Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02Okt

    Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə vermişdir. Müsahibə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapması və gələcəkdə regionda sülhün bərqərar olması kimi müddəalarla yadda qaldı. Fransa jurnalistinin qərəzli suallarına cənab Prezident adekvat cavablar verərək bir daha informasiya cəbhəsində haqq səsimizi beynəlxalq aləmə çatdırdı.

    Ölkə başçısı bildirdi ki, müharibə artıq bitib, münaqişə öz ədalətli həllini tapıb və sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir.

    Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.

    Münaqişə tərəfləri arasında sülh müqaviləsinin olması mütləqdir. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. İstənilən halda, Azərbaycan üzərinə düşən vəzifələrin öhdəsindən gəlir və öz xəbərdarlığını edib.

    Təbii ki, sülh müqaviləsinin hazırlanması və razılaşdırılması işində ATƏT-in Minsk qrupu da rol oynaya bilər. Aydındır ki, vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyəti var. Bilirik ki, adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.

    Postmüharibə dövrünə qədəm qoymağımıza və sülh tərəfdarı olmağımıza baxmayaraq onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Hər kəs bilsin ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil.

    Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Onlar hər zaman bu təklifə “yox” deyirdilər və yalnız müstəqillik istəyirdilər. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.

    Öz müsahibəsində cənab Prezident Fransa və Azərbaycan münasibətləri ilə bağlı da fikirlərini bölüşüb. Bildirib ki, Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı.

    Ancaq biz şahidi olduq ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır.

    Bütün bu olanlara baxmayaraq Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunun tərəfdarıyıq.

    Jurnalistin erməni əsirlərlə bağlı suallarına da Prezident İlham Əliyev aydınlıq gətirdi. Bildirildi ki, müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.

    Müsahibədə prezident İlham Əiyev qəti olaraq bildirdi ki, öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiyalar yolverilməzdir. Ermənistan tərəfi, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır

     

    Müəllif: Redaktor, 09:20

İsmarıclar bağlıdır.