Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May

                                                        BƏŞƏRİ MƏHƏBBƏT ŞAİRİ

    Mərdə təmiz bir ad
    candan əfzəldir, Ləkəli qalmaqdan ölüm gözəldir…
    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıçılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edildi.
    Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması həmişə diqqət mərkəzində olmuş və bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.
    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb.
    Azərbaycanın klassik ədəbi-mədəni irsinə, həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Onun 840, 870 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib.
    Nizami haqqında az-çox bitkin fikir söyləmək, söz demək üçün onun bədii təxəyyülünün möcüzəsi olan ədəbi irsini araşdırmaq kifayət deyil. Bunun üçün bu dahi sənətkarı sevmək, onun vurğunu olmaq lazımdır.
    Nizamiyə olan məhəbbət birdən yaranmır. Ömrünün gənclik illərini yaşayan oxucu üçün o, daha çox məhəbbət və qəhrəmanlıq motivlərinin böyük tərənnümcüsüdür. Orta yaşlı oxucu üçün insan qəlbini bilən dahi, nəcib, humanist bilicidir. Yaşlı nəsil üçün isə Nizami bütün bu xüsusiy-yətləri ilə yanaşı kainatın, insanlığın sirlərindən xəbər verən mütəfəkkirdir.
    Nizami dünya ədəbiyyatı tarixində az-az yetişən nadir ədəbi simalardandır. Onun əsərləri hər şeydən əvvəl dərin, bədii, fəlsəfi təfəkkürün məhsuludur. O, öz şəxsiyyəti ilə kamal, idrak, mərifət sahiblərinin hörmət və rəğbətini qazanmışdır.
    İctimai-fəlsəfi, estetik fikrimizin parlaq səhifələrindən biri olan Nizami ədəbi irsi müəyyən milli, coğrafi zəmin tarixi məkan və zaman daxilində yaranıb formalaşsa da, əhatə dairəsinə görə dünyəvi hadisədir, ölməz bəşəri məzmuna malikdir, yarandığı dövrdən doqquz yüz ilə yaxın zaman keçsə də bu gün də təzə və orijinaldır, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyidir, heç vaxt qiymətini itirməyəcək əlvan söz, fikir, hikmət xəzinəsidir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
    Nizaminin böyüklüyü burasındadır ki, o könül dünyasından danışarkən öz hümanist ideyalarına, bə-şəri məhəbbət konsepsi-yasına sadiq qalır. Nizami insanın könül dünyasına da bu konteksdən yanaşmış və öz dövrü üçün böyük idraki, tərbiyəvi əhəmiyyəti olan fikirlər söyləmişdir. O, göstərmişdir ki, kainat həyatın, maddi varlığın əsası, özülü olsa da, öz-özlüyündə heç bir ictimai əxlaqi məna daşımır. Onun yaraşığı, incisi, gövhəri insan və bütün canlı aləmdir. Dünyanı dəyişdirən, abadlaşdıran, gözəlləşdirən bəşər övladıdır, onun nəcib, ülvi əməlləridir.
    İnsan yer üzünün əşrəfidir.
    Bəli… “Bəşər övladı həmişə, hər yerdə öz yüksək adına layiq olmalıdır” deyən dahi şəxsiyyətə, bu gün insanlar onun öz yuksək adına layiq qiyməti qoyur.
    Mövlana Cəlaləddin Rumi demişdir: “Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz”. Nizami Gəncəvi nə xoşbəxt nadir dühalardandır ki, günlər, illər dəyişsə də onun həqiqəti dəyişməyəcək. Cünki o həqiqətin adamı idi… Dünya durduqca günlərimizdə, illərimizdə yaşayacaq.
                                                                                                               Svetlana Məmmədova,
                                                                                              T. Orucov adına Seydimli kənd
                                          tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:38

İsmarıclar bağlıdır.