Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen

    Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Bu fikirləri Prezident İlham Əliyev 2021-ci ilin 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində bildirmişdir.

    Ölkə başçısı qeyd etmişdir ki, 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlamasına baxmayaraq, Ermənistanın yeni savaşa başlamasının əsl səbəbləri araşdırılmalıdır. Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır.Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər.

    Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

    Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Ermənistan bu keyfiyyətdən məhrumdur. Məsuliyyətsiz ölkə siyasi, iqtisadi və istənilən digər əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində maraqlı tərəfdaş kimi çıxış edə bilməz.

    Cənab prezident vurğuladı ki, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi danışıqlar prosesinə böyük zərbə vurdu. Onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür.

    İndiki dövrdə isə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur.

    Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır.

    Cənab preziden müsahibəsində qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir qurum və ya inzibati ərazi yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır.

    Hazırki dövrümüzdə isə Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir. Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.

    Bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənin təklif etdiyi 3+3 platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır.

    Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Prezident Rəcəb Tayyib Ərdoğan bütün dövrlərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Qeyd etdi ki, Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı.

    İşğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.

    Preziden İlham Əliyev həmçinin bildirdi ki, Ermənistan onun üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur. Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.

    Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan rəhbərliyi imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.

    Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davamlı olaraq görülür. Baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrup da ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan seçkilərə görə bu qrupda öz iştirakını bitmiş hesab etdi. Avqustun ortasında ilk dəfə yenə də bu qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq. Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir.

    İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinə də toxunaraq qeyd etmişdir ki, bu ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bütün bölgə elektriklə tam təmin ediləcək. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərində iştirak edə bilərlər.

    Artıq qaçqın və məcburi köçkünlərin 30 illik əziyyətlərinə də son qoyuldu. Ərazilər bərpa olunacaq və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqdır. O insanlar 30 il həsrət içində idilər və bu həsrətə son qoyuldu. Azərbaycan budur, Azərbaycanın gücü və siyasəti budur!

    Ölkə başçısı bildirdi ki, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi dəfələrlə təkrarlanan hadisədir. Azərbaycan müxtəlif kanallarla İran tərəfinə narazılığını ifadə edirdi, lakin bu hallar təkrarlanır. Bu, ölkəmizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Azərbaycan məsələ ilə bağlı rəsmi qaydada diplomatik nota verdi, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.

    Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlər isə çox təəccüb doğuran məsələdir. 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır.

    Sülhməramlı qüvvələrin fəaliyyətinə də toxunan ölkə rəhbəri qeyd etmişdir ki, ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Bizim narazılığımız da var, iradlarımız da var – ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Azərbaycan rəsmi olaraq dəfələrlə bu məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır.

     

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.