Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

                                           880 İL BUNDAN ƏVVƏL DOĞAN GÜNƏŞ

    Dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından dövrünün elmi biliklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır.
    Nizami Gəncəvi ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili olan ərəb dilini və şeir dili olan fars dilini mükəmməl öyrənmişdir. Ömrü boyu mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Buna görə də Nizamini “həkim” adlandırırdılar.
    Dahi şair mükəmməl dini təhsil almışdır. “Quranı” əzbər bilən şair oradakı fikirləri nəzmlə qələmə alaraq ölməzlik zirvəsinə ucalmışdır. Əsl müsəlman kimi yaşayan Nizami Gəncəvi öz yüksək mənəviyyatı, əxlaqi, davranışı ilə böyük hörmət qazanmışdır. Ona həmçinin “Şeyx Nizami” də deyirdilər. Aza qane olan şair azadlığı hər şeydən üstün bilmiş, sarayda yaşamaqdan imtina etmişdir. Halal zəhməti ilə yaşamış, sifarişlə əsərlər yazmışdır.
    Seçmişəm dünyada mən bircə bucaq,
    Arpa unu olmuş azuqəm ancaq,
    İlantək xəzinə üstə yatıram,
    Arpa çörəyiylə oruc tuturam.
    Bu misralardan şairin sadə bir həyat keçirdiyi aydın olur.
    Nizami Gəncəviyə dünya şöhrəti qazandıran ölməz “Xəmsə”si olmuşdur. Şairin öz həyatına aid faktlara da “Xəmsə”də rast gəlmək olur. Məlum olur ki, onun Afaq adında həyat yoldaşı, Məhəmməd adında oğlu olmuşdur. Oğluna Məhəmməd adı verməsi heç də təsadüfü deyil, şairin peyğənbər sevgisindən irəli gəlir.
    Əsərlərindən məlum olur ki, şair əlinə qələm alanda əvvəlcə Allaha dua edər ona kömək etməsini diləyərmiş:
    Kömək vaxtı gəldi, mənə yardım et!
    Bu qəmli çağımda imdadıma yet!
    Nizami Gəncəvi 68 illik ömrünü elmlə, zəhmətlə yaşamış, vaxtını boş keçirməmişdir. Yazdığı əsərlərlə zəmanəsinin hökmdarlarını ədalətli olmağa çağırmışdır.
    Durma, ey Nizami, iş zamanıdır,
    Fələk etibarsız dünya fanidir.
    Təzə bahar yetir can çeşməsindən,
    Yeni paltar geydir sözlərinə sən.
    Şair “Xəmsə”yə daxil olan hər bir əsərinin əvvəlində Allahı tərif etmişdir. Ondan sonra son peyğənbəri, daha sonra dövrün hökmdarını tərif etmişdir.
    Ey tanrı, dünyaya sənsən padişah.
    Biz kiçik bəndəyik, sən böyük Allah
    Tək sənə sığınır hər yüksək, alçaq,
    Hər varlıq yoxluqdur, sən varsan ancaq.
    Ürəyi Allah sevgisi ilə döyünən bu böyük insan şeir, sənət aləminin ən uca zirvəsini fəth etmişdir. Şeirlərində bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etmiş, əsl sənət yaratmışdır.
    Şerimdən atsaydım bəzəkli donu,
    Azacıq zəhmətlə yazsaydım onu,
    Bu böyük fatehin sərgüzəştindən,
    Bir vərəq yazmaqla bitirərdim mən.
    Nizami Gəncəvinin əsərlərini oxuyarkən onun şifahi xalq ədəbiyyatına yaxından bələd olduğunu görürük. Əsərlərində nağıllardan, atalar sözlərindən məharətlə istifadə etmişdir.
    Nizami Gəncəvinin poemalarını oxuyarkən xalqımızın qədim adət-ənənələri ilə tanış oluruq, unudulmuş atalar sözlərimizi xatırlayırıq.
    Nizami Gəncəvi bu dünyadan köçsə də əsərləri ilə bəşəriyyət durduqca o da var olacaqdır. Onu ölüm-süzləşdirən poemaları “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”dir. Əsərlərin hansı birini əlinə alan insan özünü bir elm dəryasında hiss edir.
    Sözlərimi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin son beyti ilə tamamlamaq istəyirəm.
    Hər kim Nizamiyə söyləsə rəhmət,
    Arzum budur, ruhu şad olsun hər vəqt.

    Şəlalə Məmmədova,
    Həbib Hüseynov adına Mamırlı kənd tam orta
    məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.