Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16İyl

    Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.

    Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

    Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başlayıb.

    Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Məhz bu dövrdə publisistikanın tamamilə yeni bir növü- teleradio jurnalistikası təşəkkül tapdı. Mətbuatımızın coğrafiyası və ifadə vasitələri genişlənərək respublikanın ictimai-siyasi həyatının demək olar ki, bütün sahələrini əhatə etmişdir.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən 5 mindən çox müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir.

    Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. O dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Təbiidir ki, Ulu Öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.

    Cənab Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur” – deyə Prezident İlham Əliyev bildirib.

    Ötən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.

    44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.

     

    Müəllif: Redaktor, 12:21

İsmarıclar bağlıdır.