Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    Hüseynov Eşqin Cəsarət oğlu

    1998-ci il yanvarın 20-də böyüdüyü, Tərtərin Hüsənli kəndində doğulub. Uşaqlığından ailəsinin dəli-dlu övladı olub. Əsgərlik vaxtı çatanda kənddəki həmyaşıdları kimi xidmətə yollanıb. Hərbi xidməti Bakı şəhərində keçib. Fövqəladə hallar bölməsində əsgəri xidmətini ləyaqətlə başa vurub. 2018-ci ilin aprel ayında doğma kəndinə qayıdıb. Boş-bekar qalmayıb, ticarətlə məşğul olub. Sonra müddətdən artıq hərbi xidmətə yazılıb. Həm əsgərlik vaxtı həm də müddətdən artıq xidmətdə hərbi hissənin sevimlisinə çevrilib.Komandirlərin verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirməyə çalışıb. Həm də elə burada xidmət müddətində talehini bağlayacaq bir el qızı ilə sövdələşib. 2020-ci il sentyabrın 17-də 5 günlük məzuniyyət götürərək evlərinə gəlib ki, ata-anası gedib həmin qızın razılığını alsınlar. El adəti ilə nişan aparılasıydı…
    Məzuniyyət müddəti başa çatdıqdan sonra Eşqin hərbi hissəyə döndü, hərbiçi yoldaşlarına yaxınlarda nişan qoyduracağından danışdı. Əsgər dostları yaxşı bilirdilər ki, Eşqin dəli-dolu olsa da, o dediyi sözün üstündə durandı, dostluğa önəm verəndi, tutduğu işində məsuliyyətli olan biridir. Bu, anası İntizar xanımla söhbətimizdə də təsdiq olundu. Lakin “sən saydığını say, gör fələk nə sayır”.
    Bütün hərbiçilərimiz bilirdilər ki, gec-tez bir gün müharibə olmalı, torpaqlarımız geri qaytarılmalıdır, 30 illik həsrətə son qoyulmalıdır. Nəhayət, sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə mənfur ermənilərə əks hücum başlandı. Eşqingilin bölüyü də döyüş əmri aldı. O, müharibədə hər şeyin olacağını düşünərək sevdiyi qızın atasına zəng vurub xahiş etdi ki, “əgər mən şəhid olsam Aydanı qəbrimin üstünə gətirərsiniz”.
    Artıq 2 gün idi ki, qanlı döyüşlər gedirdi. Ordumuz düşmən üzərinə inamla irəliləyirdi. Gündən-günə yeni ərazilər azad olunurdu. Xalqda Ordumuzun gücünə inam hissi daha da artmışdı. Hər kəs əsgərlərimizin yanında olmağa, az da olsa mənəvi kömək göstərməyə can atırdı. Əsgərlərimizin, zabitlərimizin şəhid xəbərləri gələndə hər kəs sarsılırdı. Hamı yaxşı bilirdi ki, müharibə itkisiz olmur. İtkilərimiz Ordumuzun ruh yüksəkliyini azaltmırdı. Hər bir kəs intiqam almağa can atırdı. Belə oğullarımızın biri də Eşqin idi. Lakin Eşqinin də döyüşü çox davam etmədi. Mənfur düşmənin snayper gülləsinə tuş gəlib. Müharibənin başlanmasından 2 gün sonra 29 sentyabrda şəhid oldu. Eşqin doğma kəndində dəfn edildi. İstəklisi Aydanı da atası Eşqinin qəbri üstünə gətirdi.
    Görüşümüz zamanı Eşqinin valideynləri övladlarından göz yaşı tökərək xüsusi bir fəxr hissi ilə söz açırdılar. Ölümündən sonra Eşqinin “Vətən uğrunda” medalı ilə təltif olunduğunu bildirdilər. Şəhid ailələrinə dövlət qayğısından danışaraq, minnətdarlıqlarını bildirdilər.
    Şəhid ailələrindən ayrılıb, yolumuza davam edirik. Yol boyu düşünürəm bəziləri ortada, yeyib küncdə-bucaqda gəzdiyi halda, Taleh və Eşqin kimi vətənpərvər oğullarımız canından, qanından keçib, şəhid olublar, illərdir soydaşlarımızın daşıdığı “qaçqın-köçkün” ayamalarının götürülməsinə nail olaraq Vətən torpaqlarımızı işğaldan azad edərək, ərazilərimizi bütövləşdiriblər. Bunun üçün şəhid ailələri qarşısında baş əyirik. Onların ödəyə bilməyəcəyimiz borclarını əməllərimizlə, göstərdiyimiz qayğı ilə tamamlamalıyıq.
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.