Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Okt

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə həmişə olduğu kimi böyük marağa səbəb olub. Prezident qəzet əməkdaşının Ermənistanla münaqişə, işğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu, İtaliyanın quruculuq işlərinə cəlb edilməsi, enerji məsələləri və digər məsələlərlə bağlı suallarına ətraflı cavab verib. Həmişə olduğu kimi Prezident bu dəfə də öz tutarlı cavabları ilə diqqət çəkib.

    Məlum olduğu kimi, Qarabağda Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması ilə başa çatıb.

    Razılaşmaya əsasən, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələri yerləşdirilib. Prezident müsahibəsində Rusiya sülhməramlılarının bir illik fəaliyyətini ümumən qənaətbəxş hesab edib. Bəzi ciddi məsələləri diqqətə çatdıran Prezident qeyd etmişdir ki, Rusiya sülhməramlılarının məsuliyyətsizliyi ucbatından onların nəzarətində olan ərazilərdən Qarabağa icazəsiz daxil olan insanlar var.Halbuki ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə alınmalıdır. Azərbaycan tərəfindən Rusiyanın səlahiyyətli orqanlarına bu barədə məlumat çatdırılıb.

    İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün dövlətimizin qarşısında duran ən vacib məsələdir. Ermənilərin 30 ilə yaxın bir müddətdə viran qoyduğu şəhərlər, kəndlər tədricən yenidən qurulur. Bu yenidənqurma güclü sərmayə tələb edir. Azərbaycan öz imkanları hesabına quruculuq işləri aparır. Quruculuq işlərinə təkcə bu il üçün 1,3 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Sərmayə əsasən enerji, yol infrastrukturu, hava limanlarının tikintisi kimi böyük layihələrə sərf edilir. İşğaldan azad edilmiş ərazilərdən Füzulidə hava limanı artıq hazırdır. Daha iki hava limanı inşa edilir. Yaşayış binalarının tikintisi üçün 2 şəhərin Baş planı təsdiq edilib. Aparılan quruculuq işləri azad edilmiş ərazilərin dirçəlməsinə və tez bir zamanda torpaqlarından məcburi köçkün düşmüş insanların öz evlərinə qayıtmalarına xidmət edir.

    Prezident həmçinin müsahibəsində aparılan quruculuq işlərinə yalnız dost ölkələrin şirkətlərinin dəvət edildiyini vurğulayıb. İtaliya onlardan biridir. Bir neçə italyan şirkəti Zəfər, Memorial və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Dünyada yüksək reytinqə malik bir neçə İtaliya şirkəti azad edilmiş ərazilərdə kənd təsərrüfatı və enerji sahələrində yenidənqurma işlərində yaxından iştirak edəcəklər. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin istifadəyə verilməsi ilə ötən il dekabrın 31-də İtaliyaya qaz nəql edilməyə başlanıb. Yeni qaz yataqlarının kəşfi və yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuluşu diqqət mərkəzindədir.

    Əfqanıstandakı hadisələrə münasibət bildirən Prezident İlham Əliyev Əfqanıstanla Azərbaycan arasında coğrafi bağın olmadığını bildirib. Azərbaycanın Əfqanıstanda mövcudluğu sülhməramlı qoşunalrın tərkibində olması ilə məhdudlaşıb. Öz missiyasını sonadək yerinə yetirən azərbaycanlı sülhməramlılar oranı ən sonda tərk edənlərdən olublar. Xarici siyasətinin başlıca prinsipi müstəqillik olan Azərbaycan tərəfi hesab edir ki, hazırda yeni hökumət qurulması prosesini həyata keçirən Əfqanıstanla münasibətlər yalnız müsbət yanaşma və potensial əməkdaşlıq çərçivəsində nizamlana bilər.

    Azərbaycan-Avropa İttifaqı əlaqələri mühüm enerji layihələri fonunda uğurla inkişaf etməkdədir. Avropa ittifaqı Avrasiyanın müasir nəqliyyat mərkəzinə çevrilməkdə olan Azərbaycana geniş maraq göstərməkdədir.

    İranla münasibətlərə toxunan Prezident Qarabağ münaqişəsinin həllindən sonra İranla müəyyən problemlər yarandığını qeyd edib. Lakin Azərbaycanın xarici siyasəti açıq və müstəqildir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qarabağ torpaqlarında qanunsuz fəaliyyət göstərən İran biznesmenlərinin fəaliyyəti yolverilməzdir və bu barədə İran tərəfinə müraciət edilmişdir. Azərbaycan, ilk növbədə yaxın qonşuları ilə dost münasibətləri qurmaq fikrindədir. İranla Azərbaycan arasında bir çox sahələrdə sazişlər imzalanmışdır və onlar icra olunmalıdır.

    Qərbdə bəzi qüvvələr Azərbaycanı gözdən salmaq , onun mövqeyini zəiflətmək üçün “Pandora sənədləri” və s. kimi iftira və böhtanlardan istifadə edir. Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Ermənistanla sıx bağlı olan Qərbdəki bəzi dairələrin xoşuna gəlmədi. Onlar Azərbaycana qarşı qarayaxma kompaniyasına başlayıblar. Prezident bu barədə demişdir:“Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda – Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.

     

    Müəllif: Redaktor, 15:00

İsmarıclar bağlıdır.