən biri də qadındır. İslam qadının ailədə hüquqlarının qorunmasına çox böyük önəm verir. Qadın ailənin sütununu meydana gətirən fərdlərdən biridir. Əksər ailələrdə ata ailənin dolanışığını təmin etmək üçün çox zaman evdə olmadığı üçün, ana daha çox övladla məşğul olur. Bu səbəbdən ana övladın yaxşı tərbiyə almasında böyük səy göstərməlidir. Ananın ataya göstərdiyi münasibətin necə olması da övladın tərbiyəsində çox önəmlidir. Hz. Əli bu məsələ barəsində də belə buyurur: “Qadının cihadı ərinə yaxşı davranmaqdır”.
    Hər bir övladın da öz növbəsində valideynlərinin itaətində durması vacibdir, Uca Allah bu barədə Qurani-Kərimdə buyurmuşdur: “Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı)buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!(İsra -23)
    Göründüyü kimi, ailənin hər bir üzvü öz məsuliyyətini dərk etsə və ailənin digər üzvlərinə qarşı İslamın buyurduğu kimi diqqətli, mehriban, xoş rəftar davranarsa, bu cür ailənin təməli sağlam olar. Belə ailələrin övladları dini dərk etmək baxımından da digərlərindən müsbət mənada çox fərqlənir, sağlam düşüncəli, eyni zamanda ibadətə, Allahı tanımağa, dərk etməyə meyilli olur. Ümumiləşdirilmiş şəkildə desək, İslam ailədaxili hakim qanunların ailə ocağını söndürməsinə qarşıdır. İslam, bu qanunların ailənin ümumi rifahına istiqamətlənməsini hətta evdə ” mənimki , səninki” kimi ifadələrin olmamasını ailənin “biz” məvhumundan ibarət olmasını tövsiyə edir.

     

    Müəllif: Redaktor, 10:25

İsmarıclar bağlıdır.