Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    Hüseynov Aslan Malik oğlunun ata-anası rusiyanın Orenburq şəhərində müvəqqəti yaşadıqları üçün o 1988-ci il oktyabrın 6-da orada doğulsa da, boya-başa Tərtər rayonunun Qaradağlı kəndində çatmışdı. Burada orta təhsil almış, əsgəri xidmətə çağrılmışdı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazılır. Hərbi sirləri qoruyub saxlamaqda və əsgəri qulluqda öz nümunəviliyi ilə fərqlənib.
    7 il idi ki, müddətdən artıq xidmət edirdi.
    Aslan ailəli idi. Aysu adında qızı, Kənan adında oğlu vardı. Aslangil özləri isə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. Son zamanlarda qardaşı İsgəndər də müddətdən artıq hərbi xidmətə yazılmışdı.
    Aslan həmişə torpaqlarımızın işğaldan azad olunmasından danışardı. Ərazilərimizin işğal altında inləməsi ona çox pis təsir edirdi.
    44 günlük Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində başlanan döyüş səngimək bilmirdi. Yüksəkliklər uğrunda itkilərimiz olsa da geri çəkilmək söhbəti yox idi. Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə irələyirdilər.
    Sentyabrın 30-u. Göydən yerə sanki od ələnir. Raket və topların şaqqıltısı qulaq batırırdı. Vahimədən insan yerində donub qalırdı. Bu dəhşətləri gözlər olsun görməsin! Müqəddəs Vətən, Torpaq uğrunda şəhidlik zirvəsinə ucalanlar xalqın qeyrətinə çevrilirdilər. Bu şəhidlər arasında Aslan Hüseynov da vardı. O da Vətən uğrunda, ərazilərimizin bütövlüyü üçün gedən döyüşlərdə mina qəlpəsindən başından və ayağından yara aldı və elə həmin gün şəhid oldu. Qaradağlı kənd qəbristanlığında torpağa tapşırıldı.
    İndi onun 2 övladı və xatirələri yadigar qalıb. Həyat yoldaşı, 2 fidan balası Aslanın ata-anası ilə birgə yaşayırlar. Elə bir gün olmur ki, Aslan doğmaları tərəfindən xatırlanıb yad edilməsin. Elə bizimlə də ürək yanğısı ilə danışdı. İradə ana. Dedi:
    – Aslan çox mehriban, həm də çox məsuliyyətliydi. Kənddə hamı onu “ağsaqqal” adlandırırdı. Torpaqlarımızın azad olunmasını çox istəyirdi. “Murdarlar ən gözəl yerlərimizdə yaşayırlar”– deyirdi. Evdə olanda atasını ağır iş görməyə qoymazdı. Hər işi səliqəli şəkildə özü görərdi. Onun: “Yox”, “bacarmıram”– sözü yoxuydu, nə olsaydı: “yaxşı” – deyərdi. İndi oğlu özünə oxşayır. Evimizdə də, xidmət etdiyi hərbi hissədə də onun əl işləri var.
    Ana danışdıqca onu qəhər boğurdu. Kaşki belə olmayaydı…
    Aslan Hüseynov hərbidəki şücaətinə görə “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.