Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy

                                                                                               (Mini hekayə)

    İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
    Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
    -Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
    Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi.
    İbrahim kişi anladı ki, arvad dünən tərli-tərli həyətdə xeyli paltar yuyub, sərib. Yəqin soyuq alıb. Daha qonşu kəndə yox, bir başa mağazaya gəldı. Yarım litrlik araq alıb, üzünün kağızını təmizlədi. İki saat kəndin arasında veyillənib, laq-qırtı vurandan sonra evə döndü. Səriyə onu görən kimi gözü işığa gəldi:
    -Qadan ürəyimin başına,- dedi,yazdırdınmı?
    -Yox, arvad, bu dəfə yazmadı. Butulkadakı suyu üç dəfə üfürdü, dodağının altında nəsə mızıldanıb mənə verdi. Tapşırdı ki, çatan kimi bir çay stəkanı verərsən içər. Gördün ki, kar eləmədi, bir stəkan da axşam verərsən.
    -Tök görüm, qadan-balan mənə gəlsin! Tök içim. Öz dərdim yalan olub ey, sənin dərdini çəkirəm.
    Ölsəm, sənə kim baxacaq? Yetim uşaq kimi qoltuqlarda qalacaqsan.
    İbrahim kişi tez bir çay stəkanı gətirdi. Düzdü, tam doldurmadı, stəkanın başına bir barmaq qalmış dayan-dırdı. Verdi arvadına:
    -İç görüm, xata-bəlan bununla gedəcək, ay gözümün işığı, evimin yaraşığı! Sənsiz bir günüm də olmasın! Deyirəm, ay Səriyə, allah heç bir kişini arvadsız qoymasın. Arvad kişi olmasa da dolanar, vay arvadsız kişinin halına.
    Səriyə arvad stəkanı başına çəkdi. İçən kimi də bir xeyli nəfəs ala bilmədi. Özünə gələn kimi dedi:
    -Bu nədir, ay kişi, belə də dua olar? İçimə qədər od tutub yandı! Hələ az qala boğulmuşdum.
    -Narahat olma, ay arvad, molla da demişdi belə hallar olacaq, beş-altı dəqiqədən sonra hər şey qaydasına düşəcək.
    Aradan bir müddət keçmiş Səriyə dedi:
    -Ağrın ürəyimə, ay kişi. Nə gözəl duadır bu. Halım yaxşılaşdı. Amma ay İbrahim, bir şey var ki, dilim-ağzım qurusun , səni iki görürəm. Biri sənsən, bəs bu ikinci hardan peyda olub?
    – Hamısı duanın təsirindəndir. İkinci kişi necə gəlibsə, eləcə də çıxıb gedər.
    -Deyirəm, ay İbrahım, hamı pıçhapıç edirdi ki, Məsmənin iki kişisi var. Yoxsa kəndin adamları da bu duadan içib, yazıq Məsmənin bir kişisini iki görüblər?
    -Nə deyim, ay arvad? Bu bir qədər qəliz məsələ oldu.
    İbrahim kişi sözünün nöqtəsini qoyan kimi gördü arvadı yuxu aparıb. Tez onu döşəyə uzadıb, üstünü də örtdü.
    -Yat:- dedi,-ay Səriyə, daha dilini tapmışam, nə vaxt ağrısan, sənə bu duadan verəcəm.
    İbrahim kişi bir gün kəndin ortasında həkimlə görüşdü. Gülə-gülə hal-qəziyyəni ona danışdı. Dedi ki, arvad yatandan sonra ondan bir tər açıldı ki, hələ belə tər görməmişdim.
    Həkim də gülə-gülə İbrahim kişiyə dedi:
    -O dərmandan çox vermə ha! Sonra öyrəşər.
                                                                                                                                               Maqbet Əhmədov

     

     

     

     

     

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.