Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    Məlum olduğu kimi, cari ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, Regional İnkişaf İçtimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin liderlik keyfiyyətlərinə məxsus 350-ə yaxın uşaq iştirak edib.
    Həmin forumda rayonumuzu şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Aişə Bayramlı, 2 saylı məktəb liseyin XI sinif şagirdi Əfşanə Əlizadə və Umudlu kənd tam orta məktəbin IX sinif şagirdi Nilufər Zeynalzadə təmsil ediblər. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu məktəbliləri qəbul edərək, Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün onlara öz minnətdarlığını bildirib, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş sertifikatları məktəblilərə təqdim edib.
    Rayon rəhbəri ilə görüşdən sonra qızlar redaksiyamızın qonağı oldular. Onların hər üçünün ürək sözlərini dinlədik, arzularını öyrəndik.

    Aişə Bayramlı: İngilis dilində sərbəst danışa bildiyim üçün respublika üzrə və beynəlxalq miqyaslı müxtəlif müsabiqələrdə iştirak edirəm.Azərbaycan üzrə hər iki polyup müsabiqəsinin qalibi olmuşam, yaz müsabiqəsində respublika üzrə II yerə çıxmışam.
    Bu günə qədər bir çox müsabiqə və təlimlərə qatılaraq, 100-dən çox sertifikat qazanmışam.
    Mən həm də Startup lideriyəm. Startupun adı “Technologial Futuri”, yəni “Texnoloji Gələcək”dir. Startupumda 15-dən çox şagird var, onlar dünyanın müxtəlif ölkələrindəndirlər. Biz qlobal problemlərlə öz uşaq dünyamızdan baxaraq, bunların həllinə töhfəmizi verməyə çalışırıq. Hətta qlobal istiləşməni dayandırmaq üçün hazırladığım layihə Polyup tərəfindən seçilib və Elon Muskun “Xprizel” müsabiqəsinə göndərilib.
    İndiyədək bir çox tanınmış şəxslərlə müxtəlif mövzularda danışmışam. Bunlar Britaniyanın Azərbaycandakı səfiri, məşhur universitetlərin professorları, şirkət başçıları və başqalarıdır. Bu görüşlərin hər birində tərcüməçiyə ehtiyac olmadan, ingiliscə danışıram.
    Tərtər-Bərdə-Ağdam regionunda keçirilmiş ilk və tək gender bərabərliyi haqqında ingiliscə tamaşaların iştirakçısıyam.
    Ən böyük arzum xaricdə təhsil alaraq aerokosmos mühəndisi olmaqdır.
    Əfşanə Əlizadə:Arzum hüquqşünas olmaqdır.Mən UNİCEF-in AYAP layihəsinin üzvüyəm, bir çox xarici səfirlərlə görüşlərim olub, cəbhə bölgəsində yaşayan uşaqlar adından xarici jurnalistlərə müsahibə vermişəm.
    Onlayn vebinarlarda çıxış etmişəm və təlimlərə qoşulmuşam. Hətta özüm də müxtəlif mövzularda akademiyalarda təlim keçmişəm. 300 nəfərlik zoom platforması ilə təlimim hər kəs tərəfindən bəyənilib. Artıq 20-yə yaxın sertifikatım və fəxri fərmanım var.
    Məqsədim ölkəmizə layiqli vətəndaş olmaq və vətənimizi layiqincə təmsil etməkdir.
    Nilufər Zeynalzadə: Təxminən 5 ay bundan əvvəl Ağdam Rayon Ailə, Qadın və Uşaq Problemləri üzrə Regional Mərkəzin səlahiyyətli nümayəndələri tərəfindən şagirdlər arasında keçirilən seçim turunda iştirak etdim. Tərtər rayonu üzrə 26 şagirdin içərisində seçilən 3 şagirddən biri oldum. Burada şagirdlərin bacarıqları və dünyagörüşləri barədə suallar verdilər. Mənə “Şəhid və qazi ailələri üçün nə edə bilərsən? Hansı layihə ilə çıxış edə bilərsən ki, onlar yararlana bilsinlər?”–deyə, suallar verdilər. Mən də öz növbəmdə müəyyən işlər gördüyümü qeyd etdim. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra çəkdiyim rəsmlər və əl işlərimdən ibarət sərgi təşkil edərək, əldə etdiyim vəsaitin “Yaşat Fondu”na köçürülməsini təmin edəcəkdim. Lakin bildiyimiz kimi, müharibədən sonra qış aylarında sərtləşdirilmiş karantin rejimi buna imkan vermədi. Rəsmlərimi əsasən 44 günlük Vətən müharibəsinə həsr etmişdim, azad olunmuş rayon və şəhərlərimizin tarixi abidələri, müharibəni əks etdirən şəkillər çəkmişdim. Əl işlərimi isə işlənmiş qəzet və jurnal, dəftər səhifələrindən istifadə edərək hazırlayıram. Burada əsas məqsədim tullantısız texnologiya sahəsində bir iş görmək, eyni zamanda yararsız kağızlara yenidən “həyat” verməkdir. Yeri gəlmişkən onu da qeyd edim ki, rəsmlərimin birini “Zəfər Günü”nə həsr olunmuş sərgidə nümaiş etdirdik və rayon üzrə bütün ümumtəhsil məktəbləri içərisində Umudlu məktəbi I yeri tutdu və diploma layiq görüldü.
    Bundan başqa Heydər Əliyev Fondunun təşkilatçılığı ilə litvalı jurnalist Riçard Lopaytisin Qarabağa həsr etdiyi 56 dəqiqəlik sənədli filmdə iştirak edərək ölkəmizlə, Vətən müharibəsi ilə bağlı jurnalistlərin suallarına cavab vermişəm.
    Uşaqların forumu haqqında təəssüratlarım çox böyükdür. Forum rəsmi və bədii hissədən ibarət oldu. Rəsmi hissədə səfirlik nümayəndələri, deputatlar, Təhsil Naziri Emin Əmrullayev, UNİCEF-in Azərbaycandakı nümayəndəsi və bir çox rəsmi şəxslər iştirak etdilər. 12 saatlıq davam edən tədbirdə qruplar üzrə işlədiyimiz layihələri bizə təyin olunmuş qrup səfirlərinə təqdim edirdik. Onlar isə uşaqların istək və maraqlarını çatdıraraq çıxışlar etdilər. Forum mənim üçün çox səmərəli və məhsuldar keçdi. Və mən bir daha əmin oldum ki, dövlətimiz, dövlət başçımız möhtərəm cənab İlham Əliyev biz şagirdlərin gözəl təhsil alması, dünyagörü-şümüzün daha da genişlənməsi üçün var gücü ilə ça-\lışır və bu sahəyə xüsusi qayğı ilə yanaşır.
    Bu tədbirdən sonra mənim özümə inamım daha da artdı. Ümidvaram ki, IX sinif imtahanlarını yüksək səviyyədə verərək, əla qiymətlər alacam. Gələcəkdə hədəfim ADA Universiteti-nə daxil olmaq və ölkəmiz üçün Diplomat kimi yetişməkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.