Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23İyl

    Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 18 iyul 2021-ci tarixdə birgə mətbuat konfransı keçirmiş və strateji tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə öz fikirlərini bildirmişdirlər.

    Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri yüksək səviyyəli tərəfdaşlığın bariz nümunəsidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

    Prezident İlham Əliyev mətbuat konfransında bildirmişdir ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu və Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

    Bu gün artıq bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib.

    Təbii ki, bütün regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillər də var. Rəsmi İrəvanın hərbi cinayətləri və təxribatları buna nümunədir. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb.

    Həmçinin basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb.

    Maneələrə baxmayaraq, biz inanırıq ki, azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir.

    İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi – Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi – Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

    Yeni reallıqlar onu göstərir ki, ölkəmizin iqtisadi potensialı artır və Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

    Əhəmiyyətli məsələlərdən biri də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasıdır. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

    Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

    Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.

    Əlbəttə ki, mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.

    Azərbaycan iqtisadiyyatı stabildir, ölkədə siyasi sabitlik var, ölkə iqtisadiyyatı reqabətqabiliyyətlidir və biznesin başlanması üçün dövlət əlverişli şərait təklif edir. İşğaldan azad olunmuş ərazilər xarici investorların cəlb ediciliyi baxımından daha əlvərişlidir. Bu ərazilər yeraltı və yerüstü sərvətlərlə zəngin olmaqla investisiyaların yatırılması üçün böyük potensiala malikdir. Ölkəmizin biznes fəaliyyətinin qurulması üçün təklif etdiyi şərtlər məqbuldur. Ona görə də düşünürəm ki, işğaldan azad olunmuş ərazilər böyük investisiyaların axacağı məkan olacaqdır.

    Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da genişlənməlidir.

     

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.