Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyn

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində olmuşdur. Ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılamış, keçirilən təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış etmişdir.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı müzəffər Azərbaycan Respublikasının parlamentinin bütün üzvlərini Türkiyədəki 84 milyon qardaşımızın adından bir millət, iki dövlət anlayışı ilə salamlayaraq bildirmişdir ki, “Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir”.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, bu zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq.
    Geridə qoyduğumuz otuz ildə – Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. İşğal altındakı həmin torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasına müşahidəçi qalanlar, daha doğrusu, münaqişənin davam etməsi üçün səy göstərənlər daim qazananın tərəfində olublar. Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: “Böyük bir liderlik göstərərək bu zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir. Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, buralara, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Sonra vicdanları imkan verərsə, bizə yönəltdikləri ittihamları oturub onlarla ayrıca danışarıq. Amma onların gözləri var, görməz, qulaqları var, eşitməz. Ürəkləri onsuz da duyğularını itirib. Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Bu yerlərin hər tərəfi dağıdılmış, yandırılmış, tar-mar edilmişdir. Gəlsinlər, Qarabağı görsünlər. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik”.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışında dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Şuşada olduqlarını, Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalandığını görməyin sevincini bilavasitə yaşadıqlarını bildirmişdir. Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri adətən təbii bir İncəsənət Akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın, xüsusilə şeirləri bu gün də sevilərək oxunan vəziri Molla Pənah Vaqifdən başlayaraq, Şuşa ədəbiyyatın mərkəzi xarakterini qorumuşdur. Qartal yuvası kimi qayaların üstündə səmaya yaxın qurulması ilə əlaqədar Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur.

    Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd etmişdir ki, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Hər şeydən əvvəl Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Evlərindən, yurdlarından otuz ildir ayrı düşən azərbaycanlı qardaşlarımıza evlərinə qayıtmaq yolu açılmışdır. İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq. İşğalın səbəb olduğu davamlı münaqişə vəziyyətindən qaynaqlanan yorucu gərginlik ortadan qalxıb. İndi yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları bir tərəfdən qurulur, bir tərəfdən açılır. Bir tərəfdən infrastruktur obyektləri tikilir. Bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında Türkiyə Respublikasının da yaxından iştirak edəcəyini bildirmişdir.

     

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.