Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Noy

    Bir dövlətin müstəqilliyini, suverenliyini təcəssüm etdirən əsas simvollardan biri onun bayrağıdır. Azərbaycanın milli suverenliyini onun Şanlı üçrəngli bayrağı təcəssüm etdirir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il 9 noyabrda Bakıda, hökümət iclasında qəbul olunub və Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının binası üzərində dalğalandırılmışdır. Bayrağımızda yer alan və “Türkçülük, müasirlik və islamçılıq” kimi meyarları özündə əks etdirən göy, qırmızı və yaşıl rənglərin müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bu gün də Azərbaycan Respublikasının rəmzləri arasında yer alır.

    AXC-nin süqutundan sonra digər dövlət rəmzləri kimi bayrağımız da ləğv olunmuş, 1990-cı ilə qədər rəsmi status almamışdır. Üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasıın dövlət bayrağı olaraq təsis edilmişdir. Bu təşəbbüsün müəllifi o dövr Naxçıvan Ali Məclisinin sədri olan Ümummilli Lider Heydər Əliyev olmuşdur. Elə həmin dövrdə Ulu Öndər Ali Məclisin adından Azərbaycan SSR Ali Sovetinin qarşısında dövlət bayrağımızın üçrəngli bayraq olaraq dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmış və 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan SSR-nin də dövlət bayrağı olaraq təsis olunmuşdur.1991-ci ildə isə Azərbaycan Respublikası AXC-nin varisi olaraq müstəqilliyini elan edərkən onun rəmzlərini, o cümlədən Dövlət bayrağını da bərpa etmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət bayrağına hörmət və ehtiram əlaməti olaraq 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə üçrəngli bayrağın qəbul olunduğu gün olan 9 noyab tarixini Dövlət bayrağı günü olaraq təsis olunmasına qərar vermişdir. Qeyd olunmalıdır ki, həmin gün ölkədə qeyri-iş günü olaraq təsis edilmişdir.

    Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri, bayrağa hörmət və istifadə qaydası kimi məsələlər Konstitusiya qanunları ilə tənzimlənməkdədir. Belə ki, Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

    2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.

    Üçrəngli bayrağımız bizim həmrəyliyimizin, müstəqilliyimizin, dövlətçiliyimizin, azərbaycançılığın rəmzidir. Dövlət bayrağına yüksək ehtiram və hörmət bəsləyən Ulu Öndər Heydər Əliyev bayraq haqqında “Kim Azərbaycanı sevirsə, kim torpaqlarımızı işğaldan azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” deyərək, bayrağın bir millət və dövlət üçün nə qədər önəmli və vacib meyar olduğunu açıqlamışdır.

    Müzəffər Ali Baş Komandan İlham Əliyev isə, “Bayraq bizim nəfəsimiz, qürur mənbəyimizdir. Dövlət bayrağı milli suverenliyimizin simvoludur” deməklə dövlətçiliyimizin mövcudluğu və inkişafı üçün bayrağımızın nə qədər vacib olduğunu söyləmişdir. Ölkə Prezidenti 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” qərar qəbul edərək dövlət rəmzlərimiz arasında bayrağımızın xüsusi yerini qeyd etmiş və Bayraq meydanın təntənəli açılışında iştirak etmişdir.

    Hər bir Aəzrbaycan vətəndaşı bütün dövlət rəmzlərinə, o cümlədən Dövlət bayrağına hörmətlə yanaşmalı, ehtiram göstərməlidir. Unutmamalıdır ki, bu gün işğaldan azad olunmuş rayonlarda dalğalanan bu bayraq qürur mənbəyimizdir və bu bayraq bir dövlətin varlığı, dövlətçiliyin mövcudluğu və inkişafı üçün ən önəmli faktorlardan biridir.

     

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.