Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Böyük mütəfəkkir Nizami Gəncəvini bizdən əsrlər ayırsa da onun bədii-estetik ideyaları, dərin xəlqiliyi, vətənpərvərlik və beynəlmiləlçiliyi, xalqımıza məhəbbətlə dolu poemaları indi də hər kəs üçün müasirdir, doğmadır.
    2021-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi bütün xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub.
    Nizami Gəncəvi–İlyas Yusif oğlu Nizami Azərbaycan farsdilli poeziyasının klassikidir.
    Nizami Gəncəvi XII əsrdə yaşayıb yaratsa da, bütün dövrlər üçün aktual və müasir olan əsərlərin müəllifi kimi şöhrət qazanmış dünya ədəbiyyatının böyük klassiklərindən biridir.
    Şair dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Makedoniyalı İsgəndər öz qılıncı və hərbi şücaəti ilə nə qədər dünya ölkələrini fəth edə bilmişdirsə, Nizami də qələmi ilə, sənətinin qüdrəti ilə, sözünün hikməti ilə dünyanı fəth etmiş çox böyük sənətkardır.
    Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xal-qımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
    Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
    Onun əsərləri Hafiz Şirazi, Mövlana Cələləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İsgəndərnamə” kimi əsərlərinin qəhrəmanları indi də bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Mühüm xüsusiyyət də odur ki, bu qəhrəmanlar müxtəlif dinlərə mənsubdur və əlbəttə bu cəhət Nizami dünyagörüşündə tolerant-lığın nə dərəcədə yüksək yer tutmasının ifadəsi və göstəricisidir.
    Yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsi və mənalı həyat yolunun fəal təbliği bu gün də xüsusi əhəmiyyət kəsb edir. Nizami “bizim mənəvi müasirimiz” kimi yaşayır, tarix qocaldıqca o gəncləşir və bu günümüzə daha da yaxınlaşır. Dahi şairimizin adı tarixdə söz sərrafı, hikmət çeş-məsi, poeziya dünyasının peyğəmbəri kimi rəmzləşdirilmişdir.

    Leyla Nəbiyeva
    A.Məmmədov adına Dəmirçilər kənd tam orta məktəbin
    Azərbaycan dili və ədəbiyyatı müəllimi

    Müəllif: Redaktor, 09:28

İsmarıclar bağlıdır.