Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    27 sentyabr 2020-ci il tarixdə başlanmış, əzəli Azərbaycan torpaqlarının yadelli tapdağından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin birinci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 5 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən minlərlə ailənin sevincinə səbəb olan amnistiya aktı qəbul edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı əvvəlki illərdə qəbul edilmiş amnistiya aktlarından bir çox xüsusiyyətlərə görə fərqlənməklə, əhatə etdiyi institutların, eləcə də şamil olunacağı şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixinin indiyədək qəbul olunmuş ən böyük amnistiyası kimi tarixə düşmüşdür. Belə bir möhtəşəm amnistiyanın qəbul edilməsi Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əzmi sayəsində haqq savaşımızda qazanmış olduğumuz qələbənin tarixi əhəmiyyətini bir daha nümayiş etdirməklə, cəmiyyət arasında dövlətə olan inam hissinin daha da artırılmasına, islah olunmuş məhkumların, törətdikləri əməllərindən səmimi peşmançılıq çəkən şəxslərin yenidən cəmiyyətə inteqrasiya olunmasına, minlərlə ailəyə qələbə sevinci ilə yanaşı əlavə sevinc hissinin bəxş edilməsinə xidmət etmişdir. Bu humanist addımla Azərbaycan dövləti bir daha hər bir vətəndaşının hüquq və azadlıqlarının təminatı məsələsinə xüsusi diqqət yetirdiyini, hər bir şəxsi, o cümlədən, məhkum olunmuşları öz qayğısı ilə əhatə etdiyini nümayiş etdirmişdir. 05 noyabr 2021-ci il tarixli amnistiya aktının əvvəlki amnistiyalardan əsas fərqi onun müstəsna dərəcədə humanist mahiyyətində təzahür olunmuşdur. Bu humanistliyi səciyyələndirən əsas əlamətlərdən biri amnistiyanın təxminən 16 min şəxsə şamil olunmasıdır. Dövlətin bu addımı sayəsində 16 min şəxs Vətən müharibəsində əldə olunmuş qələbənin sevincini öz ailə üzvləri ilə birlikdə yaşayacaqdır.
    Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün sahələrə xüsusi diqqət ayrılmağa başlandığı kimi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsi də diqqət mərkəzində saxlanmışdır. Elə bunun nəticəsində 1994-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamış Konstitusiya komissiyası tərəfindən əsas insan və vətəndaş hüquqlarının da təsbit olunduğu Ali Qanun olan Konstitusiyanın layihəsi hazırlanaraq, 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olmuş və həmin Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi olaraq təsbit edilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölüm hökmünün üzərinə moratorium qoyulmuş və 10 fevral 1998-ci il tarixdə isə ölüm hökmü tam ləğv edilməklə, Azərbaycan şərqdə ölüm hökmünü ləğv edən ilk dövlət kimi tarixə düşmüşdür. Eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2003-cü ildə xalqın mütləq səs çoxluğunu qazanaraq hakimiyyətə gəldikdən sonra insan hüquqlarını öz siyasətinin mərkəzində yerləşdirərək Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu humanist, uzaqgörən və layiqli siyasətin varisliyini hər sahədə olduğu kimi, insan hüquqlarının təminatı sahəsində də uğurla davam etdirmişdir.
    Zəfər Günü adlandırılan 8 noyabr 2020-ci il tarixi Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın incisi olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gündür. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün misilsiz xidmətləri olmuş Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün münasibəti ilə elə onun özü tərəfindən uzunömürlü və xoşməramlı ənənəyə çevrilmiş amnistiyanın tətbiq olunması Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirir.
    Ölkə başçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra ümumilikdə 4 amnistiya aktı qəbul edilmişdir ki, bu da ümumilikdə təxminən 40 min vətəndaşın amnistiyanın tətbiqi dairəsinə düşməsinə, yəni 40 min ailənin sevinməsinə səbəb olmuşdur. Azərbaycanda sonuncu qəbul edilmiş amnistiya aktı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında 2016-cı il tarixdə 28 May – Respublika Günü münasibətilə qəbul edilmiş və təxminən 10 min şəxsə şamil olunmuşdur.
    Eyni zamanda Zəfər Gününə həsr olunmuş amnistiya aktı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilən vətəndaşyönümlü dövlət siyasətinin göstəricisi, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi olaraq müəyyən etmiş Azərbaycan dövləti tərəfindən yürüdülən humanist cəza siyasətinin bariz nümunəsi olmaqla, cəmiyyətdə xoş ovqatın yüksəlməsinə, xalqın özünəgüvən hissinin və qələbə ruhunun artmasına, insanların dövlətə olan etimadının və inamının daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. Qəbul olunmuş hazırki amnistiya aktı islah olunmuş məhkumları cəzadan və ya onun çəkilməmiş hissəsindən azad etməklə, əvvəllər məhkum olunmuş şəxslərin məhkumluqlarını üzərlərindən götürməklə insanları cəmiyyətə faydalı olmağa stimullaşdırmış, o cümlədən belə bir humanist addım atmaqla onların üzərlərinə qanunlara hörmət edən vətəndaş kimi formalaşmağı mənəvi borc kimi qoymuşdur.
    Dövlət tərəfindən yürüdülən humanist və insan hüquqlarına hörmət siyasətinin təzahürü kimi çıxış edən amnistiya dövlətin öz vətəndaşlarına olan inam və qayğısını təzahür etdirməklə, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə də ümidini ehtiva edir. Amnistiya aktına əsasən Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə həlak olmuş şəxslərin yaxın qohumlarının, döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, həmçinin böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, amnistiya qərarına əsasən, ehtiyat-sızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məh-rumetmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
    Eyni zamanda, amnistiya qərarının icrasının təmin edilməsi məqsədilə bütün dövlət orqanları qarşılıqlı əlaqəli şəkildə fəaliyyətə başlamış, hər bir əməkdaş öz üzərinə düşən vəzifəni layiqincə və qüsursuz şəkildə icra etməyi həm də özünün mənəvi borcu kimi qəbul etmişdir. Dövlət orqanları tərəfindən amnistiyanın təsir dairəsinə düşəcək şəxslərin adaptasiyası, onların sosial-psixoloji durumlarının qaydaya salınması istiqamətində tədbirlər planları müəyyən edilmişdir. Eyni zamanda amnistiya qərarının icrası yönündə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrə və onların həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev tərəfindən 5 noyabr 2021-ci il tarixdə əmr imzalanmış və digər dövlət orqanları kimi prokurorluq orqanları da bu qərarın icrasına cəlb edilmişdir.
    Son olaraq həmçinin qeyd etmək lazımdır ki, amnistiya aktının tətbiq olunacağı şəxslər dairəsi torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda canlarından keçmiş, sağlamlıqlarını itirmiş vətən övladlarına olan dövlət qayğısını, diqqətini, eləcə də onların fədakarlıqlarına dövlət və cəmiyyət tərəfindən verilən yüksək qiyməti bir daha nümayiş etdirir, eyni zamanda əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etməklə ərazi bütövlüyümüzün bərqarar olunmasının bu şəxslərin şücaəti və ölkə başçısının yüksək idarəçilik bacarığı sayəsində mümkün olduğunu sərgiləyir. Bu isə o deməkdir ki, haqq savaşımızda əldə etdiyimiz qələbəni Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik bacarığına və rəşadətli Azərbaycan Ordusunun şücaətinə borcluyuq.

    Əli Qurbanov,
    Tərtər rayon prokuroru,
    Baş ədliyyə müşaviri.

     

     

    Müəllif: Redaktor, 10:31

İsmarıclar bağlıdır.