Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Okt

                                                                          BEŞYAŞLILARIN MARAĞI

    Artıq ölkəmizin hər yerində balaca fidanlar – beş yaşlılar məktəbə hazırlıq siniflərinə qədəm qoyublar. Müxtəlif oyuncaqlardan ayrılmayan körpələr sanki sehirli bir aləmlə qarşılaşıblar. Şəhər 1 saylı tam orta məktəbin foyesində bir əlində çanta, bir əlində gül-çiçək tutmuş körpələr cərgə ilə sinif otaqlarına doğru addımlayırlar. Sinif otaqları isə əvvəlcədən müxtəlif rəngli şarlarla, şəkillərlə bəzədilmiş, partaların üstünə Azərbaycan bayrağının rəmzi olaraq üç rəngli lentlərlə bağlanmış “məktəbə hazırlıq”hədiyyə bağlaması düzülmüşdür. 5 yaşlılar sinifə daxil olurlar. Hər bir körpənin gözündə heyrət görünür. Ata-analarından ayrılmayan körpələrin qarşısında yeni və maraqlı bir dünya açılır.
    Müəllim Ülviyyə Məmmədova beş yaşlıların heyrətli baxışlarını öz üzərinə səmtləndirir. Hələ sual-cavablara öyrəşməyən uşaqlar müəllimin köməkliyi ilə üçrəngli bayrağımız haqqında məlumat öyrənir, sinifdə oturuş qaydalarına əməl etməyə çalışırlar. Rüstəm Quluzadə, Hilal Vəliyev, Leyla Mustafazadə, Rahilə Səfərzadə, Nicat Oruczadə, Nihat Abbasov müəllimi diqqətlə dinləyərək intizamlı olmağa çalışırlar. Başqa biri isə anasının onun yanından uzaqlaşmasına razı olmur. Hələ 5 yaşı tamam olmayan Duyğu isə qardaşından ayrılmaq istəmir. “Mən də məktəbə gedəcəm, mən də oxuyacam” – söyləyir.
    Ülviyyə müəllim isə balacaların məktəbə olan həvəsini artırmaq məqsədi ilə özünün təcrübəsindən istifadə edərək gah musiqiyə, gah da kitab-dəftərə diqqəti cəlb edir.
    5 yaşlıların məktəb və müəllimlə tanışlığı 1-2 saat davam edir. Sonda şarlar uşaqların iştirakı ilə açıq havada səmaya buraxılır. Bütün bunlar uşaqların sevincinə səbəb olur. Müəllim hər bir uşaqla ayrı-ayrılıqda xatirə şəkilləri çəkdirir. 5 yaşlıların məktəbə hazırlıqla bağlı tanışlıqları beləcə maraqla dolu bir gün kimi yaddaşlarda qalacaq. Hər bir valideynə, balaca fidanlara və onların əziyyətini çəkən müəllimlərə uğurlar arzulayıram. Qədəmləriniz uğurlu olsun, əziz 5 yaşlılar!

                                                                                                                                                                   Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.