Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    Ofisdə hamımızın işlətdiyimiz əşyaları yığdığımız səbət var. Bir səbət var ki, 1 ildir toz basıb, bir qələm var ki, bir ildir əl vurulmur ona ofisdə. Elə bilirik ki o qələmi götürüb işlətsək, Pərviz deyəcək: “Kim götürdü yenə mənim qələmimi”.
    Adi iş günlərindən biri idi – 21 sentyabr 2020-ci il. İş yoldaşımız Orucov Pərviz Novruz oğlu məzuniyyətə çıxdı. Bir həftəlik. 28 sentyabr 2020-ci ildə işə qayıtmalı idi. Amma….
    27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Tərtər və tərtərlilər şanlı döyüş yolu keçən ordumuza, xalq-ordu birliyinə, Qarabağ uğrunda canını və qanını əsirgəməyən cəsur Azərbaycan oğullarının qəhrəmanlığına, haqqın ədalətin bərqərar olmasına şahidlik edirdi. Qarabağımız kənd-kənd, qəsəbə-qəsəbə, qarış-qarış mənfur düşməndən təmizlənirdi! Düşmən döyüş meydanında uduzduğunu, məğlub ol-duğunu həzm edə bilmirdi, qadağan olunmuş silahlarla belə mülki əhalini hədəf alırdı.
    Pərviz 15 oktyabr 2020-ci ildə qohumlarını dəfn et-mək üçün Tərtər şəhər məzarlığına getmişdi. Həmin gün düşmən Tərtər məzarlığına raket atdı. O atılan mərminin qəlpələrinə tuş gəldi. Pərviz özü də, qaynatası da o gün şəhid oldular. O gündən bu günə elə bilirəm nə vaxtsa ofisin qapısı açılacaq, Pərviz içəri daxil olacaq. İşdən məzuniyyətə çıxmışdı yaddaşımda da məzuniyətdədir kimi qaldı. Kimsə: “Allah Pərvizə rəhmət eləsin!” – deyəndə, o söz vəfat edənə aiddir deyə səksənirəm.
    Bu yaxınlarda doğum günü idi. Biz də getdik. Qohum əqraba, müəllimləri, xeyli adam toplaşmışdı. Kimə nə deyim, bilmirdim. Pərviz olmadan onun ad günü idi!… Həmişə ofisdə ad günü tortu kəsilirdi, deyib-gülürdük, təbrikini üzünə deyirdik. Düşünürdüm ki, indi kimə “təbrik” deyək? Məzar başından baxan günahsız arzuları yarım qalmış, əkiz balasından doymayan Pərvizin şəkilinəmi?! Atasının doğum günü tortunu kəsmək üçün əlində bıçaq tutan əkiz ba-lalarınamı?! Özünü ələ almağa çalışıb ağlamayan lakin üzündən oğul itkisinin ağrısını-acısını oxumaq mümkün olan Dilruba müəlliməyəmi?! yoxsa eyni gündə həm atasını, həm yoldaşını itirmiş, iki dərdi birdən çəkən həyat yoldaşı Nigar xanımamı?!
    Şəhid qardaşım, artıq bir ildir ki, aramızda yoxsan! Bilirəm ki, cənnətdəsən. Çünki neçə illər bir yerdə işlədik, sənin necə səbirli, təmkinli, ədəb-ərkanlı, hamı ilə nəzakətli davrandığını, böyüyə hörmət, kiçiyə nəvaziş göstərdiyini gördüm.
    Ölüm sənə yaraşmazdı, Pərviz! Axı, sən ailənin tək oğul övladı idin! Rəhmətlik atan ananı da, bacını da sənə əmanət etmişdi. Əkiz balaların haqqında arzula-rın var idi, axı! Allah sənə rəhmət eləsin! Doğmalarına səbr versin!

    Ruhuna hörmət və ehtiramla
    iş yoldaşın Şəlalə Abdullayeva

     

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.