Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14İyn

                                                M  A  Q  B  E  T     Ə  H  M Ə D O V                                                                                           

                                                                                     (  M  i  n i     h  e  k  a  y  ə  l  ə  r )

                                                             

                                                              TƏKLİF VERİLDİ

    Şöbə müdirinə xəbər çatdı ki, bəs sizi böyük müdir axtarır. Şöbə müdiri də bu xəbəri eşidən kimi böyük müdirin qəbuluna gəldi. Qəbul otağında salam verdiyi katibədən, bir də köməkçidən qeyri kimsə yox idi. O səbəbdən də ayaq üstə dayandı ki, yəqin ekranda görən kimi çağıracaq. Katibə isə olduqca mülayim və asta səslə: “Əyləşin”- dedi. “Bir azca vacib işi var, boşalanda çağıracaq”.
    Bundan sonra şöbə müdiri əyləşməli oldu. Bu əyləşməklə də iki saatdan çox gözlədi. Öz-özünə düşündü: “Hay-harayla axtarmaq nə, gözlətmək nə?”. Anladı ki, xına o xınadan deyil. Burda nəsə var.
    Katibənin telefonuna zəng gəldi. Katibə cavab verdi ki, bəli, burdadır. Sonra da şobə müdirinə işarə etdi ki, içəri keçsin. Bir addım atmışdı ki, katibə dilləndi:
    -Zəhmət olmasa, telefonu burda qoyun.
    Çıxarıb telefonu da verdi. Üstəlik səsini keçirdi ki, zəng edən olsa, narahatlıq yaratmasın. Böyük müdir şöbə müdirini görən kimi dik ayağa qalxdı, başdan-ayağa mənalı-mənalı süzüb yenidən əyləşdi. Şöbə müdiri yaxın gəlib ayaq üstə dayandı. Böyük müdir birdən səsini ucaltdı:
    -Kamilov, bu nədir, nə hoqqadır çıxarırsan, bu xarabanın bir sahibi var, ya yox?!
    Böyük müdiri elə bil qudurmuş it dalamışdır. Hirsindən sözləri də qırıq-qırıq deyirdi:
    -Adam çıxardan olubsan? O nə iclasdır elan vurubsan?
    Şöbə müdiri istər-istəməz dilləndi:
    -Bəs neyləyim, böyük müdir? Axı, millətin balalarını savadsız edirik. Dərs deyə bilmirlər, özlərinə başqa pe-şə seçsinlər. Gərək müəllim olalar?
    -Hansı millətdən dəm vurursan? Məni bu vəzifəyə millət qoyub? Bəh- bəh, millətin balaları oxuyub alim olacaqlar, dünya da düzələcək. De görüm kimlərdir?
    -Biri Alimpaşa. Vallah, bir cümləni düzəməlli yazammaz. Eləcə vaxt keçirir.
    -Alimpaşa? Bir tikə çörək yeyirik, istəyirsən ilan zəhəri olsun? Onu ordan tapşırıblar eyyy, Lap yuxarıdan. Adamı tarakan kimi əzərlər. Bir qadın da var, adı nədir?
    -Gülbikə. Onu sinfə buraxmağa xəcalət çəkirəm.
    -Şöbə müdirimə bax, hələ bilmir ki, Gülbikə kimdir. Adam tapmadın? Mənə sataşırsan?
    -Əstəğfurullah!
    -Sataşırsan də. Sataşmağın buynuzu olur, bəyəm? De görüm, gələn-gedəni nə ilə yola salım? Bəlkə sən de-yəsən? Bəlkə bangım var? Savadlı pul verir, bəyəm, işə götürüm? Qalan o iki nəfər kimdir?
    -Gülmənazla Təzəgül.
    Belə deyəndə müdir ayağa qalxıb kabinetdə o baş bu başa vargəl elədi.
    -Kim? Kimi deyirsən? Özbaşına gəliblər, mən də müəllim etmişəm? Hələ bilmirsən hərəsinin dalında bir dağ dayanıb. Bircə daşını tərpədər, dönərsən kənd yuxasına. Səndən şöbə müdiri olmaz! Yeyənmədin, bala. Tısbağa çaydan keçənmir, xalasını da dalına alır. Millət dərdi çəkənimə bax! Get iclasını başla, mən də gəlirəm.
    İclas başlayan kimi sözü Alimpaşa aldı. Dedi:
    -Çox hörmətli, başımızın böyüyü böyük müdir müəllim. Bu yoldaş gəlməmişdən şöbədə işlər əvvəl xod gedirdi. Elə ki gəldi, aləm qarışdı bir-birinə. O qədər savadsızdır ki, başladı bizləri gözü götürməməyə. Pedustalıq bizdə, qabiliyyət bizdə. Mərifət, qanacaq deyirlər, o da bizdə. Başqa nə lazım? Hələ müdir müəllim, elə məsələ var ki, deyə bilmirəm, desəm, xəca-lət çəkərəm.
    O tərəfdən Gülbikə, bu tərəfdən Təzəgüllə Gülmənaz başladı, nə başladı! O vurdu, buna ötürdü, bu vurdu, ona ötürdü. Şöbə müdiri oldu savadsız, işbilməz, abırsız bir adam. Elə də təklif verildi:
    -İşinin öhdəsindən gələ bilmədiyi üçün şöbə müdirliyindən azad edilsin.
    Vəssəlam!

     

     

     

     

                                      

     

     

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.