Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

                                                             AŞIQ ŞEİRİNİN ZİRVƏSİ

    Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlarından biri olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişinin ailəsi böyük olduğu üçün qayğıları da çox idi, artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də böyük övladı olan Ələsgəri Kərbəlayı Qurbana nökər verir. Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında bir qızı var idi. Ələsgərlə Səhnəbanı bir-birini sevmiş, səmimi münasibətləri yaranmışdır. Ancaq Kərbəlayı Qurbanın qardaşı olan Məhərrəm Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur, Səhnəbanını isə öz oğluna alır. İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmışdır. Sonra Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl ailə başçısı olmuş, həmişə uşaqlarının maddiiqtisadi qayğılarını çəkmişdir. Aşıq Ələsgər bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara böyük təsir göstərmişdir. O, aşıq yaradıcılığının demək olar ki, bütün sahələrinə müraciət etmişdir. Onun zəngin bədii irsinə dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri daxildir.
    Görkəmli Azərbaycan şairi Səməd Vurğun öz çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altından Dədə Ələsgərdən bir nişanə görürəm”.
    Aşığın qoşmalarının əsas mövzularından biri də məhəbbət mövzusu olmuşdur.
    Nazik barmaqlıdı, şümşad əllidi.
    Ayna qabaqlıdı, siyah tellidi.
    Şəkər söhbətlidi, şirin dillidi,
    Tuti dilli xoş zəbanım gedibdi.
    Onun el gözəllərinin tərifinə həsr olunmuş şeirlərində nikbin, şən, şux ruh hakimdir. Gözəlləmə adlanan bu şeirlərdə el qızının zahiri gözəlliyi ilə yanaşı, saf, incə təbiəti, vəfalı düz ilqarlı olması da öz əksini tapmışdır.
    Səni gördüm, əl götürdüm dünyadan.
    Qara gözlü, qələm qaşlı Güləndam!
    Alma yanağına, bal dodağına
    Baxan kimi ağlım çaşdı, Güləndam!
    Aşıq Ələsgərin təbiətə həsr olunmuş şeirlərində aşığın vətənpərvərliyi, xalqına bağlılığı əks olunmuşdur.

    Könlüm qaranquştək uçub qoynuna,
    Gəzir hər yamacı, hər yalı, yaylaq!
    Ruhum təzələnir, məst olur ürək
    Görəndə bu çağı, bu halı, yaylaq!
    Bundan başqa, aşığın ustadnamələri, ictimai motivli şeirləri də yaradıcılığında geniş yer tutmuşdur.
    1918-1919-cu illərdə daşnakların azərbaycanlılara qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının əhalisi öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş, bir neçə ay burada yaşamışdır.
    Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Aşıq Ələsgər tez-tez ötən günlərini xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:
    Səksəni, doxsanı keçibdir yaşım,
    Əzrayıl həmdəmim, məzar yoldaşım,
    Gor deyə tərpənir bəlalı başım,
    Daha köç təbilin çal, qoca bəxtim!
    Aşıq Ələsgər 1926-cı ildə mart ayının 7-də doğulduğu kənddə vəfat etmişdir. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə Aşıq Ələsgərin 200 illiyi münasibəti ilə ölkəmizin hər yerində rəngarəng tədbirlər hazırlanıb həyata keçiriləcəkdir.
                                                                                                      Nuranə Zeynallı,
                                                                   V. Məmmədov adına Səhlabad kənd

                                                                          tam orta məktəbin Azərbaycan

                                                                                    dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.