Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May

    Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Tədbirdə aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib. Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, torpaqlarımız 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qalıb. Genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

    Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur.

    Azərbaycan lideri yenidən Zəngəzur dəhlizinin açılması mövzusuna toxunaraq, sözügedən layihənin əhəmiyyəti və region ölkələri üçün perspektivləri barədə danışıb: “Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik”.

    Tədbirdə İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfindədir. Nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanatın bütün bəndlərində göstərilən tələbləri yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq.

    Prezident İrəvanın süni şəkildə mina problemini davam etdirməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. “Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil”.

    Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var. Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlətimizin başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb. “Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

    Dövlətimizin başçısı bildirib ki, İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur. “Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

    Avropa İttifaqının 28 ölkəsindən 9–u ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını, yaxud qəbul edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu da bizim Aİ ilə yaxşı strateji tərəfdaşlığımızın olduğunu nümayiş etdirir.

    “Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin mətninin demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılıb. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırırıq. Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Aİ post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

    Tədbir iştirakçıları regionda cərəyan edən hadisələr barədə məhz birbaşa Azərbaycan Prezidentindən məlumat almaqda maraqlı olduqlarını bildirdilər. Bu da liderimizin şəxsi nüfuzunun və dünya müstəvisində liderliyinin göstəricisidir.

     

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.