Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Okt

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmdə əməliyyatı ilə rəşadətli ordumuz düşmənə ilk gündən başlayaraq ağır zərbələr vuraraq, öz torpaqlarını erməni təcavüzündən azad etdi.

    O torpaqlar ki, 30 ilə yaxın idi ki, erməni faşistlərinin tapdağı altında inləyirdi. Şəhid oğullarının qanı ilə suvarılan torpaqlarımız, əzəli Qarabağ torpaqlarının azad olunduğu günlərdən bizi bir il ayırır.

    Məlum olduğu kimi, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

    Xatırlatmaq yerinə düşər ki, Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

    Şanlı Ordumuz tərəfindən Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri 17 oktyabr tarixində işğaldan azad edilmişdir.

    Amma Füzuli rayonunun ərazisindən əsər-əlamət qalmadığı müəyyən olunmuşdur. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

    Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. İlk yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi.

    Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi. Döyüş meydanında məğlubiyyətindən psixoloji sarsıntı keçirən Ermənistanın baş nazirinin terrorçu əməllərinin miqyasını genişləndirməsi Azərbaycan xalqının iradəsini sarsıtmaq imkanında deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuliyə səfərləri əbədi yaddaşlara keçəcək. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsidir. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də xeyirin şər üzərində qələbəsidir. Ali Baş Komandanımızın müharibə abu-havası hələ soyumamış ərazilərə bu səfəri əsl cəsarət nümunəsidir.

    44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

    2021-ci ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.

    Bu səfərin tarixi əhəmiyyəti ilə yanaşı, digər mühüm cəhəti vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir. Azərbaycan işğalla barışmadı, bütün torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa yolu – Vətən müharibəsi də mümkündür.

    Torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın xarici mütəxəssislərin iştirakı ilə hesablanması prosesi davam etdirilir. İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastrukturu tamamilə dağıdıb və ekoloji soyqırımı edib. Demək olar ki, bütün yaşayış məntəqələri xarabalığa çevrilib, meşələr məhv edilib. Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası mövcuddur. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.

     

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.