Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Yan

                                                     “HƏR QAPIMIZI DÖYƏN BALAMIN QONAĞIDIR”

    Növbəti dəfə yollanıram o evə. Ömrünün 25-ci payızında şəhadətə qovuşan Mehdi Məmmədovun evinə. O evə hər gedişimdə yol boyu fikrimdə bir az sonra dərdli gözlərində gəlişimi sevinclə qarşılayan Laləzar ananı canlandırıram. İndi bir ziyarətgaha çevrilən evinin qapısını hər gələnə ürəklə, qəribə bir sevinclə açır. Onunla hər görüşümdə də hiss etdiyim məhz bu idi. Dərdli gözlərdəki o sevincin adı – təsəllidir. Bəli, o bundan sanki təsəlli alır. Bu evi ziyarət edənləri şəhid balasının, tək ciyərparəsi Mehdinin qonaqları sanır. Düşüncələrimdə gəldiyim qənaəti söhbətimiz əsnasında dilə gətirdi:
    – Mehdi qonaqpərvər bir uşaq idi, müəllimə. Onun mülayim xasiyyəti bütün qohum-qonşuları özünə cəlb edirdi. Bu ev bir gün qonaqsız olmayıb onun sağlığında. İndi də elə bilirəm ki, hər qapımızı döyən balamın qonağıdı və o günlərdi.
    Laləzar ana öz övladı ilə hər zaman qürur duyub. Mehdi Sarıcalı kəndinin ən yaxşı gənclərindən biri olub. Gənc olmasına baxmayaraq, bir ağsaqqal düşüncəsi, təmkini olub. Hər kəs ona hörmət edir və sevirdi.
    Ailədə bir bacı və bir qardaş olan Mehdi uşaqlıqdan çox çətinliklə böyümüşdü. Ailənin həm oğlu, həm kişisi idi. Ana və bacısının, evinin bütün ehtiyacları onun çiyinlərində idi. Ata qayğısı görməmişdi, atasız böyümüşdü Mehdi. O, anası və bacısına maddi ehtiyac hiss etdirməmək üçün gecə-gündüz işləyirdi. Halal zəhmətlə ailəsini keçindirirdi. Bir arzusu vardı. Anası yaxşı şəraitdə yaşasın deyə təzə bir ev tikmək istəyirdi. Lakin müharibə onu bu arzusuna çatmağa qoymadı.
    Mehdi Vətən müharibəsi başlanan gün – sentyabrın 27-i cəbhəyə yollandı. Oğulları müharibəyə yollanan digər analar kimi Laləzar ananın da ağır intizar dolu günləri başlayır. Hər anı qorxu, hər anı səksəkə ilə. Bir müddət sonra Mehdinin telefon zəngləri dayanır. Oktyabrın 4-dən Mehdi ilə əlaqə tamamilə kəsilir. Qohum-əqrəba bütün mümkün yerləri axtarır. Xəstəxanalara, hospitallara bir-bir baxılır. Günlərlə axtarış sürsə də bir soraq alınmır.
    Nəhayət, gənc Mehdinin şəhid xə-bəri gəlir. 1995-ci ilin yazında – aprelin 6-ı dünyaya göz açan Mehdi 2020-ci ilin payızında – oktyabrın 4-ü Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olur. Oktyabrın 13-ü göz açdığı Sarıcalı kəndində torpağa tapşırılır. Yarım ömrün yarımçıq qalan arzuları, xəyalları ilə bir yerdə. Anasına yaxşı bir ev tikəcəyinə söz də vermişdi axı. Xəyallarında qurmuşdu öz yuvasnı, yarını belə seçmişdi öz ürəyində yəqin.
    Qədirbilən xalqımız, xeyirxah insanlar Mehdinin arzusunu yerinə yetirdilər. Onun adına layiq gözəl bir ev tikdilər. Laləzar ana öz xalqından, dövlət başçısı cənab Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından çox böyük razılıqla danışır. Bu dəstəyi hər gün hiss etdiyini deyir. Dövlətin, dövlət başçısının diqqət və qayğısının onlara mənəvi dayaq, təsəlli olduğunu söylədi. Mehdisiz bir həyatın onun üçün həyat olmadığını deyir. O, anadır axı. Ancaq ana kimi təsəlli ciyərparəsi tək oğul balasının Vətən uğrunda şəhid olmasıdır. O dərdli gözlərində bir də bu qürur var.
    Bir də bir ana arzusu var Laləzar ananın: Torpaqlarımızda bundan sonra əbədi sülh bərqərar olsun. Vətənimiz heç vaxt bölünməsin. Və daha heç bir ana oğul dağı görüb şəhid anası olmasın.
    Mən də bu vüqarlı şəhid anasının dualarına amin söyləyərək, bütün şəhidlərin ruhu qarşısında əyilərək deyirəm:
    –Haqqınızı bizə halal edin, şəhid qardaşlarım!

    Vəsilə Mehdiyeva,
    Sarıcalı kənd tam
    orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 12:34

İsmarıclar bağlıdır.