Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    Şəhid qapısı–qürurla döydüyümüz, şəhid evi fəxrlə daxil olduğumuz ocaqdır. Şəhid ata-anası–qarşısında daim baş əydiyimiz insanlardır. Şəhidlik – Allah tərəfindən lütf olunmuş və bəxş edilmiş ən uca zirvədir! Şəhid adı bir ömür boyu borclu olduğumuz müqəddəs addır. Bir sözlə, şəhidlər qürurumuz və fəxrimizdir! Bütün bunlarla yanaşı, daim axtardığımız, yolunu hər an gözlədiyimiz, əksi gözlərimizdən silinməyən, ürəyimizin həsrət yarası olan igidlərimizdir! Sizin etdiklərinizin qarşılığında bizlərin axıtdığı göz yaşlarımız, sözlərimiz acizdir. Bəlkə də çatdığınız məqamları görəndə yenidən doğularaq qəhrəmanlıq, şücaət göstərmək istərdiniz. Axı, sizin canınızda-qanınızda qəhrəmanlıq, igidlik olmasaydı bu uca adı qazana bilməzdiniz. Hər birinizdən yazanda, haqqınızda sizə layiq söz axtarıram ki, söylədiyim, yazdığım sizin Şəhid ruhunuza yaraşan olsun.
    Bu gün də şəhidlər haqqında yazacağam. Rayonumuzun erməni təcavüzündən tez-tez zərər görən Hüsənli kəndinin şəhidlərindən. 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmiş 2 şəhidini xatırlayacağam.

                                                         Məmmədov Taleh Arif oğlu.

    Doğum tarixi 1999-cu il yanvarın 16-sı. Uşaqlığı və yeniyetməliyi bu kənddə – Hüsənlidə keçib. Həmin kəndin tam orta məktəbinin yetirməsi olub. Uşaqlıqdan bir arzusu vardı – idmançı və hərbiçi olmaq. Böyüdü, hərbi xidmət dövrü çatdı. Vətən qarşısındakı borcunu ödəmək üçün əsgəri xidmətə yollandı. İl yarım nə idi ki?! Bir göz qırpımında gəlib keçdi. Xidmətdən geri qayıdanda ata-anasının yanına təşəkkürnamə ilə döndü. Hamı qürurlandı. Valideynlərinə gözaydınlığı verənlər də çox oldu. Xidmət müddətində hərbiçi olmaq istəyi bir az da çoxaldı.Elə çoxaldı ki, onun yolunu yenidən hərbi hissəyə gətirdi. Müddətdən artıq xidmətə yazıldı. Ata-anasının təkidinə baxmayaraq, hərbiçi oldu. Elə xidmət etdi ki, ilk günlərdən komandirinin və əsgərlərin sevimlisinə çevrildi.Minaatan oldu. Evlərinə məzuniyyətə gələndə anasına fəxrlə deyib: “Elə güclü Ordumuz var ki, əgər ermənilərlə savaşımız başlasa 2 saata torpaqlarımızı alacayıq”. Bu sözlər 2020-ci il sentyabrın ortalarına təsadüf etmişdi. Anası Zəminə Hüsənli kəndinin sayılıb-seçilən insanlarından biri idi, tibb işçisiydi. Anası müharibə dövründə evindən heç yerə çıxmadı, doğma ocağını tərk etmədi. Taleh isə yenidən hərbi hissəyə xidmətini davam etdirməyə yollandı…
    2020-ci il 27 sentyabr. Azərbaycan torpağının üzərini qara buludlar aldı. Ermənilər yenidən təxribata başladılar. Müharibə başladı. Sanki göydən yerə od ələnirdi. Raketlərin, topların qulaq batırıcı səsi hər bir canlını vahiməyə salırdı. Bu vahimədən sanki quşların da, heyvanların da səsləri kəsilmişdi. Təkcə əsgərlərimiz, Ordumuz susmurdu, düşmənin layiqli cavabını verirdi. Ata-anasına arxa, dayaq olan oğullarımız Vətənin dar günündə sipərinə çevrildilər. Candan keçərək, qan töküb, torpaqlarımızın azadlığına, bütövlüyünə nail oldular.
    Taleh sentyabrn 27-də evləri ilə telefon əlaqəsi saxladı.Valideynlərinə: “Haqqınızı halal edin” – söylədi. Onları təlaşlandırmamaq üçün: “Elə yerdəyəm ki, məni heç kəs görə bilməz”– dedi. Bu cəsur oğlumuz döyüşün ən qaynar nöqtəsində vuruşurdu. Suqovuşan istiqamətindəki qanlı döyüşlərdə iştirak edirdi. Qorxu bilməyən, döyüşə-döyüşə erməninin üzərinə irəliləyəndə bircə şey düşünürdü: “Erməniyə təslim olmamaq, mənfur düşməni yerindəcə susdurmaq!”. Lakin düşmən atəşi yüzlərlə oğullarımız kimi Talehin də silahını susdurdu! Onun döyünən ürəyini, düşünən beynini dayandırdı! Sentyabrın 29-da ürəyindən və başından aldığı snayper gülləsinin yarası döyüşü davam etdirməyə aman vermədi. O, Vətən uğrunda şəhid oldu!….
    Zəminə ana oğlu haqqında göz yaşı tökərək danışdı: “Üç övladımın gözü idi Taleh. Onun evdə olması toy-bayrama çevrilirdi. Qardaşı Xalid də, o da subay idilər. Evlənmək barədə heç düşünmürdü. Ev işlərində mənim ən yaxın köməkçim idi. Çox səliqəli, mədəni bir oğuluydu. Talehin şəhidlik xəbəri hər şeyi alt-üst etdi. Sanki evimizin istiliyi, hənirtisi kəsildi”.
    Ana oğlu haqqında dostlarının, döyüş yoldaşlarının, komandirlərinin söylədiklərini xatırladı, göz yaşı axıtdı. Amma bu söhbətdə bir qürur da vardı. Bu qürur oğlunun igidliyi, qorxmazlığı və ailəsinə qoyub getdiyi şərəfli adı idi. Elə bir ad ki, təkcə ailəsini deyil, onu tanıyanların hamısını qürurlandırır.
    Talehin müharibədəki şü-caəti dövlətimiz tərəfindən “Vətən naminə” medalı ilə qiymətləndirilib.

    Müəllif: Redaktor, 09:29

İsmarıclar bağlıdır.