Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

                                                                                       DÖYÜŞÇÜ XƏYYAM

    Xəyyam Hüseyinli 1994-cü il iyun ayının 26-da Tərtərdə anadan olub. 1 saylı tam orta məktəbdə oxuyub. Əskəri xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb. Lakin doğma el-obadan ayrı qala bilməyib.Yenidən boya-başa çatdığı Tərtərə qayıdıb. Qərarlaşdırıb ki, müddətdən artıq xidmətə yazılsın. General Polad Həşimovun şəhid olması xəbəri Xəyyamın bu istəyini, mənfur erməniyə qarşı nifrət hissini birə-on artırıb. Odur ki, rayon hərbi komissarlığına müraciət edərək könüllü hərbi hissəyə müddətdən artıq xidmətə yazılır. 18 iyul 2020-ci il tarixdən qeydiyyata götürülür, lakin hərbi hissəyə təyin olunması biraz ləngidilmişdi. Bəlkə də ananın yeganə övladı olduğu üçün təyinatı gecikdirilirdi.
    27 sentyabr 2020-ci il. Qəddar ermənilər öz məkrli siyasətlərini yeritməyə başladılar.Ərazilərimizi iriçaplı silahlarla atəşə tutdular. Atılan top və raketlərin səsindən qulaq tutulurdu. Elə ilk anlardan dinc əhaliyə ziyanlıq vurulur, dağıntı və itkilər olurdu. Xəyyam isə hələ də hərbi hissədə deyildi. İki gün şəhərdən kənara çıxmayan sakinlərlə bərabər qalır. Könüllü olaraq yaralı və şəhid olmuş sakinlərin daşınmasına öz köməkliyini göstərir. 29 sentyabrda onu könüllü olaraq “N” saylı hərbi hissənin həmlə bölüyündə qumbaraatan komandiri təyin edirlər. Bir neçə gün təlim keçdikdən sonra oktyabrın 3-dən mənfur düşmənlə döyüşə qatılır. Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən qanlı döyüşlərin fəal iştirakçısına çevrilir. Ürəyindəki nifrətini düşmənə göstərməyin artıq vaxtı idi. Odur ki, döyüş yoldaşlarını tək qoymayaraq igidliklə vuruşurdu.
    Oktyabrın 7-də Ağdərə istiqamətində aparılan döyüş zamanı snayper gülləsindən yaralanan Xəyyamı hərbi hospitala çatdırırlar. Bir neçə gün müalicə götürdükdən sonra yarası sağalmamış 12 oktyabrdan hərbi hissəyə qayıdıb, döyüşünü davam etdirir. Özü bu barədə deyir:
    – Ağdərə istiqamətində aparılan döyüş çox ağır idi. Orda yoldaşlarımı tək qoymağı günah sayırdım. Xəstəxanada rahat yata bilməzdim. Döyüş zamanı da – 13 və 19 oktyabrda əlimdən və ayağımdan qəlpə yarası aldım, yenə yoldaşlarımdan ayrılmadan vuruşdum, 13 oktyabrda strateji əhəmiyyətli yüksəkliyi almalı idik.
    Torpaqlarımızın bütövlüyü uğrunda qanından, canından keçən oğullarımız düşmənin ayağının torpaqlarımızdan kəsilməsi üçün hər şeydən keçməyə çalışırdılar. Axi, illər idi ki, xalqımız yurd-torpaq həsrəti ilə yaşayıdı. Xəyyam da müxtəlif yaralar alsa da, düşməndən intiqam almağı, onu torpaqlarımızdan çıxarmağı özünün şərəf işi bilirdi.
    Onun göstərdiyi şücaət hərbi hissə komandirinin diqqətindən yayınmırdı. Noyabrın 3-də komandanlıq tərəfindən kəşfiyyat bölüyünə kəşfiyyatçı sanitar təyin edilir və döyüş mövqeyi dəyişir. Burada şəhid və yaralıların neytral ərazilərdən çıxarılmasına öz köməkliyini göstərir.
    Xəyyam döyüş günlərini həyacansız xatırlamır. Deyir ki, 6 oktyabr gününü heç unuda bilmirəm. Həmin gün aparılan əməliyyatlarda döyüş dostum, Yevlax rayonunun Yuxarı Qarxun kəndindən olan Əkbər Tağıyev şəhid oldu. Doğrudur, şəhidlərimizin hər biri bizim üçün doğmadır. Amma Əkbər mənim yaxın dostum olduğundan, həm də bu hadisəni gözümlə gördüyüm üçün heç unuda bilmirəm. Çox ağır günlər idi, xatırlamaq çətindir.
    Xəyyam danışdıqca qəhər onu boğurdu. 44 günlük müharibə onu da yaralı etdi. Hələ də başında müharibənin nişanəsi olan qəlpə daşıyır. “Onun çıxarılması çox çətindir,” – deyir.
    Allah bütün qazilərimizə kömək olsun ki, sağlamlıqlarına qovuşa bilsinlər.

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 12:21

İsmarıclar bağlıdır.