Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

                                                                                     GƏNCLİYƏ ÖRNƏK

    Şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri Nəzrin və Əfruz Kərimzadələrin şəhidlərimiz və qazilərimiz haqqında hazırladıqları kiçik videoçarxa baxandan sonra maraqlandım ki, Vətən müharibəsində döyüşərək qazi adı qazanmış bu həmyerlimiz kimdir.
    Qüdrətzadə Rəşad Balamirzə oğlu, müəllim ailəsində böyüyüb, nənəsi Sona, anası Mehriban müəllimdirlər.
    Rəşad həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmətə yazılıb. Buna səbəb torpaqlarımızın işğal altında qalmasıydı. Axı, onun nənəsi də anası da gözəl Şuşamızdan idi. Evlərində tez-tez Şuşanın gözəlliyindən, əsrarəngizliyindən söz açılırdı. Ona görə də hələ uşaqlığından ürəyində arzu yaranmışdı ki, bu Vətənin övladı kimi torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə iştirak edəcəkdir.Bunun üçün də Azərbaycan Ordusunun tərkibində xidmət etmək qərarına gəlmişdi. Bölmədə keçid açmaq işinə qəbul edilmişdi, yəni minaaxtaran idi.
    44 günlük Vətən müharibəsi başlayan zaman Talış istiqamətində “Mübariz”postundan ərazilərin təmizlənməsi barədə Rəşadın xidmət etdiyi bölməyə əmr verilmişdi. 27 sentyabr 2020-ci il tarixdə həmin ərazinin təmizlənməsi üçün ”U83” qurğusunu işə salma anında ermənilər tərəfdən atılmış mərmi onların dayandığı yerə düşür və yanındakı hərbiçilərlə birgə o da yaralanır. Rəşad gözünü açanda özünü tozun-torpağın içində görür. Hətta bölük komandirini ölmüş hiss edir. Bu barədə özü danışaraq deyir:
    – Məni partlayan mərmi götürüb kənara tullamışdı, tozun-torpağın içindəydim. Bölük komandiri Əsgər Zeynalovu, rabitəçi Ceyhun Əzizovu, Peyman Əsadzadəni və məni sanitarımız Samir Paşayevin köməkliyi ilə “Təcili yardım” maşınında əvvəlcə Şəmkir Rayon Xəstəxanasına, sonra isə Gəncə Hərbi Hospitalına göndərdilər. Orada xeyli vaxt müalicə aldım. Yaralandığımı ata-anama bildirməmişdim. Bədənimin bəzi nahiyələrindən – qolumdan, çiynimdən yaralanmışdım, kantuziya almışdım.
    Rəşad hospitalda müalicə aldığı zaman döyüş yoldaşları üçün çox darıxdığını da söylədi. Ürəyindəki vətənpərvərlik hissi onu yenidən döyüş meydanına qaytardı. Hazırda Ordumuzun sıralarında hərbiçi kimi çalışır. O həm də universitetdə təhsil alır. Arzusu gələcəkdə bir zabit kimi Vətənə xidmət etməkdir.
    Rəşad Qüdrətzadə kimi oğullarımızla təkcə valideynləri qürur duymur, məzunu olduğu 1 saylı tam orta məktəbin müəllim və şagirdləri də fəxr edir. Bunu Nəzrin və Əfruz Kərimzadələrin hazırladıqları videoçarxdan da görmək olur. Şagirdlər deyirlər: “Biz belə bir övladı, belə bir qazini dünyaya gətirən,böyüdən ananın şagirdləri olduğumuz üçün qürur duyuruq. Allah belə oğulları qorusun!”. Rəşad Qüdrətzadə kimi qəhrəman oğulları-mızın Vətənpərvərliyi yetişən gəncliyimiz üçün örnəkdir. Çünki onların həyat yolu, tutduğu mövqe Vətənimizin, torpaqlarımızın müqəddəsliyini aşılayır. Şəhid və qazilərimizin rəşadəti sayəsində bu gün Rəşadın nənəsinin və anasının 30 illik doğma yurd həsrətinə son qoyulub, – Şuşamız azad olunub. Rəşadın nənəsi Sona və anası Mehriban müəllimə də Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Dəmir yumruq”unu alqışlayaraq, öz minnətdarlıqlarını bildirirlər.

    YAZILARI HAZIRLADI, ELFUZƏ VƏLİYEVA
    ­­

    Müəllif: Redaktor, 09:15

İsmarıclar bağlıdır.