Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    44 günlük Vətən müharibəsi tariximizə zəfərlə yazılsa da, yüzlərlə oğullarımızın şəhid olmasına, bədən üzvlərinin itirilməsi ilə əlil qalmasına səbəb oldu. Yüzlərlə oğullarımızın arzuları yarımçıq qaldı, ömürlərinin parlaq günəşi gözlərində qaraldı. Vətənin, xalqın bütövlüyü uğrunda yüzlərlə ailənin tamlığı pozuldu, yarım qaldı. Belə oğullardan biri də Umudludan olan Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədinin ailəsi Umudlu kəndinin hörmətlə adı çəkilən ailələrindən biri olub. Onlar da erməni məkrindən ziyan çəkənlərdən, yurd-yuvalarından didərgin düşənlərdəndirlər. Mirsədi 2000-ci il iyunun 12-də bu kənddə doğulub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bərdə rayonunda peşə liseyində çilingər və sürücülük peşələrinə yiyələnib. Hərbi xidmətini Zaqatala rayonundakı “N” saylı hərbi hissədə çəkib. Əsgəri borcunu yerinə yetirdikdən sonra hərbidə çalışmaq qərarına gəlir və Bakı şəhərində gizirlik kursu keçir. 2020-ci ildə gizir kimi müddətdən artıq xidmətə başlayır.
    Mirsədi Bağırlı ailənin 3 övladından biri, həm də kiçiyi olub. Hətta xasiyyətində də fərqli idi. Həddindən artıq vətənpərvərliyi, dürüstlüyü ətrafındakıların ona olan rəğbətini, inamını artırıb. Hələ kiçik yaşlarından “mən Qarabağda şəhid olacağam”– deyərdi. Həmişə yüksəklərdə dalğalanan bayrağımızla qürur duyardı, haqqında fəxrlə söz açardı. Torpaqlarımızın bütövlüyünü səbirsizliklə gözləyərdi.Vətən müharibəsi başlayanda kəşfiyyat bölüyündə snayperçi idi. 2020-ci il sentyabrın 26-da atası ilə telefon əlaqəsi saxlayarkən atasından halallıq istəyib, qardaşına isə “hədəfimə çatmamış geri dönən deyiləm”, – söyləyib.
    Artıq 27 sentyabrda Ordumuzun bütün hərbçiləri kimi Mirsədi də Vətənin müdafiəsi uğrunda döyüşə qatıldı. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Hadrut istiqamətindən keçib. Döyüş tapşırığını alanda snayperinə güvənərək hədəfinə çatma-mış geri dönməzdi. Torpaqlarımızın azad olunduğunu gördükcə sevinirdi. Böyük inamla düşmənə qarşı vuru-şurdu. Döyüş günlərində ata-anası ilə əlaqə saxlayardı. Bilirdi ki, nigaran qalırlar. Artıq 10 gündən çox idi ərazilərimizdə şiddətli döyüşlər gedirdi. Bir tərəfdən torpaqlarımızın azad olması xəbəri hər kəsi sevindirir, digər tərəfdən igidlərimizin itkisi, yaralılarımızın olması hamını məyus edirdi. Bunu nəzərə alaraq Mirsədi vaxt tapıb 9 oktyabrda atası ilə telefonla danışdı. Hətta kiçik bir zarafat da etdi: “Qoca seyid, deyəsən qorxursan?”
    Oğlunun zarafatından xoşhal olan ata “özündən muğayət ol” sözünü deyə bilmədi. Axı, bilirdi ki, oğlu odun-alovun içindədir. Hər an hər şey gözlənilir. Elə bil deyəcəyi söz dilində dondu, boğazında kilidə düşdü. Qəhərini biruzə vermədən sağollaşdı. Deməyəsən, atanın narahatlığı əbəs deyilmiş, Mirsədi xüsusi tapşırıq alıbmış, bölüklə birlikdə düşmənin təyin olunmuş mövqeyini dağıdıb, qarşıdakı yüksəkliyi ələ keçirməliymişlər. Bölük 9 oktyabrda döyüşdüyü hədəfə çatmağa nail oldu. Lakin bu qələbə itkisiz ötüşmədi. Mirsədi də həmin gün qəhrəmancasına şəhid oldu. Sağ böyründən aldığı snayper yarası bu igid oğlumuzun döyüşünü və arzularını yarımçıq bitirdi.
    Oktyabrın 10-da onun nəşi Bərdə rayonunun Mehdixanlı kənd qəbristanlığında çox sevdiyi bayraq sinəsində, uğrunda döyüşdüyü, canından keçdiyi torpağa tapşırıldı. Bu gün atası Mircəfər, anası Sədaqət, qardaşı Mirsəyyaf, bacısı İlahə təsəlli üçün nə isə axtaranda, ondan yadigar qalmış xatirələrlə ovunurlar. Bu igid döyüşçümüz göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə
    fərqlənməyə görə” və “Xocavəndin alınmasına görə” medalları ilə təltif olunub.
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:08

İsmarıclar bağlıdır.