Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Noy

                                                      İsmayıllı Şamil Kamil oğlu

    İsmayıllı Şamil Kamil oğlu 1992-ci il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində doğulub. Uşaqlığı və yeniyetməliyi doğulduğu kənddə keçib. Orta məktəbi də orada bitirib. Sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Tovuz rayonunun Əlibəyli kəndində çəkib. 2012-ci il-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. Bir neçə ay təsərrüfat işləri ilə məşğul olduqdan sonra yenidən hərbidə xidmət etmək qərarına gəlir və müddətdən artıq hərbi xidmətə yazılıb.
    Şamilgil ailədə 2 övlad olublar. O və bacısı Nərmin. Şamil bacısından böyük idi. Ona görə də ən çox Şamil ailəyə qayğı və kömək göstərirdi. Qonşu kənddən gözünün tutduğu, ürəkdən sevdiyi Könül adlı qızla ailə həyatı qurur. Xoşbəxt idilər. Allah onlara 2 qız övladı vermişdi. Daim gələcək barəsində xoş xəyallar quraraq yaşayırdılar. Müddətdən artıq hərbi xidmət zamanı da ailəsini unutmazdı. Kiçik çavuş idi. Minaatan bölüyünün komandiri təyin olmuşdu. 44 günlük Vətən müharibəsi başlayanda Suqovuşan istiqamətində döyüşlərə qatıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə düşmənə qarşı mərdliklə mübarizə aparıb. Oktyabrın 18-də bir neçə saatlıq evlərinə gəldi, ailəsini uşaqlarını görmək üçün. Bu barədə Səlminaz ana danışdı:
    – Şamil sanki bu gəlişinin sonuncu olduğunu bilirdi. Borş bişirtdirib içdi. Bibisi ilə söhbət etdi. Dedi ki, qorxmayın, 3 günə hər şey yaxşı olacaq. Şəxsiyyət vəsiqəsini mənə verib dedi ki, bunu yaxşı saxla. Bir də əsgəri üçün şalvarlarından birini götürüb getdi. Deməyəsən, bu gediş onu ölümə doğru aparırmış! Getdi… Və bir daha ayaqları üstə geri qayıda bilmədi.
    Şamil evlərindən hərbi hissəyə qayıdanda düşmən gülləsinə tuş gəlir. Döyüş əməliyyatını yerinə yetirərkən Vətən uğrunda şəhid olur. 19 oktyabrda boya-başa çatdığı ocağa şəhid olaraq qayıtdı. Böyüdüyü kənddə, uğrunda şəhid olduğu torpağın qoynunda əbədi məskən saldı.
    Şamil müddətdən artıq hərbi xidmət zamanı özünün igidliyi ilə fərqlənənlərdən biri olub. Qulluq müddətində onun xidməti “Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi” medalı ilə mükafatlandırılıb. Sonra 44 günlük döyüşdəki şüca-ətlərinə görə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
    Amansız müharibə çox ailələrin xoşbəxtliyini yarımçıq qoydu. Çoxunun qəlbini paramparça etdi. Şəhid gəlinlərinin bəziləri isti yuvasından didərgin-düşdü, elə Şamilin həyat yoldaşı Könül kimi. O, 2 qız balasını Şamilsiz onun ata oçağında böyütməyə ürəyi gəlmədi. Şamilin ata-anasının təkidinə baxmayaraq qızlarını da götürüb ata ocağına getdi. Xəyal etdikləri arzuları da parçalandı. Carəsizlikdənmi, tənhalıqdanmı çəkindi?! Bəlkə də Şamilsiz ocaqda onun yadigarlarını yaşatmaq, böyütmək çətin gəldi başsız qalan bu gəlinə! Ata-anaya övlad itkisi ilə bərabər bu da bir dərd oldu. Oğlunun yadigarlarını böyütməyi çox istəsələr də, alınmadı. Kaş ki, belə olmayaydı! Kaş ki, heç bir ana göz yaşı axıtmayaydı, balalar ürəksiz böyüməyəydi!

    Müəllif: Redaktor, 09:42

İsmarıclar bağlıdır.