Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

                                                                     TƏHSİL OCAĞI YENİDƏN TİKİLİB

    Şəhid Dağıstan Əzizov adına Şıxarx 1 saylı məktəb 1993-cü ildən tam orta məktəb kimi fəaliyyətə başlayıb. Son bir ilə kimi müharibə şəraitində işləyən və təhsil alan müəllim və şagird kollektivi, bu vəziyyətin yaratdığı çətinliklərə baxmayaraq, uğurları ilə rayonumuzdakı digər məktəblərdən geri qalmayıb.
    Məktəbin direktoru Ramil Ağayev söhbət zamanı bildirdi ki, 2016-ci ilin Aprel hadisələri zamanı ermənilərin ərazilərimizi artilleriya atəşinə tutması nəticəsində məktəb binasına top mərmisi düşərək, yararsız hala salmışdır. Buna görə də həmin ərazidə yenidən 6 sinif otağından ibarət modul tipli məktəb tikilmişdir.
    Lakin müharibənin bütün qanunlarına zidd olaraq təhsil ocaqlarını, dinc sakinləri, yaşayış evlərini hədəfə alan ermənilər bu dəfə də şagirdlərin təhsilini yarımçıq qoymaq istədilər. Vətən müharibəsi başladığı gündən 29 sentyabradək düşmənin güclü artilleriya atəşi nəticəsində məktəb yenidən yararsız hala düşdü.
    Böyüyən nəslin təlim-tərbiyəsini daim diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində cari ilin may ayından məktəbin həyətində yenidən 12 sinif otağından ibarət 80 şagird yerlik modul tipli məktəbin inşasına başlanmışdır. 104 şagirdin təhsil aldığı bu yeni məktəb binası 2021-ci il sentyabrın 29-da istifadəyə verilib. Burada Kəlbəcər, Laçın, Şuşa, Ağdərə rayonlarından olan keçmiş məcburi köçkünlər və hərbçi uşaqları təhsil alırlar. Məktəb müasir avadanlıqlarla, istilik sistemi və internet xətti ilə təmin olunub.
    Təhsil sahəsində qazandığı uğurları ilə fərqlənən müəllim Rəşad Allahverdiyev deyir:
    –Bütün Azərbaycan xalqı kimi bizim kiçik kollektivimiz üçün də ötən il unudulmaz hadisələrlə yadda qaldı. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, burada keçirilən möhtəşəm tədbirlər, həmçinin şəhər və kəndlərimizin yenidən tikilməsi, qurulması hər birimizin sevincini artırır. Azərbaycanın həyatında başlanan yeni mərhələ biz müəllimlərin də qarşısına yeni vəzifələr qoyur. 44 günlük Vətən müharibəsi tarixinin öyrənilməsi, şəhidlərimizin, müharibə qəhrəmanlarının tanıdılması sahəsində çox iş görməliyik və bu işlərə artıq başlamışıq.
    Xəyalə Mustafazadə isə şagirdlərin təhsil sahəsindəki müvəffəqiyyətlərindən danışdı. Bildirdi ki, 2020-2021-ci tədris ilində məktəbin 9-cu sinif şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə rayonda ikinci yerə çıxıblar.
    Məktəbdə çalışan müəllimlərin çoxu keçmiş məcburi köçkünlərdir. Onlardan Ədalət İslamova və Sevil Talıbova dedilər ki, şükürlər olsun ki, bir daha nə köçkün olmayacaq, nə də artilleriya atəşi nəticəsində dağılmış məktəbdə dərs deməyəcəklər. Şagirdlər isə sülh və əmin-amanlıq şəraitində yeni məktəb binasında təhsillərini davam etdirəcəklər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:36

İsmarıclar bağlıdır.