Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    Mən 2018-ci ilin iyun ayının 6-da Tofiq Yusifin ən yaxın dostu Vaqif İsa oğlunun məsləhəti ilə yazılarımı götürüb Tərtər qəzetinin redaksiyasına getdim. Burada kollektivin çox isti münasibəti ilə rastlaşdım və adını tez-tez eşitdiyim Tərtərimizin tanınmış ziyalısı, eloğlu Tofiq Yusiflə tanış oldum. O, İrəvanlı kəndinin tarixi ilə bağlı yazım ilə tanış oldu və dedi: “Tərtərin kəndlərinin tarixi ilə bağlı bizə dəqiq məlumatlar lazımdır, əgər belə yazıların olsa gətir çap etdirək”. Tofiq müəllimin bu sözləri sanki mənə qol-qanad verdi və yenidən yaradıcılıqla məşğul olmağım üçün stimul oldu.
    Bu dərin hikmət sahibinin böyük yaradıcılığından yazmaq mənə düşməz. Lakin Tofiq müəllim kimi qayğıkeş insan haqqında qəlbimdən gələn səmimiyyəti qələmə almaya bilmərəm. Həqiqətin işığında özünü şam kimi əridən və həm də işinin məsuliyyətini çiynində daşıyan, qızıl qələmli Tofiq müəllim üçün mənim kimi xoş sözlər söyləmək istəyən çox insanlar tapmaq olar. Onu tanıdığım bu 4 il ərzində Tərtər qəzetinin redaksiyasına nə vaxt getsəm,həmişə də ata qayğısı və səmimi münasibətlə qarşılaşmışam. Onun gənclərə dəstək olması, istedadlı insanları axtarıb üzə çıxarması böyük ürək sahibi olmasından xəbər verirdi.O, elinə, peşəsinə bağlı fədakar insan idi. Hər görüşümdə onunla söhbət edərkən sanki hikmət xəzinəsindən bir damla götürmüş olurdum. Deyərdim ki, çox çətin şəraitlərdə jurnalist peşəsini qürurla daşıyan fenomenal biliyə malik olan kövrək qəlbli nadir ziyalılarımızdan idi. Səmimi və işıqlı ürək sahibi bu insan mənim xatirələrimdə qürurla daşıyacağım silinməz bir izlər qoydu. Axırıncı dəfə noyabrın 1-də mənə zəng vurdu və dedi: “Tariximizlə bağlı savadlı yazılar yazırsan. Zəfər günü ilə bağlı məqalə yaz”.
    Böyük bir ziyalının dilindən bu sözləri eşitmək mənim üçün çox qürurverici oldu. Mən bunun üçün Tofiq müəllimə təşəkkür etdim və “Türkün zəfər qələbəsi” adlı məqaləni yazıb redaksiyaya təqdim etdim.
    Mənim Tofiq müəllimə mənəviyyat borcum var və bu borcu ömrümün sonuna kimi heç vaxt unutmayacam. Onun dəyərli məsləhətləri və tövsiyələri ilə çox yararlanmışam. Bunun üçün özümü həm də həyatda şanslı bir insan hesab edirəm.
    Tərtər qəzetinin fəaliyyətində və mədəniyyətimizdə öz dəsti xətti ilə seçilən və özündən sonra böyük iz qoyan yüksək insani keyfiyyətlərə malik Tofiq müəllim mənim tanıdığım ən parlaq ziyalılardan biri oldu.
    Ürəyindəki nisgili şeirlərinə süzülən şair, publisist heç vaxt Tofiq Yusif sevənlərin qəlbindən silinməyəcək. Tərtər eli və Dərələyəz mahalını qəlbində birləşdirərək alınmaz qalaya çevirən bu böyük ziyalımıza Allahdan rəhmət diləyirəm. Allah doğmalarına səbr versin.

    Qızbəs Hüseynova,
    Umudlu kənd tam orta məktəbinin
    tarix müəllimi

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.