Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

                                                                                     (Mini hekayə)

    (Bu mövzunu mənə verən əziz tələbəm Aydan Hacıyevaya təşəkkür edirəm.)

    Niftalının ailəsi Laçının Qorçu kəndindən qaçqın düşüb, Bərdə rayonunda Meşəçilik deyilən yerə sığınmışdır. Atası rəhmətə gedəndən ailənin bütün ağırlığı anası Bənövşə arvadın çiynindəydi. Bənövşə arvad isə hər çətinliyə tab gətirib, yetimini böyütdü, oxutdu. Günlərin birində oğ-lu Bərdədəki bankda işə düzəldi.
    Niftalı anasına çox bağlanmışdır. Elə bil bu qadın onun dini-imanı idi. Aralarında gizlin nəsə olmazdı. Bir gün də şirin-şirin söhbət edərkən anası qəfildən soruşdu:
    -Ay oğul, heç gözaltın varmı?
    -Var, ay ana, var.
    -Kimlərdəndir, a bala?
    -Özümüzdən, ay ana. Uzaq qohumlardan.
    Bənövşə arvadın ürəyinə dammış kimi dedi:
    -Lalədimi?
    -Elədir, ay ana, Lalədir. Yoxsa xoşlamadın?
    -Niyə xoşlamadım? Şirin baladı. Elə seçmisən ki, quşu lap gözündən vurmusan. Gəl öpüm səni, xeyir-duanı verim.
    Ana-bala sarmaşdılar. Niftalı hiss etdi ki, yanağında göz yaşları var.
    -Ay ana, indi nə olub?
    -Bənd olma, ay bala, sevincdəndir. Rəhmətlikdən sonra bu qədər sevinməmişdim.
    …Niftalı iki il idi ki, sevdiyi Lalə ilə evlənmişdi.
    Oktyabr ayının 29 idi. Cəbhədə gərgin atışma gedirdi. Er-məni faşistləri məğlub olduqca heyf almaq üçün şəhər demirdilər, kənd demirdilər, hara gəldi raket atırdılar. Ona görə adamların rahatlığı pozulmuşdur. Gecələr gözlərinə yuxu da gəlmirdi.
    Niftalı da belə idi. Amma yuxusu ərşə çəkilsə də, həmişə telefonun zəngini qurmamış olmazdı. Birdən yuxulayar, işə gecikər. Bu səhər də yenicə çimir almışdı ki, telefonun zəngi çalındı. Laləni durğuzmağa ürəyi gəlmədi. Özü çay-çörək hazırlayıb yedi. Sonra yataq otağına keçib oğlunu öpdü. Qapıdan çıxmaq istəyirdi ki, nədənsə bir də qayıtdı. Körpəni bağrına basdı, həsrətlə Laləyə baxdı. Cəmi ikicə ilin gəlini olan Lalə isə oyanmadı. Kim bilir, bəlkə də oyanmışdır. Özü bilə-bilə gözünü açmayıb. Gündə qara xəbərlər gəlir. Qorxub ki, gözünü açsa, ərini son dəfə görər.
    Niftalı vidalaşan adamlar kimi otaqda hər şeyə göz gəzdirdi. Yatağın başına qatlanıb qoyulmuş qırmızı dona da nəzər saldı. Yaxın gəlib sığal çəkdi. Bu o don idi ki, evlənəndən altı gün sonra Laləyə hədiyyə almışdır. Toylarda, ad günlərində Lalə bu donu geyinərdi. Niftalı belə istəyirdi. Deyirdi ki, Laləyə çox yaraşır.
    Niftalı otaqdan çıxıb bir başa anasının yanına gəldi. Bənövşə arvad oğlunu görəndə, don qaldı, bilmədi nə desin:
    -Xeyirdimi, ay Niftalı? Bu vaxt işdə olardın. Nə yaxşı getməyibsən?
    -Heç, ay ana, dedim gəlim halallıq alım.
    -O nə sözdür, ay oğul? Məni qorxutma. De görüm, nə olub?
    -Vallah, bir şey olmayıb, elə-belə də, istədim görüm səni, sonra işə gedim.
    Niftalı həmişəki qaydada anasının arıq bədənini özünə sıxdı. Üzündən-gözündən öpdü, alnını dərdlərdən tez ağarmış saçlarına sürtdü. Sonra dedi:
    -Hə, indi gedə bilərəm, ay ana. Canım rahatlandı.
    -Qurban olum sənə, ay oğul, qorxuzdun məni!
    Niftalı aralanıb qapıya çatanda dönüb bir dəfə də anasına baxdı. Özü də anlamırdı ki, bu gün ona nə olub?
    İş yeri yaxın olsa da, gecikdiyindən ayaqlarını yeyinlətdi. Binaya çathaçatda dəhşətli bir gurultu qopdu. Eşitdiyi də o gurultu oldu. Ondan başqa heç nədən xəbəri olmadı. Raketin qəlpələri öz işini görmüşdür. On gün komada qalandan sonra şəhidlik xəbəri gəldi.
    Niftalının məzarına baş daşı qoyulan gün Lalə də ordaydı. Atası kimi yetim qalan oğlu da qucağında. Amma çox dayanmadı. Özü ilə gətirdiyi qırmızı donu ustalara verib dedi:
    -Bunu baş daşının altına qo-yun. Hədiyyəsidir. Bəlkə ruhu rahatlıq tapa.
    Deyib də geri qayıtdı.

    Maqbet Əhmədov

     

     

    Müəllif: Redaktor, 08:35

İsmarıclar bağlıdır.