Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

                                                                      POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
    Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
    Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.
    Nizami Gəncəvinin bəşəri irsi, mənalı həyat yolunun fəal təbliği bu gün də xüsusi əhəmiyyət kəsb edir. Şair gəncləşir, bu günümüzə daha da yaxınlaşır. Dahi şairin adı tarixdə söz sərrafı, hikmət çeşməsi, poeziya dünyasının Peyğəmbəri kimi rəmzləşmişdir. Nizami Gəncəvi öz dövrünü xeyli qabaqlamışdır. O, zülmkarlara qarşı etiraz səsini ucaltmiş, hökmdarlara, padşahlara qarşı o dövr üçün son dərəcə cürətli sayılan fikirlər irəli sürmüşdür. Nizami əsərlərində özünə qədər tədqiq edilməmiş yeni sahələr kəşf etmişdir.
    Nizami ədəbiyyatın əbədiyyat səhifəsində ən ucada oturub. Özünün dediyi kimi, “Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadır”. Onun “Xəmsə”sindəki əsərləri özündə Şərq poeziyasının, ən əsas türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açmış, incəsənətin inkişafına böyük təsir göstərmiş və bu gün də göstərməkdədir. Nizaminin “Xəmsə”sinə çoxlu nəzirələr yazılmışdır. Bu nəzirələr görkəmli türk şairi Əbdürrəhman Cami, Əlişir Nəvai, Xosrov Dəhləri və başqa klassiklər tərəfindən qələmə alınmışdır. İnsan Nizami dərinliyinə endikcə istər-istəməz onun fikir, ağıl, poetik hünərinin önündə mat qalır, bilmirsən hansı tərəfə dönəsən ki, həyacanını boğa biləsən. Elə bil ki, onun ürək çırpıntıları, daxili həyacanı, poetik ilhamı, ilahi duyğuları səni silkələyir, bir növ özününküləşdirir. Bu dövrdə belə onu “söz tanrısı” adlandırırıq.
    Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Nizami Gəncəvinin yubileyi ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin təşəbbüsü ilə 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Bu il, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olmuşdur. Bu o deməkdir ki, 880 ildir Nizami Gəncəvi bizimlə yaşayır, bizim müasirimizdir. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi” ili elan etmişdir.

    Aygün Həsənova,
    Hüsənli kənd tam orta məktəbinin
    dil-ədəbiyyat müəllimi

     

    Müəllif: Redaktor, 08:31

İsmarıclar bağlıdır.