Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

                                               ZAMAN VƏ MƏKANI BİRLƏŞDİRƏN KÖRPÜ

    XII yüzildə bu qədim diyarda bir Günəş parladı. Bu Günəş 880 ildir ki, parlaq ziyası ilə dünyamızı işıqlandırır. Bəşəriyyətə, insanlığa nur çiləyir.
    Bu Günəş Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvidir.
    Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində doğulub böyümüş, burada da mükəmməl təhsil almışdır. Yaradsıcılığının ilk çağlarında saraylarda yaşamağa can atsa da, ancaq tez bir zamanda bu fikirindən daşınmışdır. Artıq “Sirlər Xəzinəsi”ni yazanda şair saraylara nifrət edir, saray şeirlərini isə ciddi tənqid edirdi. Xalq ilə yaxınlığı onu çox erkən həyatın və sənətin həqiqətini dərk etməyə gətirib çıxarmışdır.
    Elmi araşdırmalarda göstərilir ki, onun fəlsəfə, riyaziyyat, biologiya, astrologiya, kimya, tibb sahəsindəki dərin biliyi o cümlədən Quranı müfəssəl bilməsi, islamın fəlsəfi və qanunlarına münasibəti xüsusi önəm kəsb edir.
    Nizaminin əsərlərini oxuduqca insanın gözü qarşısında həssas, nəcib, gözütox, dərindüşüncəli, cavanlığından özünü müdrik bir qoca kimi aparan nurani bir insanın heykəli ucalır.
    880 ildən çoxdur ki, onun hər beyti, hər misrası Nizami buradadır deyir. Nizaminin ən dolğun, ən doğru tərcümeyihalı, elə onun öz əsərlərindədir.
    Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından sayılan Nizami lirik şeirində gözəl nümunələrini yaratmışdır.
    Nizaminin əldə olan lirik irsi klassik Şərq şeirinin üç əsas şəklini–qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir.
    “Xəmsə”də dövrünün epik lövhələrini göstərən şair lirik əsərlərində duyğu və düşüncələrini əks etdirir. Bu duyğu və düşüncələri özünün şəxsi hisləri kimi yox, xalqının iztirabları, kədəri, inamı kimi ümumiləşdirir. Məhz buna görə də şairin ən kədərli əsərlərində də gələcəyə inamdan doğan bir nikbinlik duyulur.
    Nizami poeziyasının bir mehvəri, bir qibləsi vardır ki, o da insandır. Ona görə də insana zidd olan bütün hallar onun poeziyasında atəşə tutulur.
    Nizaminin lirik şeirləri içərisində qəzəl şəklində yazılmış şeirləri daha çoxdur. Şairin qəzəllərinin əsas mövzusu məhəbbətdir.
    Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
    Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi,
    Tər axıb gül yanağından bulud örtmüşdü ayı,
    Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi.
    Ona mən göz yetirib xəlvəti baxdım, baxdım.
    Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
    Uyuyub hər ikimiz rahat olub bir yatdıq.
    Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
    Nizaminin qəzəllərinin müəyyən hissəsi ictimai, fəlsəfi, əxlaqi məsələlərə həsr edilmişdir. Dövrünün ədalətsiz qanunları ilə barışa bilməyən şair bu şeirlərində mühitindən son dərəcə narazı olduğunu bildirir.
    Yol çətin, aləm qaranlıq atını bir yanə çək,
    Varlığı gəl bir zaman can mülkünə, vicdanə çək.
    Başdan-başa zəmanəyə qarşı etiraz hissi ilə yazılmış bu qəzəl dərin məzmunu ilə diqqəti cəlb edir.
    Nizaminin zəngin lirik irsindən kiçik bir hissə qalsa da, bunlar şairin lirik duyğularından danışmağa kifayət qədər imkan verir.
    Nizami irsinin öyrənilməsi hələ öz dövründən başlamışdır. XIII əsrdə yaşamış hind şairi Əmir Xosrov Dəhləvi onun şagirdi olmaqla fəxr etmiş və yazmışdır:
    Nizami hər sözü demiş birinci,
    Qoymamış cilasız qalsın bir inci.
    Nizami irsinin öyrənilməsi indi də davam edir. Məşhur İsgəndərriyə kitabxanasının direktoru, doktor İsmayıl Seragəldin dahi mütəfəkkirin həyatı, yaradıcılığı ilə bağlı yazdığı məqalədə onun ömür yoluna nəzər salıb: “O, həqiqətən də ümumbə-şəri şəxsiyyət idi, onun yaratdığı əsərlər Almaniyanın Hötesindən, Azərbaycanın Qara Qarayevinə, Qərbin Erik Klaptonuna kimi bir çoxlarının yetişməsində önəmli rol oynayıb”.
    Müəllif daha sonra Nizamini “zaman və məkanı birləşdirən körpü, dünya ədəbiyyatına ən böyük töfhə vermiş filosoflardan biri” adlandırıb.
    “Azərbaycan şairi olan Nizami Gəncəvinin yazdığı “Xəmsə” təkcə keçmişin simvolu deyil, o cümlədən dünyanın xəzinəsidir. Bütün böyük əfsanələrdə olduğu kimi, qədim tarixə malik adətənənələri ilə böyük sənətin sintezindən ümumbəşərlik zirvəsinə qalxıb”.

    Şükufə Quliyeva
    Tərtər şəhər 5№ li tam orta
    məktəbin dil-ədəbiyyat müəllimi

     

    Müəllif: Redaktor, 09:39

İsmarıclar bağlıdır.