Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy

                                                                            SONUNCU TELEFON ZƏNGİ

    Haqqında yazmaq istədiyim şəhidimizin ailəsi ermənilərin qəddarlığı nəticəsində doğma dədə-baba yurdları olan Basarkeçər rayonunu qoyub çıxdılar. Özlərinə pənah yeri Tərtər rayonunun Bəyimsarov kəndini seçərək, orada məskunlaşdılar.
    Bu ailədə 5 uşaq böyüyürdü. Onların dördüncüsü olan Məmmədli Tural Aqil oğlu elə burada – Bəyimsarovda 1998-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və yeniyetməliyi bu kənddə keçmişdi. Böyüdükcə öyrənmişdi ki, nəinki ailəsi, bu kənddə yaşayan hər bir kəs öz el-obasından didərgin düşmüş insanlardır. Hər birinin qəlbində yurd niskili var. Ata-anasının çəkdiyi yurd acısı isə onun gözləri önündəydi.
    Tural hərbi xidmətini Fuzuli rayonunda çəkmişdi. Aprel döyüşləri zamanı əsgərliyə yenicə getmişdi. Həm ailədəki qaçqın-köçkün dərdi çəkən valideynlərinin, həm də illərdi insanlarımızın ermənilər tərəfindən başına gətirilən müsibətlər Turalın qəlbində bir ağrı yaratmışdı. Atasının ağır xəstəlikdən dünyasını dəyişməsi onu tamami ilə üzürdü.
    O, əsgərliyini başa vurduqdan sonra yenə də hərbi hissədə mülki işçi kimi çalışmağa başladı. 2020-ci il sentyabrın əvvəlində isə müddətdən artıq xidmətə yazıldı. Ordumuzdakı mü-kəmməl hərbi texnika və hazırlıq işləri, yüksək əhval ruhiyyə hər an müharibəyə hazırlıqdan, ordumuzun ayıq-sayıqlığı, əsgər və zabitlərimizin düşmənin hər hansı həmləsinin qarşısını alacağından xəbər verirdi.
    Sentyabrın 27-də mənfur ermənilərin hücumunun qarşısına çıxan mərd oğullarımız bütün bu hazırlıqları öz əməlləri ilə bir daha təsdiq etdi. Tural da Talış, Suqovuşan, Ağdərə istiqamətində döyüşlərə qatıl-dı. Çünki onun xidmət etdiyi həmlə bölüyü həmin istiqamətdə düşmənlə döyüşürdü.
    Tural bilirdi ki, evlərində hamı ondan nigarandır. Vaxt tapdıqca telefonla ai-ləsi ilə əlaqə saxlayır, həm özü xəbər tutur, həm də ailəsini arxayınlaşdırırdı. Axırıncı dəfə oktyabrın 8-də qardaşı ilə danışdı, hər şeyin qaydasında olduğunu, özünü də yaxşı hiss etdiyini dedi. Bu danışıq Turalın sonuncu danışığı oldu. O, düşmənin atdığı mina qəlpəsindən şəhid oldu. Nəşini neytral ərazidən götürmək xeyli çəkdi. Onu noyabrın 4-də yaşadığı Bəyimsarova gətirərək, kənd qəbristanlığında dəfn etdilər.
    23 yaşlı Vətənpərvər igidimiz şəhid olmamışdan əvvəl neçə-neçə yaralı oğullarımızın ərazidən çıxarılmasına kömək edib, qorxu bilmədən düşmənlə mübarizə aparıb.Tural orduya özü könüllü gedib yazılmışdı. Ona görə də nə qədər çətinliyi olsa da, heç kəsə heç nə bildirmirdi.
    Tural subay idi. Ürəyindəki gizli arzuları da Vətən uğrunda özü ilə bərabər şəhid oldu, ən uca zirvə məqamına çatdı. Ən böyük arzusu isə torpaqlarımızın azadlığıydı. Heyf ki, heç olmasa, azad olunmuş rayonlarımızı, dağlarımızı, bulaqlarımızı görə bilmədi! Amma yüzlərlə Tural kimi oğullarımızın qisası Ordumuzun mərd əsgərləri tərəfindən layiqincə alındı. Ruhunuz şad olsun, Vətənimizin şəhid oğulları! Evlərdə oğullar Vətən üçün böyüyür. Düşmən sipəri olan oğullarımız, daim var olasınız!
                                                                                                                                                              Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.